Hörmüz boğazında artan aktivlik qlobal bazarlara necə təsir edir?
İran bayrağı altında üzən “Kaşan” konteyner gəmisi 13 apreldə Bəndər Abbas limanından yola düşüb. Bu barədə TASS məlumat yayıb.
Mövzu ilə bağlı iqtisadçı Asif İbrahimov “İnformator.az”a açıqlamasında bildirib ki, son günlərdə İran bayrağı altında üzən “Kaşan” və “Şabdisk” yük gəmilərinin sanksiyalara baxmayaraq beynəlxalq sularda aktiv hərəkəti regionda iqtisadi və geosiyasi proseslərin yeni mərhələyə keçdiyini göstərir:
“Bu hadisə bir daha sübut edir ki, İran mövcud vəziyyətdə məhdudiyyətlərə baxmayaraq dəniz ticarətini tam dayandırmayıb. Əksinə mesaj verməyə çalışır və alternativ mexanizmlər vasitəsilə iqtisadi fəaliyyətini davam etdirməyə çalışır. Bu vəziyyət ilk növbədə İran iqtisadiyyatının hər bir situasiyaya adaptasiya qabiliyyətinin olduğunu göstərir. Amma bu aktivlik dayanıqlı və geniş iqtisadi inkişafdan daha çox məcburi uyğunlaşma modelinin nəticəsi kimi qiymətləndirilə bilər. Bu sanksiyalar şəraitində həyata keçirilən ticarət əməliyyatları daha yüksək logistika xərcləri, artan sığorta xərcləri və qeyri-şəffaf maliyyə mexanizmləri ilə müşahidə olunur. Belə olduğu halda, bu addımların atılması məcburidir. Digər məqam da ondan ibarətdir ki, Hörmüz boğazından keçən ticarət axınları qlobal enerji bazarlarına ciddi təsir göstərir. Dünya neft tədarükünün təqribən 20 faizi, gündəlik 20-21 milyon barrel neft və sıxılmış maye qazın 30-35 faizi bu boğazdan keçir. Propan, butan, eləcə də kənd təsərrüfatı məhsulları və gübrələr bu marşrut vasitəsilə daşınır. Bu baxımdan, olduqca strateji əhəmiyyətə malik bir məntəqədir. Mövcud vəziyyətdə İran gəmisinin maneəsiz hərəkəti bazarda müəyyən stabillik siqnalı versə də, ümumi risk fonu qiymətlər üzərində təzyiqi saxlayır. İlk baxışdan belə görünür ki, İran gəmisi sanksiyalara baxmayaraq dənizlərdə üzür, lakin ümumi risk fonundan qaça bilmir”.
Ekspert qeyd edib ki, qiymətləndirmədə hələ də yüksək müharibə riski davam edir:
“Eyni zamanda, bu cür hadisələr qlobal ticarətdə alternativ marşrutların əhəmiyyətini daha da artırır. Lakin Hörmüz boğazı qədər effektiv və ucuz logistikanı təmin edəcək alternativ marşrut hələ mövcud deyil. Enerji ixracatçıları və iri iqtisadi güclər artıq tək bir strateji keçiddən asılılığın risklərini nəzərə alaraq yeni nəqliyyat və logistika dəhlizlərinin inkişafına üstünlük verirlər. Hazırda bu, əsasən boru kəmərləri vasitəsilə nəql, daha uzun yollar və təbii ki, daha bahalı daşınma deməkdir. Bu, orta və uzunmüddətli perspektivdə qlobal ticarət xəritəsinin daha genişlənmiş və şaxələnmiş formaya keçəcəyindən xəbər verir. İran gəmilərinin aktivliyi təkcə regional hadisə deyil, həm də qlobal enerji təhlükəsizliyi və beynəlxalq ticarət sistemində struktur dəyişikliklərinin davam etdiyini göstərən mühüm siqnaldır”.

Nuray Əliyeva