"Əgər bu tədris vasitəsi də olmasaydı, bu gün təhsilimiz tamamilə iflasa uğrayardı"
Təhsil Naziri Emin Əmrullayev bugünkü təhsil sistemi bağlı bir paylaşım etmişdi: "Azərbaycan dili imtahanında maksimum nəticə göstərən abituriyent bir səhifəlik esse yaza bilmir. Bu ciddi problemin ən böyük səbəbi də ali məktəblərə qəbul proqramının, ümumiyyətlə, o prosesin özünün bütün tədris mühitini, məktəbləri, ümumitəhsil seqmentini öz kölgəsində saxlamasıdır".
Sözügedən məsələyə aydınlıq gətirmək və problemin həll yollarını öyrənmək üçün təhsil eksperti Kamran Əsədov fikirlərini İnformator.az saytı ilə bölüşüb. Ekspert hesab edir ki, nəinki ölkəmizdə, postsovet ölkələrinin əksərində də təhsil sisteminin bugünkü durumu acınacaqlı vəziyyətdədir:
"Bunun səbəbləri kifayət qədər dərindir. Mövcud vəziyyət siyasi faktorlarla bağlı olub, SSRİ adlanan nəhəng bir imperiyanın müxtəlif müstəqil dövlətlərə parçalanması və nəticədə mövcud vahid sovet təhsil sisteminin də süquta yetməsi ilə izah olunmalıdır. Belə ki, sovet rejiminin bütün digər qüsurlarına baxmayaraq, onun elm-təhsil sisteminin kifayət qədər güclü olmasına, yüksək səviyyəli elm və pedaqoji kadrların mövcudluğuna da şəkk yox idi. Lakin bu da bir həqiqətdir ki, ölkəmizdə təhsil sisteminin bugünkü böhran vəziyyətinin sirlərini cəmiyyətimizin yalnız mövcud zəminində yox, əsasən keçən əsrin 70-80-ci illərdəki real qüsurlu məqamında axtarmaq gərəkdir. Danılmaz faktdır ki, orta məktəb şagirdləri dərsdən sonra hazırlıq kurslarına, repititorlara müaciət etməsələr yaxşı nəticə əldə etmələri inandırıcı olmaz".
Kamran Əsədov təhsildə kütləvi şəkildə repetitorluq modelinin son illərdə ortaya çıxdığını vurğulayır: "Əvvəl şagirdlər orta məktəbdə aldıqları biliklərin hesabına ali məktəblərə daxil olurdular. Repetitor yanına gedən şagird daha ciddi nəzarətə götürülür. Şagirdin vaxtı-vaxtında müəllimin yanına gedib-gəlməsi, müəllimə xüsusi ianə xərclənməsi və bütün bunların valideyn tərəfindən daha ciddi nəzarətə götürülməsi yaxşı nəticə verir. Orta məktəbə gedən şagirdi isə valideyn güclü nəzarətdə saxlamır. Həmin şagirdlər də hazırlığa gedə bilmədikləri, digər abituriyentlərdən “geri qaldıqları” üçün ruhdan düşürlər. Təcrübə göstərir ki, ali məktəblərə qəbul imtahanlarında heç bir müəllim yanına getməyən şagirdlər də yaxşı nəticələr əldə edirlər. Bu şərtlə ki, şagirdə həm valideyn ciddi nəzarət eləsin, həm məktəb dərsin keyfiyyətinə fikir versin".
Son vaxtlar abituriyentlərin repititorlara az müraciət etməsinin əsas səbəbinin onların xidmət haqlarının yüksək olmasında görən ekspert deyir ki, illərlə bu sahədə məşğul olan təcrübəli repetitorlar daha yüksək qiymətə xidmət haqqı təklif edirlər:
"Valideynlər isə daha uzun xidmət haqqına meyl edirlər. Yəni valideyn iki repetirora 200 manat verməkdənsə, 5 fənn üçün kursa göndərir, tədris mərkəzinə övladını və iki repititora verdiyi xidmət haqqını ödəyir. Bundan başqa son dövrlərdə qəbul imtahanlarında baş verən dəyişiklikləri repetitorlar yaxşı mənimsəmirlər. Onlar elektron ərizə qəbulu və bu kimi digər yenilikləri bilmədikləri üçün valideynlər əlavə yerlərə xidmət üçün müraciət etməli olurlar. Bildiyimiz kimi şagirdlər seçdiyi qrup üzrə onlara lazım olan fənlərə daha çox zaman ayırır və repetitor yanına da yalnız bu fənlər üzrə gedirlər. Bunun nəticəsində də şagirdlər elmi biliklərə birtərəfli qaydada yiyələnir. Beləliklə, şagirdlərin dünyagörüşləri zəif inkişaf edir. Bu da gələcəkdə onların iş fəaliyyətində problemlər yarada bilər".
Təhsil ekspertinin sözlərinə görə, repetitor fəaliyyətinin leqallaşması, rəsmiləşdirilməsi üçün bu sahəyə lisenziya sisteminin tətbiq edilməsi daha effektiv olardı: "Çünki bu gün ixtisası uyğun olmayan şəxslər də repetitorluq xidməti göstərirlər. Ona görə də Təhsil Nazirliyi, Dövlət İmtahan Mərkəzi, Vergilər Nazirliyi və Sosial Müdafiə Nazirliyinin mövcud olacağı bir komissiya yaradıb, orada təhsil xidmətləri göstərənlər yoxlanılmalı və fəaliyyət icazəsi verilməlidir. Bu gün taksi fəaliyyəti göstərmək üçün uyğunluq sertifikatı verilir. Yalnız sənədləri qaydasında olanlara bu icazə verilir. Düşünürəm ki, bunu repititorluq, hazırlıq kursları sisteminə də tətbiq etmək lazimdir. Ümumilikdə, repetitorluq qədim zamanlardan bəri mövcud olub, maddi cəhətdən az-çox imkanlı insanların övladları üçün nəzərdə tutulan xüsusi təlim-tədris vasitəsi kimi yüksək səviyyəli elitaların yetişdirilməsində mühüm rol oynayıb. Çox təəssüflər olsun ki, hazırda müəyyən istisna hallardan başqa, bu qədim təlim-tədris vasitəsi bu gün öz tarixi mahiyyətini itirərək, bir qisim işsiz və ya cüzi əmək haqqı alan alim və müəllimlərimizin əsas ruzi mənbəyinə çevrilib. Repetitorluğu açıq-aşkar biznesə çevirmə halları da istisna deyil. Ancaq bu gün repetitorların əksəriyyətini bilavasitə şagirdlərin öz orta məktəb müəllimləri təşkil edir. Müəllim-şagird münasibətlərində yaranan bazar ticarətinin hədsiz dərəcədə qınanmalı fakt olduğunu qəbul etsək də, digər tərəfdən, cüzi maaş alan müəllimlərimizin buna məcburən sövq edildiyini də qəbul etməyə borcluyuq. Bununla belə, istənilən halda repetitorluq təhsilin səviyyəsini aşağı salmaz, yalnız yüksəldə bilər. Qeyd etdiyim kimi, əgər bu tədris vasitəsi də olmasaydı, bu gün təhsilimiz tamamilə iflasa uğrayardı".
Fatimə Mustafayeva
