00:00:00
Yazar
Admin User
20.04.2023 15:16 618 5 dəq oxuma
Sosial

Gülnarə İlham: "Ən keyfiyyətli texnoloji alətləri maarifləndirici verilişlərə ayırmalıyıq"

Gülnarə İlham: "Ən keyfiyyətli texnoloji alətləri maarifləndirici verilişlərə ayırmalıyıq"

Maarifləndirici materiallar hazırlayan jurnalist həm də gənclərdə yarana biləcək mümkün sualları nəzərə almalıdır. Şagirdlərin asanlıqla izləyə bilməsi üçün materialın strukturlaşdırılmış və məntiqi əlaqədə olması vacibdir. Bundan əlavə, maarifləndirici materiallar hazırlayan jurnalist səbrli olmalı və keyfiyyətli material hazırlamağa kifayət qədər vaxt ayırmağı bacarmalıdır. Jurnalistin tədris materiallarının hazırlanmasında işi mövzunu dərindən bilmək, əlçatan dildə yazmaq, materialı məntiqi ahənglə təqdim etmək və materialın hazırlanmasına kifayət qədər vaxt ayırmaq jurnalist işinin əsas özəllikləridir.

Mövzu ilə bağlı jurnalist, “Azərbaycan müəllimi” qəzetinin əməkdaşı, Elm və Təhsil Nazirliyinin “Təhsil Tv” kanalının aparıcısı Gülnarə İlhamla həmsöhbət olduq.

 

Təhsil, maarifləndirmə mövzusunda yazıları mediada işıqlandıran zaman hansı problemlərlə üzləşirsiniz?

Təəssüf ki, elmi-kütləvi,  maarifləndirici yazılara və verilişlərə maraq azdır. Biz bu rəyi yazılara, yaxud verilişlərimizə sosial şəbəkələr üzərindən baxış sayına görə deyə bilirik. Təhsil TV adından da göründüyü kimi, tematik, yəni ixtisaslaşmış kanaldır, onlayn televiziyadır. Biz elm və təhsil istiqamətində  maarifləndirici verilişlər, videomateriallar yayımlayırıq. Təhsil auditoriyasının böyük olmasına baxmayaraq, yetərli qədər maraq cəlb etmək üçün daha yaxşı və keyfiyyətli alətlərə ehtiyac var. Məncə, biz ən yaxşı studiya dizaynını, ən keyfiyyətli texnoloji alətləri təhsil, maarifləndirici verilişlərə ayırmalıyıq. Belə verilişlərə nə qədər dəyər verildiyini tamaşaçı birinci növbədə telekanalın özünün yanaşmasından hiss etməlidir. Düşünməlidir ki, bizi maarifləndirmək üçün nə qədər əziyyət çəkiblər. Bir də əsasən, aktual mövzulara uyğun olaraq insanların seçimləri olur və  bu da normaldır. Məsələn, müəllimlərin işə qəbulu, xaricdə təhsil proqramlarına qəbul, şagirdlərin birinci sinfə qəbulu və sair kimi aktual mövzularda yazılar, verilişlər yayımlananda biz bu materialların çox oxunduğunu, paylaşıldığını görürük.

 

Hansı yaş qrupunda olan insanlar sosial mediadan daha çox maariflənirlər?

Neçə ildir ki, təhsil sahəsindəyəm və artıq müəyyən qədər auditoriyaları müşahidə edə bilirəm. "Facebook" və yaxud "İnstagram" üzərindən  bizi kimlər izləyir? Deyə bilərəm ki, "İnstagram" üzərindən bəzi yayımları nəzərə alırıq və görürük ki, orda daha çox gənc nəsildir. Sosial şəbəkələrdə canlı yayım vasitəsilə xaricdə təhsillə bağlı bir mövzu qoyuruq və ya xaricdə təhsil alan tələbələrdən müsahibələr təşkil edirik. Əsasən, yayımlarımız Təhsil televiziyası və Təhsil Nazirliyinin "Facebook" hesabı üzərindən təşkil olunur. Bəzi canlı verilişlərimizdə isə müəllim auditoriyasını daha çox görürük. Təhsil televiziyasında "Təhsil masası" verilişi var. Baxış sayına baxırıq və ya  sual verən şəxslərin yuxarı yaş kateqoriyasında olduğunu görə bilirik. Bu, təbii ki, mövzulardan asılı olaraq dəyişir. Bununla belə dəqiq dəyərləndirə bilmərik ki, hansı yaş qrupunda olan insanlar hansı xəbərləri izləyir. Hər kəsin öz  seçimi olur və o yaş kateqoriyasına uyğun xəbərlər də həmin şəxslər tərəfindən izlənilir.

 

Təhsil və maarifləndirmə sahəsində daha çox ehtiyac duyulan aktual mövzular hansılardır?

Ümumiyyətlə, biz harda təhsil adını görürüksə, deməli, bu mövzu hər zaman aktualdır. Əslində maarifləndirmə bağçalarda çox erkən yaşlarda başlamalıdır. Bunu da müxtəlif planlı, istiqamətli tədbirlər sayəsində həm bağçalar, həm məktəblər, həm də universitetlər həyata keçirirlər. Əsasən, burda məktəblərin üzərinə böyük iş düşür, amma orda da davamlı olaraq bu tədbirlər həyata keçirilir. Bu, istər mütaliə, istər səhiyyə və sağlamlıq, istər fövqəladə hallar zamanı davranış qaydaları, istərsə də ünsiyyət bacarıqları istiqamətində olsun.

 

Maarifləndirmə işlərinin media vasitəsi ilə çatdırılması nə qədər təmin olunur?

Düşünürəm ki, media nümayəndələri, ümumiyyətlə, media orqanları, subyektləri bu işlərdə çox maraqlı olmalı və dəstək göstərməlidirlər. Fikrimcə, media nümayəndələri universititetlərlə əməkdaşlığı gücləndirməlidirlər. Onlardan hər hansı ixtiranı, yenilikləri soruşmaqda maraqlı olmalıdılar. Deməlidirlər ki, "Bu gün sizin hansı yeni ixtiranız var? Gəlin, biz onu cəmiyyətə təqdim edək". Bu günlərdə aktual olan ixtisas seçimləri televiziyalarda, mətbuat orqanlarında daima işıqlandırılmalıdır. Çünki ixtisas seçimi ərəfələrində olan məktəblilərin, xüsusilə yuxarı yaş qruplarının müasir ixtisaslardan çox az xəbərləri var. Ümumiyyətlə, bu istiqamətlərdə belə verilişlər hazırlanmalıdır. Efirlərə  kifayət qədər peşəkar adamlar çağırılmalıdır ki, müasir ixtisaslarla və həmçinin adını çox az hallarda eşitdiyimiz peşələrlə bağlı həmin şəxslər gəlib danışsınlar.

 

Sizcə təhsil problemləri və təhsilin üstünlükləri mediada kifayət qədər təbliğ edilirmi, yaxud media daha nə etməlidir ki, gənclərin təhsilə, maariflənməyə marağını artıra bilsin?

Hansısa intelektual və ya maarifləndirici veriliş hazırlanıb yayımlanırsa bunu çox keyfiyyətli formada etmək lazımdır. Bəzi saytlarda- AZƏRTAC'da elm və təhsil şöbəsi, AZVİSİON'da elm bölməsi var. Saytlarımızda mədəniyyət, iqtisadiyyat bölməsi olduğu kimi, elm və təhsil bölməsi də olmalıdır. Sayta girən, araşdırma edən şəxs elm və təhsil bölməsinin adını görməlidir. Bu sayta girən şəxslər elm və təhsillə bağlı yeni informasiyanı məhz bu bölməyə baxaraq əldə edəcəklərini bilirlər. Bu, həm sayt tərəfindən elmə, təhsilə verilən dəyəri göstərir, həm də sayta qarşı izləyicidə inam yaradır.

 

"Təhsil millətin gələcəyidir" deyirik, bəs media davamlı təhsilin inkişafı və dünyagörüşünü formalaşdırmaq üçün hansı işləri görür? Bu işlərin səmərəliliyi barədə araşdırmalar aparılırmı?

Son dövrlərdə təhsilə marağın əhəmiyyətli dərəcədə artdığını müşahidə edirəm. Ola bilər ki, təhsillə bağlı intelektual verilişlərə baxılması və ya bu cür yazıların oxunması aşağıdır. Ancaq ümumilikdə təhsil mövzusuna marağın çox olduğunu görürəm. Bu da əsasən, xaricdə və ölkədə təhsilə olan yeni yanaşmalara maraqla bağlı olur. Mən istəyərdim ki, bu iki hissəni ayırd edək: maarifləndirici veriliş və təhsil almaq istiqamətində veriliş. Məsələn, “Azərbaycan müəllimi” qəzetində elmi araşdırmalar, təhsillə bağlı yerli və beynəlxalq təcrübələrə əsaslanmış araşdırma, yazılar verilir. Bu cür yazılara baxış sayı adətən az olur. Amma ümumilikdə sadəcə təhsillə bağlı təhsil şirkətləri tərəfindən tətbiq olunan yeni layihələrə həm valideynlər, həm də yuxarı sinif şagirdləri və tələbələr tərəfindən maraq var.

 

Pərvin Piriyev

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər