00:00:00
Yazar
Zəhra Həsənova
04.08.2026 22:42 22 3 dəq oxuma
Siyasət

Hörmüz boğazının bağlanması İran üçün niyə təhlükəlidir? – Şərh

Hörmüz boğazının bağlanması İran üçün niyə təhlükəlidir? – Şərh

Hörmüz boğazı dünya enerji ticarətinin ən strateji marşrutlarından biri hesab olunur və burada baş verən hər hansı gərginlik qlobal iqtisadiyyata və beynəlxalq münasibətlərə ciddi təsir göstərir. İranın keçmiş xarici işlər naziri Məhəmməd Cavad Zərif də bu həssas məqama diqqət çəkərək bildirib ki, Hörmüz boğazının uzun müddət bağlanması və ya siyasi təzyq vasitəsi kimi istifadə edilməsi, hətta Çin də daxil olmaqla, İran əleyhinə beynəlxalq konsensusun formalaşmasına səbəb ola bilər. O, eyni zamanda, regionda idarəolunmaz gərginliyin davam etməsinin İsrail və onun müttəfiqlərinə ABŞ ilə maraq fərqlərini arxa plana keçirmək imkanı yaradacağını vurğulayıb.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında hərbi-siyasi ekspert Həşim Səhrablı bildirib ki, Məhməd Cavad Zərif bu məsələdə haqlıdır, amma bu təkcə İran üçün keçərli deyil:

 

"İstənilən beynəlxalq nəqliyyat şəbəkəsini hər hansı bir ölkə birtərəfli qaydada bağlı elan edərsə və güc istifadə edərək bağlayarsa, bu, əlbəttə ki, onun təklənməsinə və həmin nəqliyyat marşrutundan istifadə edən, oradan iqtisadi və digər sahələrdə təhlükəsizliyini təmin edən ölkələrin birbaşa cavab tədbirləri görməsinə səbəb ola bilər. Söhbət Hörmüz boğazından gedərsə, bu, İran üçün də keçərlidir. Bir vaxtlar ABŞ da deyəcəkdir ki, əgər İran boğazda nəqliyyatı bağlayacaqsa, biz də ümumiyyətlə okeandan Hörmüzə doğru istiqamətlənən bütün nəqliyyatı bağlayacağıq və İranın özünü blokadaya alacağıq. Yəni bu, ABŞ üçün də keçərlidir, İran üçün də. Kim oranın bütün nəqliyyat marşrutlarını birmənalı şəkildə bağlayacaqsa, təbii ki, beynəlxalq səviyyədə təklənəcək və hətta tərəfdaş ölkələri belə ona qarşı çıxacaqlar. İran tərəfi bunu çox yaxşı bilir. Hətta müharibə illərində, faktiki olaraq ərazini bağladıqları zaman biz nə ilə qarşılaşdıq?

Çin gəmilərinin və İranı dəstəkləməsə belə, İranla yaxın əlaqələri olan ölkələrin gəmilərinin keçidi üçün o qədər də ciddi maneələr yaradılmadı.

Yəni İran Hörmüzü bağlayarkən ona zərbə endirən ABŞ, İsrail və ABŞ ilə İsrailə dəstək verən ölkələr üçün bu məhdudiyyətləri tətbiq edib.

Zərbə endirdiyi gəmilər də Çin, Rusiya və ya bu ölkələrə yaxın ölkələrin deyil, ABŞ, İsrail və onlara yaxın olan ölkələrə aid gəmilər olurdu. Ona görə də, İran tərəfi nəzərə alır ki, əvvəldən bu faktı hesablayıb və öz tərəfdaşı saydığı, ona dəstək verə biləcək ölkələri, belə demək mümkünsə, küsdürməmək, özündən uzaqlaşdırmamaq üçün boğazın bağlanması məsələsində də seçici davranır. Düşmən elan etdiyi tərəflərin gəmiləri üçün bağlayır, tərəfdaş ölkələr üçün isə belə bir məhdudiyyət qoymur. Ancaq gələcəkdə problemi həll etmək üçün boğazı birmənalı şəkildə bağlayarsa, əlbəttə ki, burada Məhməd Cavad Zərifin dediyi hal baş verəcək. Çin yaxşı başa düşür ki, İran onun üçün, necə ki, biz Ukraynanı Avropanın təhlükəsizliyində, yəni şərqdən qərbə doğru təhlükənin qarşısını almaq üçün son qala hesab edirik, İran da Çin üçün son qala mahiyyəti daşıyır. İranda hakimiyyət dəyişərsə və yaxud İran dövləti məğlub olub parçalanarsa, yaxud sülh bayrağını qaldırarsa, onda növbəti hədəf birbaşa Çinin özü olacaq. Hörmüzü bağlamaq o demək olacaq ki, qarşı tərəflər də okeanda, Hörmüz ətrafındakı sularda İranın dənizə çıxışına birmənalı şəkildə məhdudiyyət qoyacaqlar.

Beləcə, İran qarşı tərəfləri Hörmüzə buraxmadığı kimi, digər tərəf, ABŞ və onu dəstəkləyənlər də İranın Hörmüzdən okeana çıxışına imkan verməyəcəklər. Bu zaman isə İran özünün iqtisadi nəfəsliyini boğmuş olacaq".

 

Mehriban Yariyeva

#gündəm #hörmüz #baki #şərh
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər