Hörmüz boğazında böhran: Enerji arteriyasının iflici qlobal iqtisadiyyata necə təsir edəcək?
Dünya enerji daşımalarının əsas mərkəzlərindən biri sayılan Hörmüz boğazı ətrafında yaranan gərginlik artıq təkcə regional deyil, qlobal iqtisadi təhlükəyə çevrilib. Neft və qazın böyük hissəsinin daşındığı bu strateji keçidin iflic olması enerji qiymətlərində kəskin artım, logistika zəncirinin pozulması və humanitar böhran riskini artırır.
Mövzu ilə bağlı iqtisadçı Günay Hüseynova “İnformator.az”a açıqlamasında bildirib ki, qısa müddətdə böhran neft qiymətlərini artırdı və idxalçı ölkələrə ciddi təsir göstərib:
“Hörmüz boğazında yaranan böhranın qlobal neft və qaz qiymətlərinə təsirlərinə keçid etməzdən əvvəl qeyd edilməlidir ki, atəşkəsin imzalanması inflyasiya tempini müəyyən qədər zəiflədib. Lakin bu, yalnız kağız üzərində həll olunan məsələ deyil; iqtisadiyyat real hadisələr və praktik nəticələrlə qiymətləndirilir. Qısa müddətə nəzər salsaq, artıq qlobal iqtisadiyyat bu mərhələni müəyyən qədər geridə qoyub və həmin təsirləri yaşayaraq müəyyən təcrübə əldə edib. Məlumdur ki, dünya üzrə neft ixracının təxminən 20-25%-i Hörmüz boğazından keçir. Böhran dövründə regiondakı gərginlik və boğazın bağlanması ehtimalı neft qiymətlərini 100-120 dollar aralığına qədər yüksəldib. Bu vəziyyətdən ən çox zərər çəkənlər idxalçı ölkələr olub. Həmin ölkələrdə enerji qiymətləri orta hesabla 20-25% artıb. Hazırda isə dünya iqtisadiyyatı artıq orta müddətli mərhələyə keçid edib və bazar müəyyən sabitləşmə siqnalları göstərir”.
Həmçinin ekspert qeyd edib ki, uzun müddətdə böhran həm risklər (inflyasiya, qeyri-sabitlik), həm də imkanlar (gəlir artımı) yaradır:
“Uzun müddətli perspektivdə isə vəziyyət daha mürəkkəb ola bilər. Əgər iqtisadi sabitlik pozularsa, qlobal miqyasda inflyasiya, stagflyasiya və yüksək volatillik ehtimalı artır. Bu ssenari müəyyən mənada 1970-ci illər enerji böhranı ilə paralellər aparmağa əsas verir. Azərbaycan üçün bu vəziyyət həm risklər, həm də imkanlar yaradır. Neft qiymətlərinin artması dövlət büdcəsində profisitin yüksəlməsinə səbəb ola bilər. Valyuta gəlirlərinin artması isə milli valyutanın sabitliyini qoruyur və devalvasiya riskini azaldır. Digər tərəfdən, regionda hərbi gərginlik investisiya mühitinə və turizm sektoruna mənfi təsir göstərə bilər. Bu da iqtisadi inkişaf üçün əlavə risklər yaradır. Alternativ enerji marşrutları və mənbələrinin inkişafı belə böhranların təsirini müəyyən qədər azalda bilər. Lakin uzunmüddətli qeyri-sabitlik şəraitində ölkələr yalnız alternativ enerji mənbələrinə deyil, həm də etibarlı ticarət tərəfdaşlarına yönəlməyə üstünlük verirlər”.
Arzu Poladova