Həyat çox qəddardı - o sevinci, o duyğuları geri qaytarmamaqla birdəfəlik aldı
Gündüz hava soyuq idi. Anam yemək hazırlayırdı, balaca bacım sevinclə oyuncaqları ilə oynayırdı. Atamın isə işdən gəlməyinə az qalmışdı. Böyük bir sevinc və səbirsizliklə atamın yolunu gözləyirdim. Gələndə uzun zamandı istədiyim iti almağa gedəcəkdik. Anam mətbəxdən mənə səsləndi, yəqin atam gəldi. Əla!
- Gəldim anacan!
- Canım oğlum, əynini qalın geyin. Get çörək al.
- Anacan, atamla danışdın? Bugün çox xoşbəxtəm, axır ki itim evə gələcək.
- Əlbəttə! Gecikmədən get, gəl.
Əyinimi geyinib evdən çıxdım, market evimizdən aşağıdakı küçədə idi. Blokumuzda yalqız yaşayan qoca nənə ilə baba var. Onların da nəyəsə ehtiyacı varmı deyə qapılarını döydüm. Məni gülər üzlə qarşıladılar və çörək almağımı istədilər. Mağazadan çörəkləri alıb nənəgilinkini verdikdən sonra evimizə daxil oldum. Atam evdə idi. Həm də istədiyim itimi gətirmişdi. Qaçaraq atamın qucağına çıxdım, sonra itimi qucaqladım. Çox gəşəng ağlı-qaralı yumşaq tüklü it idi. Anam süfərini hazırladı, hamı masa başında idi. Anam mənə səsləndi. İtimi də götürüb salona keçdim və masaya əyləşdim. Hər kəs sevincli idi, şənlənərək yemək yeyirdik. Bir an sanki göylərin yerə acığı tutdu, hər tərəf çökdü. "Ana" deyə qışqıranda gözlərim yumuldu. Gözlərimi açdıqda ətaf qaranlıq idi, üstümdə nəsə ağırlıq vardı və tərpənə bilmirdim. Üzüstə torpağa baxırdım. O vaxt anam, atam, bacım, balaca itim yadıma düşdü. Nəfəs almağım çətinləşirdi, çox ağlayıb sızladım. Lakin nə səsim eşidildi, nə də ağrılarım azaldı. Güclə tutunmağa çalışırdım. Çox yuxum gəlirdi və gözlərim yumuldu. Bilmirəm gündüz idi, ya gecə. Acam və çox susamışam, tərpənə də bilmirəm. Allahım, nə olar yardım et, bir işiq göstər, ailəmə kömək ol. Ayaq səsləri gəldi... qışqırmaq istədim, lakin ağzıma torpaq dolurdu və çox gücsüz idim, ağırlığın altında ürəyim çırpınırdı. Səslər kəsildi və ağlamağa başladım. Göz yaşlarım torpağa qarışıb palçıq olurdu, aclıqdan sanki hər tərəfimə iynələr batır kimi hiss edirdim, göz yaşlarımla formalaşan palçığı yeməyə çalışdım. Gözlərim yumuldu... bir müddətdən sonra yenidən ayaq səsləri eşitdim. Məni tapmaları üçün Allaha dua etdim. Gücüm çatan qədər qışqırdım və axır ki yerimi tapdılar. Xilaskar əmilər gəlib ehtiyatla üzərimdəki betonu götürərək yavaşca qucaqlarına alıb torpağın altından çıxardılar.
Gördüklərim çox qorxunc idi, sanki dünya məhv olmuşdu. Binalar yerlə bir, ətraf adamlarla dolu idi. Hər kəs bir yana qaçırdı. Məni təcili yardım maşınına apardılar. Gözüyaşlı həyatımı xilas edənlərə baxaraq anam, atam, bacım və itimin də orda olduğunu bildirdim, yalvardım ki, onları da xilas etsinlər. Mən olan yerdə axtarış etdilər. Digər tərəfdən bir ana ilə uşaq çıxardılar. Ana balasını yaşatmaq üçün tüpürcək vermişdi, amma uşaq anasının qucağında ölmüşdü. Bəs mənim atam, anam, bacım... Görəsən necədilər? Onları istiyirəm! Möhkəm ağladım və başımdakı yara qanamağa başladı. Həkimlər başımı sarayaraq məni güclə sakitləşdirdilər. Nənə ilə baba da tapılmışdı, amma cansız bədənləri ilə. Dünya çox acımasızdı, dua etməkdən başa çarəm yox idi. Gözüyaşlı yuxuya getdim. Yuxudan sevincək oyandım, hiss etdim ki ailəm tapılıb. Çölə çıxdım və o an gözlərim qarşısındakı mənzərəni görəndə dizlərim üstə çökdüm... bədənim titrəyərək ağladım. Atam, anam, bacım ölmüşdülər. İndi mən nə edəcəm Allahım, artıq mənim ailəm yoxdurmu? Niyə? Axı mən etdim? Nə olar geri qayıtsınlar, məni tək qoymasınlar.
Ailəmdən yadigar qalan itim sağ qalmışdı, onu yanıma gətirdilər. İtimi möhkəm qucaqlayaraq için-için ağladım. Sabah oldu... gözlərimi açmaq istəmirdim. Məni uşaq evinə yerləşdirdilər. Gecə-gündüz ağlayaraq fikirləşirdim ki, bəlkə binamızın təməli möhkəm olsaydı indi ailəmin isti qucağında idim, minlərlə insan isə sağ-salamat ailəsi ilə bir yerdə idi. Həyat çox qəddardı. O sevinci, o duyğuları məndən geri qaytarmamaqla birdəfəlik aldı.
