Dərslərdə diqqətsizliyin səbəbləri
İllər dəyişsə, də problem eynidir. Dərslərin başlanmasına 11 gün qalıb, amma hər il olduğu kimi bu tədris ilində də tələbələrin diqqətsizliyi müəllimləri ikiqat düşündürür. Xüsusilə də, “mühazirələrdə tələbələrin diqqətini bir yerə yığmaq üçün nə etməli?” sualı müəllimləri araşdırmalrı intensivləşdirməyə sövq edir.
Psixoloq Fuad Əsədov deyir ki, dərslər diqqətçəkici olsa, tələbələr daha məsuliyyətli olarlar. "Düşünürəm ki, dərslər kifayət qədər diqqətçəkici olmur, ya da müəllim bunu bacarmır. Nəzərə alaq ki, bütün elm sahələri maraqlıdır". Psixoloq bu cümləni daha aydın izah etmək üçün Stiven Hokinqi və Karl Saqanı misal gətirir. "Dünyada ən sıxıcı elmlərdən biri fizika sayılıb, amma Stiven Hokinq fizika ilə bağlı elmi populyar kitab yazandan sonra bir çox insanda fizikaya qarşı maraq oyandı. Eləcə də Karl Saqanın astronomiya ilə bağlı yazdığı kitablarda görürük. Elmdə "Saqan effekti var", bu cür populyar kitablar oxuduqdan sonra insanlar bu elmlə maraqlanmağa başlayıblar. Tələbələrdə hər-hansı bir dərsə qarşı diqqətsizlik varsa, deməli, onların müəllimi Stiven Hokinq ya da Karl Saqan ola bilməyib".
Psixoloq tələbələrin diqqətini dərsə yönəltmək üçün sinif otaqlarının dizaynını, havasını da vacib amil adlandırır. "Dərs otagının quruluşu, otağın isti olması, həddən artıq soyuq olması tələbələrin diqqətini yayındıra bilər. Yaxşı olar ki, tədris otaqları dizayn edilərkən, bunlar nəzərə alınsın".
Gənc müəllim Səbinə İzzətli məsələyə iki mövqedən yanaşır, düşünür ki, tələbələrin yuxu, istirahət rejimi düzgün qurularsa, dərslərdə diqqəti yayılmaz. Bununla yanaşı müəllimlər də dərsləri daha interaktiv, maraqlı keçməlidir, deyir Səbinə İzzətli. "Dərslər daha maraqlı keçirilməlidir ki, mühazirə sırasında tələbəni yuxu tutmasın, çünki indiki nəslin dinləmək üçün səbri yoxdur. Daha interaktiv, debat xarakterli mühazirələr keçirilməlidir".
Müəllim kimi auditoriyanı hələ kəşf etməyə çalışdığını deyən Əziz Əlibəyli isə ənənəvi mühazirə, seminar metodikasının tələbələrin diqqətini bir yerə yönəltmək üçün işə yaramadığını bildirir. "Tələbə dərsin tərkib hissəsi olmalıdır, tələbə aldığı dərsin onun həyatında rol oynayacağını bilməlidir. Ənənəvi metodika işə yaramır, dərslər müəyyən hissədə tələbələr üçün zəruri, dərk edilmiş forma almalıdır. Tədrisdə təhsil aldığı sahə üzrə özünü mütəxəssis, ekspert görən şəxs üçün o auranı yaratmaq lazımdır". Əziz Əlibəylinin fikrincə, bunları tapşırıqlarla, elmi modellərlə həyata keçirmək olar, çünki elm hazırda inkişaf edən mexanizmə malikdir.
ÇİNARƏ MURADOVA
