Finlandiyanın Baş naziri Petteri Orpo Çinə rəsmi səfər edəcək
Finlandiyanın Baş naziri Petteri Orpo yanvarın 25-dən 28-dək Çinə rəsmi səfər edəcək. Səfər Çin Baş naziri Li Tsyanın dəvəti ilə baş tutacaq. Bu barədə Çin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Mövzu ilə bağlı politoloq Ülviyyə Zülfüqar “İnformator.az”a açıqlamasında bildirib ki, Finlandiyanın Baş naziri Petteri Orponun Çinə rəsmi səfəri iki ölkə arasında münasibətlərin, əsasən, iqtisadi və texnoloji sahələri əhatə edir:
“Finlandiya Çin üçün yüksək texnologiyalar, yaşıl enerji, rəqəmsal həllər və təhsil sahəsində etibarlı tərəfdaş kimi tanınır. Bu səfər çərçivəsində ticarət dövriyyəsinin artırılması, investisiya imkanlarının müzakirəsi və xüsusilə, iqlim dəyişikliyi, təmiz enerji və innovasiya sahələrində əməkdaşlığın dərinləşdirilməsi gündəmdə ola bilər. Finlandiya şirkətləri üçün Çin bazarında yeni imkanlar açılması da əsas hədəflərdən biridir. Finlandiya uzun illər balanslı və praqmatik xarici siyasəti ilə seçilib və Çinlə münasibətlərdə də bu xətti qorumağa çalışır. Finlandiyanın NATO üzvü kimi Çinə rəsmi səfəri geosiyasi baxımdan xüsusi mesaj daşıyır. Bu göstərir ki, NATO üzvlüyü Helsinkinin Çinlə əlaqələri tamamilə məhdudlaşdırması demək deyil. Finlandiya bu addımla həm Pekinə, həm də beynəlxalq ictimaiyyətə mesaj verir ki, o, təhlükəsizlik sahəsində Qərblə sıx inteqrasiya olunsa da, qlobal diplomatiyada müstəqil və açıq dialoq aparmaq niyyətindədir. Bu, Finlandiyanın yalnız hərbi deyil, siyasi və iqtisadi aktor kimi də balanslı mövqe tutmağa çalışdığını nümayiş etdirir".
Politoloq qeyd edir ki, ABŞ-Çin rəqabəti fonunda Finlandiyanın Pekinlə dialoqu daha çox strateji ehtiyatlılıq məqsədi daşıyır:
"Helsinki qlobal güclər arasında kəskin qütbləşmənin dərinləşdiyi bir dövrdə körpü rolu oynaya bilən Avropa ölkələrindən biri kimi çıxış etməyə çalışır. Bu dialoq Finlandiyaya həm ABŞ və Aİ ilə strateji tərəfdaşlığı qorumağa, həm də Çin kimi böyük iqtisadi güclə əlaqələri tam itirməməyə imkan verir. Petteri Orponun Çinə səfəri Finlandiyanın çoxşaxəli xarici siyasətinin davamıdır. Finlandiya bu addımla göstərir ki, dəyişən beynəlxalq sistemdə kiçik və orta dövlətlər üçün ən rasional yol açıq dialoq, praqmatizmə əsaslanan siyasətdir”.
Mələk Hüseynova
