00:00:00
Yazar
Nərmin Həşimova
16.11.2026 20:08 42 2 dəq oxuma
Dünya

Heç bir ABŞ prezidentinin səfər etmədiyi Çinin möcüzə şəhəri

Heç bir ABŞ prezidentinin səfər etmədiyi Çinin möcüzə şəhəri

40 il əvvəl sadəcə kiçik balıqçı kəndi və manqrov bataqlığı olan, bu gün isə Nyu-Yorkdan daha çox göydələnə sahib futuristik meqapolis- Şençjen bu həftə tarixində ilk dəfə fəaliyyətdə olan ABŞ prezidentini qəbul edir. Donald Trampın APEC sammiti çərçivəsində səfər edəcəyi bu şəhər həm "Çinin Silikon Vadisi", həm də dünyanın ən sürətlə dəyişən turizm mərkəzlərindən biri kimi diqqət çəkir.
18 milyon sakininin qürurla "möcüzə şəhər" adlandırdığı Şençjendə hər şey gələcəkdən gəlmiş kimi görünür. Yollarda sürücüsüz elektrik taksiləri səssizcə şütüyür, səmada isə dronlar sakinlərə isti yemək və buzlu qəhvə çatdırır. Yol kənarındakı ağaclardan asılan kristal şarlar gündüzlər günəş enerjisi toplayır, gecələr isə küçələri işıqlandırır. Orta yaş həddinin cəmi 32 olduğu şəhərdə İstedadlar Parkı, Startap Yolu və Bilik Bağı kimi küçələr gənc sahibkarların ideyaları ilə qaynayır. Halbuki əlli il əvvəl burada üçdən çox ördək saxlayan fermerlərin "kapitalist yolu tutmaqda" ittiham olunduğu yoxsul bir ərazi var idi. Honkonqa yaxınlığına görə azad bazar təcrübəsi üçün seçilən bu məkan cəmi dörd onillikdə inanılmaz sıçrayış etdi. Bu gün adambaşına düşən ÜDM-in Çin üzrə orta göstəricidən iki dəfədən çox yüksək olduğu Şençjen Huawei, BYD, Tencent və dron nəhəngi DJI kimi qlobal markaların vətənidir.
Honkonqdan sürətli qatarla cəmi 14 dəqiqəlik məsafədə yerləşən bu meqapolis ziyarətçilərinə həm 100 mindən çox satıcının yerləşdiyi nəhəng Huaqiangbei elektronika bazarını, həm də İntibah dövrü əsərlərinin sərgiləndiyi yeni incəsənət muzeylərini bir arada təqdim edir.

Səkinə Musayeva

#prezidentinin #şəhəri #möcüzə #səfər
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər