Gənclər kitabdan niyə uzaqlaşır?
Son illər Azərbaycanda gənclərin kitab oxuma vərdişinin zəifləməsi getdikcə daha çox nəzərə çarpır. Rəqəmsal platformaların sürətlə yayılması, sosial şəbəkələrdə vaxtın artması və ailə-məktəb mühitində oxu mədəniyyətinin zəifləməsi bu tendensiyanın əsas səbəblərindən sayılır.
Gənc kitab həvəskarı olan Ayan Məmmədzadə “İnformator.az”a açıqlamasında qeyd edib ki, gənclərin vaxt çatdırmama bəhanəsinin doğru olmadığını düşünürəm:
“Başqa tələbələr kimi mən də vaxt tapmaqda çətinlik çəkirəm, amma bilirəm ki, kitab oxumaq vacibdir. Ona görə avtobusda, dərslər arasında və yatmazdan əvvəl belə bir neçə səhifə oxumağa çalışıram. Telefon və sosial şəbəkələrdən fərqli olaraq, kitab zehni inkişaf etdirir. Məncə, vaxt sadəcə bəhanədir. İstəyən insan mütləq oxumağa vaxt tapır”.
Tələbə Aydın Əliyev isə kitab oxumaq çox vaxt və diqqət tələb etdiyini vurğulayıb:
“Dərs, iş, kurs hamısı günü doldurur. Sosial media isə daha rahatdır, orada hər şey var. Axşam evə gələndə yorğun oluram, kitab əlimə gəlmir. Oxumaq istəyirəm, amma enerjim qalmır. Sosial media asanlıqla diqqətimi çəkir”.
Yazıçı Rövşən Abdullaoğlu gənclərin əvvəlki dövrlərə nisbətən daha az oxuduğunu bildirib:
“Azərbaycanda kitab oxumaq vərdişi zəifləyib, xüsusilə gənclər arasında. Keçmişdə oxuma səviyyəsi daha yüksək idi, indi isə sosial şəbəkələr vaxtı tam doldurur. Kitab oxumağa vaxt yoxdur, demək sadəcə bəhanədir. Valideynlər oxumadıqda övladlarda da maraq yaranmır. Məktəblərdə məcburi kitab verilməsi uşaqları kitaba qarşı soyudur. Onlara seçim azadlığı verilməlidir. Kitab qiymətləri yüksəkdir, elektron versiyalar isə çox vaxt mövcud olmur. Kitabxanalar da istənilən kitablarla zəngin deyil. Gənclər üçün layihələr, festivallar, kitab kafeləri və sosial şəbəkələrdə kitab trendləri bu prosesi canlandıra bilər”.

Psixoloq Nizami Orucov isə kitab oxuma problemini psixoloji və sosial faktorlarla əlaqələndirir:
“Sosial şəbəkələr vaxtı daha çox alır və kitab oxumağa maraq qalmır. Əslində, vaxt problemi yoxdur seçim məsələsidir. Texnologiya düzgün istifadə edilmədikdə insanı kitaba yox, ekrana bağlayır. Sosial mediada kitablarla bağlı trend videolar hazırlansa, gənclərin marağı arta bilər. Məktəblərdə məcburi kitab oxutdurmaq əks təsir göstərir, sərbəst seçim verilməlidir. Kitabların bahalığı tələbələri çətinlikdə qoyur endirimli sistemlər yaradılmalıdır. Oxuma trendə çevrilməsə, gənclər kitabdan tamamilə uzaqlaşacaq və bu, cəmiyyət üçün təhlükəlidir”.

Ölkədə oxu mədəniyyətinin zəifləydiyinin düşünən sosioloq Mətanət Məmmədovanın fikirlərinə görə, sosial şəbəkələr informasiyanı tez və səthi şəkildə təqdim etdiyi üçün dərin oxu vərdişini sıradan çıxarır:
“Vaxt problemi yalnız bəhanədir motivasiya yoxdur. Kitab oxumaq insanın düşünmə qabiliyyətini, analiz bacarığını gücləndirir, amma sosial media bunun tam əksinə təsir edir. Kitab festivallarının artırılması, kitabxanaların yenilənməsi və gənclər üçün endirim proqramları bu istiqamətdə mühüm addımdır. Valideyn və müəllim nümunəsi olmadan gənclərdə oxu vərdişi formalaşa bilməz. Cəmiyyət kitabı yenidən dəyər kimi qəbul etməlidir, əks halda gələcək nəsillərin intellektual səviyyəsi zəifləyə bilər”.

Ayşə Müzəfərli
