HƏRBİ SİRRİN PAYLAŞILMASI HƏRBÇİLƏRİMİZİN HƏYATINI TƏHLÜKƏYƏ ATIR
Son günlər sosial şəbəkələrdə müharibə ilə bağlı insanlarda təşvişə səbəb olan məlumatlar yayılır. Kimi cəbhə bölgəsindən paylaşılması qadağan olunan kadrları, kimi də müharibə dövründə çəkilmiş köhnə görüntüləri yeni adı ilə insanlara təqdim edir. Bir neçə gündür səfərbərlik elan edildiyini deyən həqiqəti əks etdirməyən xəbərlər də sosial medianı zəbt edib. Ordumuzla bağlı doğru və ya yanlış olan məlumatların yayılması düşmən tərəfə hərbi sirri ötürmək hesab edilməklə yanaşı, hərbçilərimizin həyatını da təhlükəyə atır.
Bu kimi məlumatlar xüsusilə Tiktok platformasında paylaşılır. Burda əsas niyyət bu cür dezinformasiyalar yaymaqla istifadəçi sayını artırmaqdır. Media eksperti Qulu Məhərrəmli deyir ki, sözügedən videolar bilərəkdən yayılır, sifariş yerinə yetirilir, müəyyən bir dalğa yaradılır. “İkinci və daha çox auditoriya toplayanlar bunu sadəcə adi maraqdan edir. Bunu görüm, bu necə olacaq, görüm buna necə reaksiya verəcəklər. Hamısı köhnə kadrlardı,btapırlar, yığırlar və bəzən ciddi adamlar buna layk qoyur ya rəy yazır. Birinci növbədə gördüyümüz sosial şəbəkədə bizə təqdim olunan bütün materiallara çox tənqidi yanaşmalıyıq”.
Hərbi ekspert Azər Bayramov da deyir ki, döyüş meydanında çəkilən foto və videoları yaymaqla hərbi sirri pozanlar arasında bunu bilmədən edənlər də az deyil. “Ordumuzla bağlı istər texnika olsun, istər şəxsi heyətin hər hansı bir video görüntüsünün çəkilməsi və sosial şəbəkələrdə yayılması birbaşa düşmənin dəyirmanına su tökməkdir. Ordumuzda çox ciddi işlər aparılıb, bu paylaşımlarla hərbçilərimizin həyatını təhlükəyə ata bilərik”.
Hüquqşünas Arslan Mikayılovun sözlərinə görə, qanunvericilikdə dövlət sirrini yaymağa görə cinayət məsuliyyəti nəzərdə tutulur. “Azərbaycan Respublikasının qüvvədə olan Cinayət Məcəlləsinin 284-cü maddəsinə əsasən, dövlət sirri təşkil edən məlumatların yayılması bilavasitə subyekt olaraq vəzifəli şəxs ilə bağlıdır, yəni vəzifəli şəxs olaraq dövlət sirri təşkil edən mnəlumatlarla işləyən şəxs həmin məlumatları yayırsa, bilavasitə Cinayət Məcəlləsinin 284-cü maddəsinin təsiri altına düşür və ona 3 ildən 6 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası müəyyən olunub. Bu məlumatların yayılması əgər ağır nəticələrə səbəb olursa, maddənin sanksiyası daha da ağırlaşır - azadlıqdan məhrum edilmə 4 ildən 8 ilədək dəyişir”.
Fiziki şəxslər barədə isə bu kimi hallarda hər hansı cəza tədbiri nəzərdə tutulmur. Bəzi sosial şəbəkə istifadəçilərinin cılız məqsədlərlə dövlətin və ordunun maraqlarını tapdaması da yəqin ki, sırf bu boşluqla əlaqəlidir.
LAMİYƏ
