Gürcüstanda yaşayan azərbaycanlılar üçün ilk radio yayıma başlayıb
Gürcüstanda ilk anadilli radionun fəaliyyət göstərməsi buradakı soydaşlarımız üçün xoş yenilikdir. Layihənin müəllifi İrakli Bandzeladze deyir ki, Gürcüstanda yaşayan azərbaycanlıların təqribən 80 %-i gürcü dilini bilmir, odur ki, bu məqam çoxdan nəzərə alınmalı idi.
İnformator TTV-ə istinadən verdiyi məlumata görə, AGFM-in direktoru İrakli Bandzeladze bildirib ki, Radio məlumatlandırıcı, maarifləndirici, müzakirə və əyləncəli proqramları dinləyicilərinə məhz Azərbaycan dilində təqdim edir: "Öz dinləyicilərimizin sayını artırmaq üçün biz azərbaycanlıların kompakt yaşadığı bölgələrdə mütəmadi olaraq təbliğat işləri aparırıq, onlara tanıtım banerləri paylayırıq. Bu işlər isə, öz müsbət nəticəsini göstərməkdədir".
Gürcüstan vətəndaşı olan etnik azərbaycanlıların gürcü informasiya arealına inteqrasiyasını hədəf seçən AGFM iki dalğada yayımlanır: Radio Bolnisi, Marneuli, Dmanisi, Tetricğaro bölgələrində 101.5, Rustavi, Qardabani, Tbilisi bölgələrində isə 100.6.-da dalğalanır.
Gürcüstanlı soydaşlarımızın kompakt yaşadığı bölgələrdə muğama olan marağı nəzərə alan radio tezliklə Azərbaycan xalq musiqilərini təqdimatı ilə yeni layihəyə - “Muğam” proqramına da hazırlaşır. Hazırda AGFM dalğasında “Sənət arenası”, “Dialoq zamanı”, “Mən vətəndaşam”, “Kənd təsərrüfatı”, “Zəng vurun, sizi dinləyirik!”, “Biznes bu gün” və “Aşpazlıq” kimi müxtəlif səpkili verilişlər yayımlanır. Gələcəkdə kollektivin genişləndiliməsi və bura məhz soydaşlarımızn cəlb edilməsi nəzərdə tutulub.
TTV
