00:00:00
Yazar
Admin User
20.04.2023 13:05 426 8 dəq oxuma
Sosial

Elmin Nuri: "Elm və təhsilin kütləviləşməsi üçün media daha çox iş görməlidir"

Elmin Nuri: "Elm və təhsilin kütləviləşməsi üçün media daha çox iş görməlidir"

Tədris materiallarının hazırlanması ilə məşğul olan jurnalist müəyyən bilik və bacarıqlara malik olmalıdır. Bu da jurnalistə tələbələr üçün yüksək keyfiyyətli və informativ material yaratmağa kömək edəcək. Maarifləndirici materialların hazırlanmasında jurnalistin əməyinin xüsusiyyətlərindən biri onun işlədiyi mövzunu dərindən dərk etmə ehtiyacıdır. Jurnalist mövcud məlumatı təhlil etməli və onun doğruluğuna əmin olmalıdır. O, həm də mürəkkəb anlayış və hadisələri şagirdlər və öyrənənlər üçün başa düşülən şəkildə şərh etməyi bacarmalıdır. Maarifləndirici materialların hazırlanmasında jurnalist əməyinin digər mühüm xüsusiyyəti hədəf auditoriya üçün başa düşülən sadə və əlçatan dildə yazmaq bacarığıdır.

 

Məsələ ilə bağlı elm və təhsil məsələləri üzrə tədqiqatçı, Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı Elmin Nuriyə müraciət etdik.

 

Təhsil, maarifləndirmə mövzusunda yazıları mediada işıqlandıran zaman hansı problemlərlə qarşılaşırsınız?

Bu istiqamətdə qarşılaşdığım ən böyük problem auditoriya olub. Çünki təhsil və elm elə bir fundamental sahə, ali kateqoriyadır ki, o istiqamətdə yazıları işləyərkən nisbətən akademizmə və peşəkar detallara daha çox baxmaq lazımdır. Mən zaman-zaman bu mövzuları işləyəndə auditoriya tərəfindən o qədər də maraqla qarşılanmadığının şahidi olmuşdum. Təbii ki, jurnalistikanın əsas prinsiplərindən biri odur ki, auditoriya nəzərə alınmalı, yazılar mümkün qədər sadə, anlaşıqlı üslubda  olmalı, xəbərin, materialın içərisindəki aktuallılıq meyarı gözlənilməlidir. Sözsüz ki, bu prinsipləri bilirik, ancaq xəbər siyasətində buna cəhd etsək də analitik araşdırma məsələlərində müəyyən qədər dil-üslub çətinliyi yaşanıla bilirdi.  Bəzən təhsillə bağlı hazırladığımız analitik yazılar təhsil ictimaiyyətinin özü tərəfindən düzgün anlaşılmırdı. Təhsil və maarifləndirmə mövzularındakı yazıları mediada işıqlandıran zaman dəfələrlə şahid olmuşuq ki, məsələ ilə bağlı rəsmi açıqlamalar və sorğulara cavablar Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, eləcə də təhsillə əlaqəli rəsmi dövlət qurumları tərəfindən çox gec verilirdi. Bu sıraya bir neçə universititetləri də əlavə etmək olar. Onların mətbuat xidmətlərinin rəhbərləri o qədər də operativ iş prinsipinə üstünlük vermir. Nəticə etibarı ilə də vacib olan xəbərlər gecikirdi. Xəbər istehsalı məsələsində operativliyin və dəqiqliyin nə dərəcədə vacib olduğunu nəzərə alsaq bu uzun zaman təhsil jurnalistlərinin işinə mane olub.

 

Hansı yaş qrupu sosial mediadan daha çox maariflənir?

Təhsillə bağlı yaş qruplarını nəzərə alsaq, bizim hər zaman əsas auditoriyamız müəllimlər olub. Sosial mediadan da bizim materialları, mövzuları, yazıları izləyən kəsim 21-50 yaş aralığındadır. Soruşa bilərsiniz ki, niyə? Məsələ ondadır ki, 21 yaşlı gənc kimdir? Universiteti təzə bitirmiş tələbə artıq müəllim olmaq istəyir və bununla bağlı zəruri bilgiləri öyrənməyə can atır. Bizim materiallara da auditoriyanın bu hissəsinin  daha çox müraciət etməsinin səbəbi budur. Nəzərə alaq ki, bu gün pedaqoji əsaslı ixtisaslar bəzi universitetlərdə o qədər də yaxşı keçirilmir və müəllimlərin işə qəbulu müsabiqəsi istiqamətində bəzi boşluqlar yaranır. Həmçinin müəllimlərin hüquqi öhdəlikləri, vəzifə borclarını öyrənmək, müəyyən bir metodik və pedaqoji bilgiləri əldə etməkdən ötrü onlar artıq müəyyən qədər fədakarlıq edirlər. Nəyə görə? Çünki tələbəlik dövrü geridə qalıb, artıq onlar azad istehsalata qədəm qoyurlar. Artıq pedaqoji fəaliyyətə başlamalıdırlar və bu pedaqoji fəaliyyətin tələb etdiyi bilgiləri öyrənməyə borcludurlar. Gənc nəslin sosial mediada maariflənməsinin səbəbi budur. Nisbətən yaşlı nəsil isə daha çox metodiki bilgilər, pedaqoji meyarlar, hüquqi qanunvericilik bazaları haqqında məlumatları öyrənməkdən ötrü bizim yazılarımıza müraciət ediblər. Yəni sosial mediadan, elm və təhsil mövzularına göstərilən maraq əsasən bu yaş kəsimini əhatə edir.

 

Təhsil və maarifləndirmə sahəsində daha çox ehtiyac duyulan aktual  mövzular hansılardır?

Təhsil və maarifləndirmə ilə bağlı ən çox ehtiyac duyulan aktual mövzular hüquqi qanunvericilik məsələləridir. Bu gün orta məktəbdə çalışan müəllimlər özlərinin bəzi səlahiyyət və imtiyazlarından, hüquq və vəzifələrindəndən xəbərsizdirlər. Məsələn, sinif rəhbərini buna nümunə göstərə bilərik. Sinif rəhbərinin özünün ayrıca hüquq və vəzifələri, ona aid  olunası güzəştlər və digər mexanizmlər var. İstər onun maaşının hesablanması, istər sinifdəki şagirdlə bağlı qərar verməsi,  istərsə də müəyyən məsələlərlə bağlı fikir irəli sürməsi, nəzəri və hüquqi prosedurla bağlı sinif rəhbərinin görəcəyi işlər çoxdur. Amma onlar bundan xəbərsizdilər. Ancaq yenə də hüquqi qanunvericilik baza ilə bağlı mövzular həddindən artıq aktualdır. Çünki onlardan tam olaraq xəbərsizik. Bu məktəbəqədər təhsildən tutmuş ali təhsil seqmentinə qədər bu cür davam edir. Müəllimlərin sertifikasiyası, onların işə qəbulu üzrə müsabiqə, məktəbəqədər təhsil müəssisələrində-bağçalarda işə qəbul və s. Həm bağçalarda tərbiyəçi və metodistlərin işə qəbulu məsələsi, həm də uşaqların, azyaşlıların, bağçalara onlayn qəbul məsələsində kifayət qədər sualların olması, bu mövzuların hər zaman aktual olduğunu göstərir. Kiçik və böyük summativ qiymətləndirmələr, buraxılış imtahanları, buraxılış imtahanlarla bağlı narazılıq və narahatlıq doğuran detallar, attestatın alınması ilə bağlı problemlər təhsillə bağlı ən çox soruşulan məsələlər olub. Şagirdlərin davamiyyət və davranış məsələləri ilə bağlı mövzular da hər zaman aktualdır. İdarə olunması çətin olan şagirdlərin davranışının, onlarla bağlı qərarların verilməsi, müəllim və şagird arasında olan konfliktlər, müəllim və direktor arasında olan konfliktlər aktual mövzulardan sayılır. Bu gün də təhsillə bağlı mövzular mediada əsasən, bu istiqamətdə öz əksini tapır.

 

Sizcə təhsil problemləri və təhsilin üstünlükləri mediada kifayət qədər təbliğ edilirmi, yaxud media daha nə etməlidir ki, gənclərin təhsilə, maariflənməyə marağını artıra bilsin?

Təhsil problemləri və təhsilin üstünlükləri mediada kifayət qədər təbliğ edilmir. Təhsil elə bir meyardır ki, onun daha çox inkişaf etməsi üçün cəmiyyətdə daha çox təbliğ olunması gərəklidir. Az da olsa işıq varsa, onu hər zaman əsas məsələ olaraq diqqətdə saxlamağa çalışmalıyıq.  Media isə təhsil üstünlüklərindən daha çox yersiz təhsil problemlərinin işıqlandırılmasına can atır. Niyə görə? Çünki həmin yazılar daha çox oxunur. Bu gün medianın İP-yə olan həddindən artıq  düşkünlüyü, təhsil məsələlərinin düzgün işlənməsinə çox ciddi surətdə mane olur. Mən öz təcrübəmdə hər zaman təhsil mövzuları ilə bağlı yazıları işləyərkən aldadıcı başlıqlardan qaçmışam. Şou xarakterli başlıqları və cümlələri nə xəbərin başlığında, nə də sosial şəbəkə səhifələrində paylaşmağa imkan verməmişəm. Çünki biz bilirik ki, təhsili təmsil edirik və bizim əsas auditoriyamız təhsil cəmiyyətidir. Müəllimlər, Elm adamları, təhsil xadimləri, valideyn və şagirdlər bizim əsas auditoriyamızdır. Lakin çox hörmət etdiyimiz media nümayəndələrinin bununla bağlı narazılığı ilə rastlaşmışıq. Onlar sual verillər ki, "sizin yazılar bəzən niyə az oxunur?" Mən də onlara cavab vermişəm ki, bizim "Whatsapp"-ımıza, şəxsi telefonumuza, poçt adresimizə elə şikayət xarakterli, elə biabırçı materiallar gəlir ki, onları dəqiqləşdirmədən, peşəkarlıq prinsiplərinə əməl etmədən çılpaqcasına işləsək cəmiyyət bir-birinə dəyər. Nəticə etibarı ilə biz də çox gözəl İP yığarıq, amma bunu etmək olarmı? Buna etmək təhsilimizə, təhsil alan şagirdlərə, təhsil verən müəllimlərə qarşı sayğısızlıq və hörmətsizlik olar. Yazdığımız hər bir yazı Azərbaycan məktəbini, Azərbaycan müəllimini təmsil edir. Azərbaycan məktəbini, Azərbaycan müəllimini aşağılamaq heç kəsin marağında olmamalıdır. Media təhsilin əlindən tutub onu aşağı çəkən bir neqativ ünsür kimi çıxış edir. Çox təəssüf ki, bunu deməyə məcburam. Elm və təhsilin kütləviləşməsi üçün media daha çox iş görməlidir. Amma bizdə təhsil, elm kütləviləşmir, bu sahə ilə bağlı  kütləvi populyar ədəbiyyatlar yazılmır. Halbuki əgər əlimizdə belə materiallar olsa, bunu oxumaq istəyən oxucu kütləmiz də çox olacaqdı. Nə bu istiqamətdə yaxşı televiziya proqramımız, nə də onlayn media layihəmiz var. Çox təəssüf ki,  boşluqlar həddindən artıq çoxdur və bu boşluqlara rəğmən görüləsi işlər də kifayət qədər çoxdur.  "Hardan başlayıb, harda bitirmək?" sualı gələndə şəxsən mən çox böyük çətinlik çəkirəm.

 

"Təhsil millətin gələcəyidir" deyirik, bəs media davamlı təhsilin inkişafı və dünyagörüşünü formalaşdırmaq üçün hansı işləri görür? Bu işlərin səmərəliliyi barədə araşdırmalar aparılır?

Mediamız bu gün hələ ki, "təhsil millətin gələcəyidir" prinsipi üzərində iş görməyə o qədər də maraqlı deyil. Yalnız Elm və Təhsil Nazirliyinin göndərdiyi bəlli yazılarda, yəni olimpiadada uğur göstərən şagirdlər,  müəyyən nailiyyət əldə etmiş müəllimlərlə bağlı göndərilən hazır press relizləri yerləşdirməklə öz işlərini bitmiş hesab edirlər. Təhsil millətin gələcəyidir istiqamətində şəxsən yadıma gəlmir ki, son zamanlar hansısa bir onlayn media orqanı çox əla bir layihə həyata keçirsin və onu yüksək səviyyədə işıqlandırsın.  Müşahidələrim əsasında deyə bilərəm ki, bu gün bizim mediaya, təhsillə bağlı problematik məsələləri işıqlandırmaq daha çox maraqlıdır. Çünki o daha çox insanın diqqətinə səbəb olur. Halbuki bəzi məsələlər var ki, onları verməyə bilərik. Məsələn,  şagirdlərin döyülməsi, bulinq və mobinq kimi məsələləri işıqlandırsaq pis olmaz. Bu cür məsələləri işıqlandırmaqda əsas məqsəd bununla bağlı hüquqi addım atılmağını təmin etməkdir. Təəssüf ki, biz yalnız hüquqi addım atılsın deyə işıqlandırmırıq. Biz az qala məsələnin çürüyünü çıxardırıq ki, bu, media tərəfindən çox yaxşı qarşılanır. Ötən il bir məktəbdə şagirdlər arasında möhkəm dava düşmüşdü. Şagird bir neçə şagird tərəfindən bulinqə məruz qalmışdı. Mediamız elə işlərə əl atdı ki, bu məsələni gündəmdə saxlasınlar. Nəyə lazımdır? Birincisi, bu, həmin döyülən azyaşlıya qarşı ikinci bir psixoloji zərbədir. Bu gün mütləq mənada Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində Elm və təhsil jurnalistikası adlı xüsusi kurs açılmalı, ayrıca fənn təşkil olunmalıdır. Bu istiqamətdə işləməyə maraqlı olan gənclər, gələcəyin jurnalistləri yetişdirilməlidir və onlar ixtisaslaşmalıdır. İqtisadiyyat jurnalistikası, həmçinin siyasi, ictimai jurnalistika, elm və təhsil jurnalistikası isə ümumiyyətlə, yoxdur. Gələcəyin uğur açarı olan, təhsili mediada peşəkar səviyyədə işıqlandıran insanlar yox səviyyəsindədir. Elm və Təhsil Naziri Emin Əmrullayev hər dəfə brifinq keçirəndə və ona verilən sualları eşidəndə  həmkarlarım adına utanıram. Ağır səslənsə də, deyim ki, xəcalət çəkirəm. Çiynənmiş, aktuallığını və dövrilik prinsipini itirmiş suallar təkrar-təkrar nazirə verilir. Hiss edirəm ki, nazir daxilində bunları bəlkə də istehza ilə qarşılayır və hətta bir neçə dəfə bizim həmkarlara öz iradını da bildirib. Çünki təhsil prosesləri izlənilmir. Bu gün kənd təsərrüfatı ilə bağlı tədbiri işıqlandıran jurnalist sabah elm və təhsil nazirinin brifinqinə gedir. O, son ayın hansı təhsil hadisələri, hansı təhsil problemləri olduğunu, aktual məsələlər nələrdir, bunu bilmir. Redaktorların bəziləri elə bu məsələlərdən xəbərsizdilər. Hazırda atılacaq ilk addım peşəkar təhsil jurnalistlərimizin formalaşmasıdır. Əgər peşəkar təhsil jurnalistlərimiz formalaşsa, o zaman media təhsilini, onun aliliyini cəmiyyət üçün  daha çox önə çıxarda bilərlər.

 

Pərvin Piriyev

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər