İki növbəli tədris prosesi - EKSPERT RƏYLƏRİ
İki növbəli dərs sisteminin mövcudluğu nə dərəcədə doğrudur? İnsan psixologiyası üçün təsiri nədən ibarətdir? Günorta növbəsinin olmasınını səbəbi nədir?
İnformator.az-ın bu dəfəki qonaqları psixoloq Bahar Bəylərova və təhsil eksperti Elmin Nurizadədir.
Əvvəlcə psixoloq Bahar Bəylərova-Ələkbərova bununla bağlı araşdırma aparılması gərəkdiyini və Azərbaycanda universitetlərdə günorta növbəsi ilə bağlı tədqiqatların aparılmadığını deyib:
"Əslində, universitetlə bağlı bu kimi hər hansı bir tədqiqatı həyata keçirməmişəm. Çünki bunun üçün müxtəlif araşdırmaların aparılması lazımdır ki, onlar oxunsun, analiz edilsin. Məsələn, xarici ölkələrdə belə bir tədqiqat var ki, məktəblərin səhər tezdən başlaması yaxşı deyil. Dərs daha effektiv ola bilsin deyə, məktəblər, təxminən, 10-11 kimi başlamalıdır. Azərbaycanda bu keçərlidirmi, bilinmir. Yəni bu məsələ ilə bağlı bir şey demək üçün onun Azərbaycan mühitində araşdırılması gərəklidir".
Xarici ölkələrdə aparılan araşdırmalara görə, səhər insan beyninin ən aktiv olduğu saatlarda dərs keçirilməsinin daha effektiv olduğunu deyən Bahar Bəylərova-Ələkbərova bununla bağlı başqa məsələlərin də önəm kəsb etdiyindən bəhs edib:
"Xarici ölkələrdə aparılan araşdırmalara görə, dərsin günorta növbəsi deyil də, 9-10 kimi başlaması daha effektivdir. Çünki günorta növbəsində gün bölünmüş olur və insan beyninin aktiv saatına düşmür. Yəni beynin yatmış saatı olur, uşaqlar səhər yeməklərini normal yemirlər, bədənləri, zehinləri oyanmır və dərsə başladıqlarında bu, onların dərsdən soyumasına səbəb ola bilir. İkinci növbə isə heç yaxşı deyil, çünki gün yarıya bölünür və həm insan səhər vaxtından, həm də günün digər yarısından keyfiyyətli istifadə edə bilmir. Yəni bir gün itirilmiş olur. Bu, həm ailələr, həm də uşaqlar üçün problem yaradır. Məktəb, sinif, uşaq sayına diqqət yetirilməlidir. Bunlara nəzarət edilməzsə, dərsin nə zaman başladığından asılı olmayaraq, ümumiyyətlə, rejim effektiv olmayacaq. Bir məsələyə nəzər yetirəndə digər xüsusiyyətlərinə də diqqət yetirmək lazımdır. Lakin burda dərsin doğru keçirilməsi, yəni dinlənmə vaxtının normal olması gərəkdiyi kimi başqa məsələlər də var".
"Universitetlərə gəldikdə isə dərsdə oturmaq, saatların varlığı belə, əslində, sual altındadır" deyən Bahar Bəylərova-Ələkbərova tələbələrin yaş dövrü nəzərə alınaraq bu kimi məsələlərin fərqli formada tənzimlənməsi gərəkdiyini, mühazirələrin online, seminarların isə offline şəkildə keçirilə biləcəyini qeyd edib:
"Yəni universitetlərdə tələbələr daha sərbəst olmalıdır. İstəyən mühazirəni dinləməlidir, yaxud dərslər audio şəklində keçirilməlidir. Məsələn, mühazirələr online rejimdə, seminarlar isə offline şəkildə keçirilə bilər. Belə olanda, böyük ehtimalla, səhər, yaxud günorta rejimi ilə bağlı da problem yaranmaz. Həmçinin dərsin təşkili qayıb limiti və s. ilə deyil də, nəticəyə görə dəyərləndirilməlidir. Yaş dövrü ilə əlaqədar olaraq universitetlərdə bu kimi məsələlər fərqli formada tənzimlənməlidir".
Təhsil eksperti Elmin Nurizadə rejim haqqında danışıb və hətta üç növbəli dərslərin keçirildiyini deyib:
"Azərbaycanda, xüsusilə, paytaxt Bakıda elə məktəblər var ki, onlarda nəinki iki, hətta üç növbəli dərslər keçirilir".
Elmin Nurizadə iki növbəli təhsil sisteminin şagird çoxluğu ilə bağlı olduğunu və bunun səbəblərindən birinin də paytaxt Bakıya insan axını ilə əlaqədar olduğunu deyib:
"Öncəliklə, iki növbəli dərslər haqqında danışmaq istəyirəm. Nəyə görə iki növbəli? Bunun yalnız bir səbəbi var. Bu, şagird sıxlığının qarşısını almaq məqsədilə tövsiyə edilən bir çıxış yoludur. Bizdə bəzən o həddə çatıb ki, hətta iki növbəli məktəblərdə belə şagird sayının çoxluğundan xeyli əziyyət çəkilir. Reallıq budur ki, bizdə paytaxta kifayət qədər güclü axın var. Rayon məktəblərinin bəzi yerlərində, demək olar ki, iş imkanları və digər problemlər olduğundan insanlar paytaxta axışır".
Yeni rejimin mümkünsüz olduğunu bildirən ekspert məsələnin psixoloji cəhətindən danışıb və məsələnin dövlət maraqlarına xidmət etmədiyini vurğulayıb:
"Təbii ki, paytaxtda yaşayan şəxslərin övladları da şəhərdə oxumalıdırlar. Bu səbəbdən Abşeron, xüsusilə də, Bakı, qismən Sumqayıt məktəblərində çox ciddi şagird sıxlığına rast gəlinir. Biz belə olan təqdirdə tədris prosesi üçün iki növbəli sistemin ağırlığından qətiyyən danışa bilmərik. Şübhəsiz, insan zehninin işlək saatları olur, insan beyninin bəzi nevroloji və neyroloji xüsusiyyətləri var ki, səhər saatlarında tədris prosesi ilə məşğul olunması onu daha irəli ata bilər. İstər Sovet təhsil sistemində, istər digər bir çox ölkələrdə də iki növbəli sistemdən istifadə olunur. Bir növbəli sistemə keçid, ümumiyyətlə, bir çox problemə görə mümkün deyil. Təsəvvür edin, bunun üçün ayrıca məktəblər tikilməli, müəyyən infostruktur ayrılmalı, xüsusi layihələr icra edilməlidir. Yəni nəzəri baxımdan mümkün olsa da, praktiki baxımdan qəti mümkün deyil. Heç dövlətin maraqlarına xidmət də etmir".
"Bununla belə, şəxsən mən iki növbəli təhsilin o qədər də zərərli olduğunu düşünmürəm" deyən Elmin Nurizadə əsas siniflərin onsuz da səhər növbəsində olduğunu qeyd edib:
"Çünki əsas, yəni yuxarı siniflərə dərs səhər saatlarında başlayır. Yalnız ibtidainin bir neçə sinfi və yeddinci sinfə qədər olan dərslər günorta növbəsindədir. Tədris prosesində əsas olan siniflər, illər səhər növbəsindədir. Biz çalışaq ki, bütün siniflər məhz birinci növbədə olan dərslərə başlasın, bütün məktəblər bir növbəli dərslərə keçsin, dediyim kimi, bu praktiki baxımdan mümkün deyil".
Aydan Qasımova
