Fransada iki partiya büdcəyə görə hökumətə etimadsızlıq votumu irəli sürüb
Solçu "Təslim olmayan Fransa" və sağçı "Milli Birlik" partiyası Baş nazir Sebastyan Lekornyunun hökumətinə qarşı iki ayrı etimadsızlıq votumunu növbəti dəfə irəli sürəcək, çünki o, dövlət büdcəsini 2026-cı il üçün parlamentin səsverməsi olmadan təsdiqləyib.
Mövzu ilə bağlı politoloq Əli Mustafa "İnformator.az"a açıqlamasında bildirib ki, son seçkilərdə də Makron sağçıların lideri ilə rəqib idi:
"Fransada uzun müddətdir davam edən ciddi siyasi böhran müşahidə olunur. Makronun partiyası nə sağçılarla, nə də solçularla ortaq dil tapa bilir. Dəfələrlə bu siyasi böhranın artıq hökumət böhranı səviyyəsinə keçdiyini görmüşük və hazırda da vəziyyət fərqli deyil. Baş nazirin rəhbərlik etdiyi hökumət faktiki olaraq etimadsız bir hökumət vəziyyətindədir. Sebastyan Lekornu Makron bir dəfə təyin olundu, daha sonra istefa verdi və yenidən eyni vəzifəyə gətirilib. Bu da Prezidentin nə qədər çıxılmaz vəziyyətdə olduğunu göstərir. Sağçılarla, xüsusilə, ifrat sağ qüvvələrlə Makron arasında davamlı rəqabət mövcuddur. Son seçkilərdə də Makron sağçıların lideri ilə rəqib idi. Qalib gəlsə də, cəmiyyətdə kifayət qədər ciddi qarşıdurma qalmaqdadır. Solçularla da Makronun münasibətləri problemsiz deyil. Bu baxımdan onların hökuməti dəstəkləməməsi təbii qarşılanır. Büdcənin baş nazir tərəfindən parlamentdən kənar təsdiqlənməsi də bununla bağlıdır. Yərgin Kəvin büdcənin parlamentdə qəbul olunmayacağını bildiyi üçün, çünki onların stabil çoxluğu yoxdur, bu addımı atmağa məcbur qaldı. Ancaq parlament fraksiyalarının məsələni qaldırmaq və hökumətə etimadsızlıq göstərmək hüququ var".
Ekspertin sözlərinə görə, hökumət hər an risklərlə üz-üzədir:
"Fransa hökuməti tarixinin bəlkə də ən zəif dövrünü yaşayır. Xarici siyasətdə müəyyən fəallıq göstərməklə daxildəki problemləri bir qədər ört-basdır etməyə, zaman qazanmağa çalışırlar. 2027-ci ildə növbəti prezident seçkiləri keçiriləcək. Makron həmin vaxta qədər müxtəlif manevrlərlə vəziyyəti idarə etməyə çalışsa da, bu manevrlər ona ciddi üstünlüklər qazandırmır. Hökumət hər an risklərlə üz-üzədir. Daxili siyasətdə, xüsusilə də, büdcə ilə bağlı qərarlar nə sağçıları, nə də solçuları qane edir. Bu da uzlaşmanın baş tutmamasının əsas səbəblərindən biridir. Əsas məsələ isə ondan ibarətdir ki, Makron daxildə öz siyasi nüfuzunu demək olar ki, tam şəkildə itirib. Sosial rəy sorğularına görə onun dəstək faizi cəmi 12–14% civarındadır. Bu isə onun formalaşdırdığı hökumətin son dərəcə kövrək vəziyyətdə olduğunu göstərir. Hər an yeni böhran yarana, hətta növbədənkənar seçkilər gündəmə gələ bilər. Buna görə də nə sağ, nə də sol siyasi qüvvələr Makronla uzlaşmaq və ona dəstək vermək niyyətindədir".
Xədicə Məhərrəmli
