Gənclərin məşğulluğu
Ötən il Azərbaycanda gənclərin məşğulluğunun artırılması istiqamətində mühüm nəticələr əldə olunub. Dövlət Məşğulluq Agentliyinin məlumatına görə, 72,6 min gənc münasib iş yerləri ilə təmin edilib, 9500-ə yaxın gənc peşə hazırlığı kurslarına cəlb olunaraq əmək bazarının tələblərinə uyğun ixtisaslara yiyələnib.
Mövzu ilə bağlı gənc Səbinə Əhmədova “İnformator.az”a açıqlamasında iş tapmaq prosesində üzləşdiyi problemlərdən danışıb. Onun sözlərinə görə, əsas maneələrdən biri təcrübə tələbinin yüksək olmasıdır:
“Vakansiyalarda iş təcrübəsi əsas şərt kimi irəli sürülür. Yeni məzun olan gənclər üçün bu, ciddi çətinlik yaradır. Təhsilimiz olsa da, işə qəbul zamanı praktik bacarıqların olmaması problemə çevrilir. Gənclərin işsizlik probleminin həlli üçün təhsil ilə əmək bazarı arasında uyğunluq daha da gücləndirilməlidir. Universitetlərdə nəzəri biliklə yanaşı, praktik təcrübəyə daha çox yer verilməlidir”.
Nurlan Atakişiyev isə açıqlamasında kənddən şəhərə iş axtarışı ilə gələn tələbələrin üzləşdiyi çətinliklərə diqqət çəkib:
"Regionlardan Bakıya üz tutan gənclər üçün əsas problem yalnız iş tapmaq deyil, şəhərdə yaşamaq xərcləridir. Məzunlar kənddən şəhərə məhz iş ümidi ilə gəlir. Amma burada kirayə, nəqliyyat və gündəlik xərclər o qədər yüksəkdir ki, tapılan iş bəzən bu xərcləri belə qarşılamır. Bu da gəncləri qeyri-sabit və müvəqqəti işlərə yönəldir. İşəgötürənlər çox vaxt şəhər mühitinə uyğunlaşmış, təcrübəli namizədlərə üstünlük verirlər".
Hüquqi və Demokratik İslahatlar Mərkəzinin sədr müavini, sosioloq Elçin Bayramlı “İnformator.az”a açıqlamasında bildirib ki, gənclərin məşğulluğu sosial sahədə ən vacib məsələlərdən biridir:
“Kompleks bir yanaşma olmalıdır, xüsusi bir dövlət proqramı olmalıdır ki, ölkədə gənclərin müxtəlif sahələrdə, fərqli sahələrdə təsnifatlaşdırılması üçün sistemli şəkildə proqramlar həyata keçirilsin. Yəni, hər sahədə istedadı olan, qabiliyyəti olan, yaxşı ideyalar olan, startap layihələri olan, innovativ fikirləri olan gənclərə bunu reallaşdırmaq üçün imkanlar yaradılmalıdır. Bu bir tərəfdən yaradıcı və intellektual gənclərə aiddir, digər gənclər isə peşə məktəbləri, peşə kursları formasında kütləvi cəlb olunmalıdır. Təəssüf ki, peşə məktəbləri funksiyası son dərəcə zəifləyib. Peşəkar kadrlar yetişdirmək, peşəkar ustalar, mütəxəssislər yetişdirmək üçün sistem inkişaf etdirilməlidir".
Ekspert bildirib ki, gənclərin məşğulluğunun artırılması üçün dövlət xüsusi geniş miqyaslı proqram hazırlamalı və təbliğ etməlidir:
“Peşə təhsili ilə 100 ali təhsilli mütəxəssisdən daha üstün qabiliyyətlərə, maddi gəlir və imkanlara sahib gənclər yetişə bilər. Bazar buna imkan verir: texnologiya dövründə 3-5 aylıq kurslarla peşə öyrənərək real istehsalat və ya agrar sahədə uğur qazanmaq mümkündür. Gənclərə bu təbliğ olunmalı, düzgün yönəldilməlidir. Dövlət proqramları çərçivəsində ideyaları və istedadları reallaşdırmaq üçün imkanlar yaradılmalıdır ki, bu, həm iqtisadi inkişafa, həm məşğulluğun artırılmasına, həm də gənclərin ölkədən getməsinin qarşısının alınmasına xidmət etsin”.
Fatimə Hüseynli
