Futbol üzrə Avropa çempionatının püşkü atıldı
Futbol üzrə Avropa çempionatının qrup mərhələsinin püşkü atılıb.
İnformator.az xəbər verir ki, Almaniyanın Hamburq şəhərində keçirilən mərasimdə AVRO-2024-dəki altı qrupun tərkibi müəyyənləşib.
Məsələ ilə bağlı futbol analitiki Cəbrayıl Qəmbərov İnformator.az-a açıqlama verib. Ekspertin sözlərinə görə, rəqabət hissini müxtəlif qruplar arasında belə müşahidə etmək mümkündür.
"Almaniyanın ev sahibliyi etdiyi qrupda, o, son dərəcə favorit görünür. Lakin son dövrlərdəki nəticələr; hansı ki, “Flickin getməsi”, “Julian Nagelsmannın baş məşqci təyin olunması” ilə demək olar ki, Almaniya yığması sarsıntılı perioddan keçir. Amma buna baxmayaraq, yenə də qrupda favorit mövqeyini qoruyur”.
Analitikin sözlərinə görə, Şotlandiya, Macarıstan, o cümlədən İsveçrə də təxminən eyni səviyyəli komandalardır.
“İsveçrənin son turnirlərdə kifayət qədər yaxşı nəticələri var. Həmçinin, Macarıstan da təəcübləndirməyə açıq millidir və nəzərə alaq ki, III yerin sahibi olacaq komandanın da növbəti mərhələyə vəsiqə qazanmaq üçün ciddi şansı var”.
Cəbrayıl Qəmbərov düşünür ki, hər 3 yer uğrunda ciddi mübarizə gedəcək.
“Bunu da unutmaq olmaz ki, Almaniyanın lider olacağı tam şəkildə qaranti deyil. Əgər turnir Almaniyada yox, başqa ölkədə olsa, Almaniyanın liderliyi barədə bu qədər əmin olmazdım".
Müsahib İsveçrədən surpriz gözlədiyini də qeyd edir. Onun fikrinə görə, “B” qrupunda ilk 2 yer uğrunda İtaliya və İspaniya milliləri mübarizə aparacaq.
"İspaniya və Xorvatiya arasındakı oyun sonuncu Avropa çempionatında ən yadda qalan oyunlardan biri olub. İtaliya son çempionatın qalibidir, İspaniya isə yarımfinalda italyanlara məğlub olub, Xorvatiya da öz növbəsində, son dünya çempionatında III yerin sahibidir".
Analitik əlavə edir ki, Albaniya 2016-cı ildən sonra II böyük turnirdədir və bu püşkatma Albaniya üçün biraz uğursuz olub:
"Hazırkı situasiyada millilərin vəziyyətini nəzərə alsaq, ilk 2 yer uğrunda İspaniya və İtaliya mübarizə aparacaq. Xorvatiya qızıl generasiyanın yaşlanmağı ilə bir yerdə onlardan bir qədər geridə qalır. İllər boyunca bir çox Xorvatiya əsilli məşqcinin Albaniyada çalışıb, Alban futboluna bələd olmağını nəzərə alsaq , Xorvatiya və Albaniya Balkan qarşıdurması sayıla bilər. Albanlar bu qrupda kimisə büdrədəcəksə, bu hədəf qonşuları Xorvatiya olacaq. İspaniya və İtaliya qarşısında albanların ciddi bir şansı olduğunu düşünmürəm”.
Müsahib qeyd edir ki, "C" qrupunda komandalar arasında ilk 3 yer uğrunda ciddi mübarizə gedəcək.
“Ən bərabər səviyyəli qruplardan biri də "C" qrupudur. İngiltərə isə son illərin formada olan komandasıdır. Sonuncu turnirdə ilk dəfə Avropa çempionu olmaq şansına çox yaxın idi, amma baş tutmadı. İngilislərin son illər qrup mərhələlərində ciddi problemi olmur, bu il də olacağını düşünmürəm”.
C. Qəmbərov düşünür ki, Serbiya, Sloveniya və Danimarka milliləri arasında gərgin mübarizə gedəcək.
“Eynilə “A” qrupunda olduğu kimi ilk 3 yer uğrunda ciddi mübarizə gedəcək. İngilitərənin qrupu 7-9 xalla başa vuracağını təxmin etmək olar, ancaq digər 3 komanda arasındakı mübarizə həll edici olacaq”.
