00:00:00
Yazar
Admin User
17.11.2025 18:10 102 3 dəq oxuma
Sosial

Dəyişiklik adı ilə problemlər artır

Dəyişiklik adı ilə problemlər artır

Son zamanlar geniş müzakirə olunan məsələlərdən biridə müəllimlərin fəaliyyətinin iş saatı çərçivəsinə salınmasıdır. Bu yanaşma müəllimlərin məktəbdə daha uzun müddət qalmasını və iş vaxtının konkretləşdirilməsini nəzərdə tutur. Məqsəd repetitorluğun qarşısını almaq və bütün tədris fəaliyyətini məktəb mühitinə yönəltməkdir.

 

Mövzu ilə bağlı "İnformator.az"a müsahibəsində Səmitxan Əzizov adına tam orta məktəbin müəllimi Səadət Şərifova bu sistemlə bağlı öz fikirlərini qeyd edib: 

 

"Son illər təhsildə dəyişikliklər edilsə də, nəticələr heç də ürəkaçan deyil, əksinə, geriləmə müşahidə olunur. Təhsil sistemindəki islahatlar yaxşı niyyətlə həyata keçirilir, amma icra zamanı ciddi uyğunsuzluqlar ortaya çıxır. Dərsliklərdəki uyğunsuzluqlar və çətin mövzular uşaqlara dərsi mənimsətməyi çox çətinləşdirir. Məsələn, 5-ci sinif şagirdinə mürəkkəb cümlə öyrətmək nə qədər məqsədəuyğundur? Kurikulumun bəzən faydalı tərəfləri olsa da, bəzi metodlar müəllimə artıq yük gətirir və effektiv deyil. Müəllimi imtahanlarla yox, dərsdə uşağa bilik ötürmə qabiliyyəti ilə qiymətləndirmək lazımdır. 8 saatlıq məktəb rejimi müəllimi də, şagirdi də çətin vəziyyətə salır. Axşam saatlarına qədər dərs keçmək həm müəllimin sağlamlığına, həm də ailəsinə mənfi təsir edir. Təhsil sistemində elə qərarlar verilir ki, müəllimin gündəlik həyatı, psixoloji və fiziki durumu nəzərə alınmır. Müəllim təkcə dərs demir, tərbiyə verir, istiqamət göstərir və bu iş çox böyük məsuliyyət tələb edir. Şagirdlərin psixoloji durumu ilə işləmək, onların fərqliliklərini nəzərə almaq müəllim üçün əlavə enerji və səbr tələb edir. Valideynlər övladlarının ali təhsil almasını istəyir, bu da təbii olaraq əlavə hazırlıq ehtiyacını da yaradır. Mən bu sistemi nə bəyənirəm, nə də dəstəkləyirəm, çünki dəyişiklik adı altında real problemlər daha da ağırlaşdırılır".

 

 

Eyni zamanda 9 nömrəli tam orta məktəbin müəllimi Günay Məmmədova da öz fikirlərini bildirib: 

 

"8 saatlıq iş rejimi müəllim üçün çox çətindir. İlk növbədə bunun üçün şərait yaradılmalı, maaşlarda ciddi artım olmalıdır. Zehni iş çox yorucudur və məcbur işləyən müəllim belə tez bir zamanda tükənə bilər. Məktəb sakit və rahat mühit deyil, müxtəlif ailələrdən gələn uşaqların səs-küyü və psixoloji yükü müəllimi tez yorur. Bu gərginlik səhərdən axşama qədər davam etdikdə sağlamlıq problemlərinə və enerjinin tükənməsinə səbəb olur, nəticədə təhsilin keyfiyyəti də aşağı düşür. Abituriyent hazırlıqları ilə bağlı isə düşünürəm ki, kurslar bağlanmalıdır ona görə ki, şagirdlər fikirlərini yalnız məktəb təhsilinə yönəldə bilsinlər. Nə kursda, nə məktəbdə işləyən, lakin saysız-hesabsız şagirdlərə hazırlıq keçən şəxslərə qarşı ciddi tədbirlər görülməlidir. Müəllim kimdir, bu sualın cavabı aydın olmalıdır, sertifikasiyadan yüksək nəticə göstərən də müəllimdir, sadəcə evdar qadın olan da. Amma bu sistem məktəb müəllimlərinə əlavə yük yaradır".

 

 

Mövzuya təhsil eksperti Kamran Əsədov aydınlıq gətirib. O "İnformator.az"a açıqlamasında bildirib ki, yüksək nəticə göstərən ölkələrdə şagirdin bilik boşluğu məktəbin içində tamamlanır, dərsdən sonrakı kommersiya fəaliyyətində deyil:

 

 

"İlk növbədə müəllim fəaliyyətinin iş saatı çərçivəsinə salınması Azərbaycan təhsilinin illərlə çözülməmiş struktur problemini aradan qaldıran ən sistemli və elmi əsaslandırılmış addımlardan biridir. "Təhsil Haqqında Qanunu"na görə müəllimin vəzifələrini yalnız dərs keçmək kimi deyil, həm də metodik hazırlıq, qiymətləndirmə, fərdi iş, psixopedaqoji müşahidə və məktəbdaxili fəaliyyət kimi müəyyən etsə də, bu vəzifələr uzun illər əmək münasibətlərində öz əksini tapmayıb. Müəllimin fəaliyyəti formal olaraq “dərs saatı” ilə ölçüldüyü üçün təhsil prosesi qırıq və natamam mexanizmə çevrilib. Yeni model isə bu qanuni tələbləri real mexanizmə çevirərək pedaqoji fəaliyyətin tam dövrünü iş saatı çərçivəsinə salır. Müəllimin fəaliyyətinin iş saatı çərçivəsinə salınması dərs keyfiyyətinə birbaşa təsir edir. OECD-nin 2022-ci il TALIS hesabatına görə, müəllimin dərsdənkənar hazırlığa ayırdığı hər əlavə 1 saat şagirdin illik nəticələrini 8–12% artırır. Finlandiya, Estoniya, Koreya kimi ölkələrdə müəllimin dərs yükü həftədə 16–22 saat olduğu halda ümumi iş yükü 38–42 saat arasında dəyişir. Yəni müəllim zamanının yarısını təlimin keyfiyyətini artıran proseslərə sərf edir. Azərbaycan bu modelə keçməklə pedaqoji fəaliyyətin əsasında duran “hazırlıq – tədris – qiymətləndirmə – fərdi dəstək” dövrəsini vahid mexanizmə çevirir və bu həm şagird, həm müəllim, həm də məktəb üçün keyfiyyət artımı deməkdir".

 

Səmayə Səftərova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər