00:00:00
Yazar
Hüseynova Mələk
14.10.2026 19:28 39 2 dəq oxuma
Sosial

Filin emosiyalarını üzə çıxaran nadir davranış: Foto ilin ən yaxşı vəhşi təbiət şəkli seçilib

Filin emosiyalarını üzə çıxaran nadir davranış: Foto ilin ən yaxşı vəhşi təbiət şəkli seçilib

Namib səhrasında çəkilən təsirli foto filərin emosional dünyasına dair maraqlı məqamları üzə çıxarıb. Fotoqraf Federiko Veronesinin lentə aldığı görüntüdə dişi filin ölü doğulmuş bala filin cəsədini saatlarla daşıdığı əks olunub. Foto 2026-cı ilin “İlin vəhşi təbiət fotoqrafı” müsabiqəsinin baş mükafatına layiq görülüb.

 

Hadisə 2025-ci ilin sentyabrında Namibiyada, qurumuş çay yatağı boyunca hərəkət edən fil sürüsünü izləyən fotoqrafın qarşısına çıxıb. Veronesi balanın cəsədini xortumu ilə daşıyan dişi filin bu davranışını əvvəlcə ana itkisi ilə əlaqələndirib. Lakin sonradan məlum olub ki, fil balanın anası deyil. 14 yaşlı dişi fil iki il əvvəl öz balasını itirib və həmin vaxtdan başqa fillərin ölü doğulmuş balalarını daşıyarkən dörd dəfə müşahidə edilib.

 

Mütəxəssislər bu davranışın səbəbini dəqiq müəyyənləşdirməsələr də, onun emosional itki ilə əlaqəli ola biləcəyini düşünürlər. Filin balanın cəsədini buraxmaqda çətinlik çəkməsi, yaxud onu yırtıcılardan qorumağa çalışması ehtimal olunur. Fil mühafizəsi üzrə mütəxəssislər bu hadisənin heyvanların mürəkkəb emosional reaksiyalarını anlamaq baxımından əhəmiyyətli olduğunu bildirirlər.

 

Bununla yanaşı, Namibiyanın səhra fillərinin sayı son 20 ildə azalmağa başlayıb. Uzunmüddətli quraqlıqlar və insanlarla yaranan münaqişələr bu vəziyyətə təsir edən əsas amillər sırasındadır. Su mənbələri uğrunda yaranan problemlər səbəbindən fillər təsərrüfatlara daxil olur, su çənlərinə və borulara zərər vururlar. Bu isə yerli əhalinin heyvanlara münasibətinə mənfi təsir göstərir.

 

Mütəxəssislərin sözlərinə görə, səhra fillərində bala ölümlərinin yüksək olması da ciddi narahatlıq doğurur. 2014-2022-ci illərdə qeydə alınan 16 bala doğumundan yalnız ikisi sağ qalıb. Alimlər bu vəziyyətin səbəblərini araşdırmaq üçün ətraf mühit amillərinin, xroniki stressin və genetik xüsusiyyətlərin fillərə təsirini öyrənirlər.

 

Afrika filləri üzrə mütəxəssislər onların yaxınlarını itirdikdən sonra qalıqların yanında uzun müddət dayanması, sümüklərə toxunması kimi davranışlar nümayiş etdirdiyini də qeyd edirlər. Bu müşahidələr fillərin itkiyə reaksiyasının mürəkkəb olduğunu göstərir. Fotoqrafın çəkdiyi görüntü isə heyvanların emosional həyatına diqqət çəkərək onların qorunmasının vacibliyini bir daha gündəmə gətirib.

 

 

Fatimə Hüseynova

 

#Fil #emosiya #təbiət
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər