Gənclər niyə gələcəyə inamsızdır?
Son illər gənclər arasında gələcəyə inamsızlıq açıq şəkildə hiss olunur. Bir vaxtlar arzularla qurulan planlar bu gün sual işarələri ilə əvəzlənib. Sosial şəbəkələrdə nümayiş olunan “ideal həyatlar”, işsizlik qorxusu, maddi çətinliklər və cəmiyyətin artan təzyiqi gənclərin psixologiyasına birbaşa təsir göstərir. Bəs bu inamsızlığın kökündə nə dayanır?
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında jurnalist İlkin Məmmədkərimli bildirib ki, bu gün iqtisadi şərait ölkədə elə ağır vəziyyətdədir ki, insanlar ancaq öz dolanışığının dərdindədir:
"Gənclər nəinki yüksək gəlirli iş tapmağı, normal maaşlı işdən belə əlini üzüblər. Bu gün işsizlik o səviyyədədir ki, ən aşağı maaşla belə çalışmağa razıdırlar. Mətbuatın işi ölkədəki real problemləri üzə çıxarmaqdır, əks etdirməkdir. Media güzgüdür. Media sənə göstərsə də, göstərməsə də, insanlar real həyatlarında olan mənzərəni yaşayırlar, görürlər. Cəmiyyət gənclərə yetərincə imkan vermir. O mənada ki, bu günlərdə gənclər öz ifadəsini tapması, karyeralarını qurması, öz ayaqları üstündə durması çox çətindir. Bunu bacara bilən adam qəhrəman hesab olunur".
Həmçinin mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında uzman psixoloq-psixoterapevt, Qərbi Kaspi Universitetinin “Psixologiya və Sosial iş” kafedrasının müəllimi Səbinə Bayramova bildirib ki, gənclərin gələcəyə inamsızlığı əsasən sosial-iqtisadi qeyri-sabitlik, işsizlik qorxusu və sosial müqayisələrin yaratdığı psixoloji təzyiqlərdən qaynaqlanır:
"Ümid itkisi çox vaxt gənclərin arzuları ilə reallıq arasındakı uçurumdan başlayır, motivasiya isə sosial dəstək, psixoloji dayanıqlıq və kiçik uğurların dəyərləndirilməsi ilə bərpa oluna bilər. Sosial şəbəkələrdə nümayiş olunan uğurlu, “parlaq” həyat modelləri gənclərdə öz reallıqları ilə müqayisə zamanı məyusluq yaradır. Bu, psixologiyada sosial müqayisə nəzəriyyəsi ilə izah olunur: insan özünü başqaları ilə müqayisə etdikcə öz dəyərini aşağı qiymətləndirir. Azərbaycanda aparılan tədqiqatlarda göstərilir ki, gənclərin deviant davranışlarının və psixoloji gərginliyinin əsas səbəblərindən biri işsizlik və gələcəkdə sosial təminatın zəif görünməsidir. Gənclər çox vaxt ailə və cəmiyyətin yüksək gözləntiləri ilə üz-üzə qalır. Bu gözləntiləri qarşılaya bilmədikdə özünü uğursuz hiss edir və ümid itkisi başlayır. Ölkəmizdə aparılan tədqiqatlarda gənclərdə psixoloji sağlamlıqla intihar düşüncələri arasında ciddi əlaqə olduğu göstərilib. Bu, ümid itkisi və gələcəyə inamsızlığın psixoloji sağlamlığa birbaşa təsirini sübut edir. Motivasiya çatışmazlığını aradan qaldırmaq üçün kiçik uğurların dəyərləndirilməsi mühüm rol oynayır. Psixoloji araşdırmalar göstərir ki, motivasiya gündəlik kiçik nailiyyətlərin tanınması ilə də güclənir. Gənclərə kiçik addımlarla irəliləmək və hər uğuru qeyd etmək tövsiyə olunur. Ailə, dostlar və müəllimlərdən gələn emosional dəstək gənclərin motivasiyasını artırır. Azərbaycan kontekstində ailə bağlarının güclü olması bu dəstəyin mühüm resurs olduğunu göstərir. Müasir psixologiyada gənclərin stress və çətinliklərə qarşı dayanıqlığını artırmaq üçün resilience proqramları tətbiq olunur. Bu proqramlar gənclərə problemləri böhran yox, inkişaf fürsəti kimi görməyi öyrədir. Tədqiqatlar sübut edir ki, gənclər öz bacarıqlarına uyğun, real məqsədlər qoyduqda motivasiya daha davamlı olur. Azərbaycanda gənclərin iş bazarına uyğun bacarıqlar qazanması bu baxımdan vacibdir.
Gənclərin gələcəyə inamsızlığı qlobal bir tendensiyadır. 2025-ci ildə Harvard Kennedy School-un Harvard Youth Poll araşdırması göstərib ki, 18–29 yaş arası gənclər arasında dərin iqtisadi qeyri-sabitlik, demokratik institutlara etimadın azalması və sosial parçalanma müşahidə olunur. Bu, gənclərin gələcəyə baxışını mənfi istiqamətdə dəyişdirir. 2023-cü ildə ASEAN Institute for Peace and Reconciliation tərəfindən aparılan Regional Study on Youth, Peace and Security araşdırması göstərib ki, Cənub-Şərqi Asiya gəncləri konfliktlər, iqtisadi qeyri-sabitlik və siyasi təzyiqlər səbəbindən gələcəyə inamsızdır, lakin eyni zamanda sülh quruculuğunda fəal iştirak edirlər. Rusiyada identiklik böhranı, Türkiyədə siyasi və iqtisadi təzyiqlər, Almaniyada isə pandemiya sonrası stress bu inamsızlığın əsas səbəbləri kimi önə çıxır. Bu tədqiqatlar göstərir ki, gənclərin motivasiyasını artırmaq üçün fərdi psixoloji dəstəklə yanaşı, həm də sosial-iqtisadi sabitlik və demokratik institutlara güvən vacibdir. Nəticə olaraq, gənclərdə ümid itkisi arzularla reallıq arasındakı boşluqdan başlayır, motivasiya isə sosial dəstək, kiçik uğurların dəyərləndirilməsi və psixoloji dayanıqlığın gücləndirilməsi ilə bərpa olunur. Azərbaycan gəncləri üçün ən vacib addım realistik məqsədlər qurmaq, sosial dəstək şəbəkəsini gücləndirmək və psixoloji sağlamlığa diqqət ayırmaqdır".

Gövhər Mehyəddinova