Müsahib əlavə edir ki, Avstriya II yer uğrunda Niderlandla mübarizə aparacaq.
““D” qrupunda Fransa və Niderlandın ön planda olmasına baxmayaraq, Avstriyanın surpriz komanda olduğunu və II yer uğrunda Niderlandla mübarizə aparacaq. “D” qrupunda Niderland, Avstriya, Fransa və "play off"-dan gələcək millinin mübarizəsi baş tutacaq. "Play off"-dan Polşa, Estoniya, Uels və Finlandiya komandaları arasından Polşanın gəlməsi real görünür. Əgər Polşa gəlsə, bu qrupa əlavə “rəng” qatılacaq”.
Analitikin sözlərinə görə, Turnirinin Almaniyada keçirilməsini nəzərə alsaq, Avstriya bir növ ev sahibi missiyasını yerinə yetirəcək.
“Fransa və Niderland ön plana çıxsa da, Avstriyanı unutmaq olmaz. Düşünürəm ki, Avstriya bu çempionatın sürpriz komandasıdır və Avstriyadan bunu gözləməyə dəyər. Eyni zamanda, Fransa özü də favoritlərdən biridir. Niderland öyrəşdiyimiz Niderland deyil və düşünürəm ki, II yer uğrunda hazırkı situasiyada Avstriya Niderland ilə mübarizə aparacaq. Avstriya isə mənim gözümdə ciddi bir rəqibdir”.
Müsahibin fikrincə, “E” qrupuna "play off"-dan Ukrayna millisi daxil olacaq və Belçika ilə Ukrayna qrupu ilk 2 yerdə başa vuracaqlar.
"“E” qrupunda Belçika,Slovakiya, ‘’Rumuniya və “B” play offunun qalibinin mübarizəsi baş tutacaq. Play offdan isə Bosniya, Ukrayna, İsrail, İslandiya yığmalarından biri gələcək. Mən "play off"-da Ukrayna millisini favorit olaraq görürəm. Məncə, Ukrayna gəlsə, Belçika və Ukrayna oyunu ilk 2 yerdə bitirəcəklər".
Cəbrayıl Qəmbərov Slovakiya və Rumuniyanın bu turnirdə ciddi nəticə əldə edəcəyini hesab etmir.
“Qeyd edək ki, Türkiyə "F" qrupunda mübarizə aparacaq”.
Bəs, Türkiyə millisinin qrupdan çıxmaq şansı nə qədərdir?
Analitik Türkiyənin ‘’F’’ qrupunda Portuqaliyadan sonra ən yaxşı milli olacağını və bu mərhələni uğurla başa vuraraq, növbəti mərhələyə vəsiqə qazanacağını düşünür.
""F” qrupunda Portuqaliyanın, Türkiyənin və Çexiyanının bir qrupda olması ağıla 2008 Avropa çempionatını gətirir. Türkiyənin 2002 dünya çempionatı ilə birlikdə ən uğurlu keçirdiyi böyük turnirlərdən biridir. Həmin turnirdə də qrup Portuqaliya, Çexiya, Türkiyə və İsveçrə yığmalarından ibarət idi. "Play off"-dan gələ biləcək komandalar Gürcüstan, Lüksemburq, Yunanıstan və Qazaxıstan milliləridir. "Play off"-dan Yunanıstan gələrsə, Türkiyə ilə Yunanıstan arasında Almaniyada prinsipal qarşılaşmaya şahid ola bilərik. Qrupa baxsaq, Türkiyə millisinin olduqca yaxşı heyəti var. Portuqaliya Avropanın ən “rəngarəng” heyətlərindən birinə malikdir. C "play off"-dan gələcək komandanın isə Türkiyəyə probem yaradacağını düşünmürəm. Hazırda Portuqaliyadan sonra qrupun ən yaxşı komandası Türkiyə olacaq”.
Cəbrayıl Qəmbərov sonda turnirin favoritləri barədə söz açıb.
“Almaniya hansı vəziyyətdə olsa da, ev sahibidir. Portuqaliya “rəngarəng” heyətli olsa da, ilk sırada olan favoritlərdən görmürəm. Fransa ilk sırada olan favoritlərdəndir, İspaniyanı vurğulayaram və İngiltərəni də ilk favoritlər sırasında görürəm. Almaniya, Portuqaliya və İtaliyanı isə 2-ci favoritlər sırasında düşünürəm”, - deyə ekspert yekunlaşdırıb.
Ayaz Zeynalzadə
