00:00:00
Yazar
Admin User
26.04.2023 08:37 361 3 dəq oxuma
Sosial

İkinci Qarabağ müharibəsində saxta xəbərlərlə mübarizə

İkinci Qarabağ müharibəsində saxta xəbərlərlə mübarizə

Azərbaycanla Ermənistan arasında hər zaman informasiya müharibəsi olub. Lakin bu, ikinci Qarabağ müharibəsi zamanı qlobal səviyyəyə çatdı. Həmin 44 gün ərzində düşmən tərəfi az qala hər saniyə Azərbaycan əleyhinə saxta xəbərlər yayırdı. Azərbaycan təkcə döyüş meydanında deyil, informasiya məkanında da saxta xəbərlərlə mübarizə apararaq qələbə qazandı.

Azərbaycana qarşı yayılan saxta xəbərlərin müharibənin gedişinə təsirini müzakirə etmək üçün jurnalist və televiziya aparıcısı, "İstiqlal" analitik qrupunun rəhbəri Heydər Mirzə ilə həmsöhbət olduq.

 

Müharibə zamanı Azərbaycan informasiya məkanında hansı üstünlüklərə malik idi?

44 günlük Qarabağ müharibəsi zamanı Azərbaycanın əsas üstünlüyü bizim xeyrimizə inkişaf edən müharibə reallığı idi. Bu səbəbdən yalana ehtiyacımız yox idi. Jurnalist nöqteyi-nəzərindən etməmiz lazım olan yalnızca reallığı olduğu kimi əks etdirməkdi. Bu, kifayət idi. Halbuki düşmən ilk gündən son günə qədər yalan danışmağa məcburdu. Həqiqətən məlumat və psixoloji əməliyyatlar üzrə peşəkar ola bilərsiniz. Amma baş verən itkini qəbul etməkdən başqa yol yoxdur. Məsələn, Hadrutun düşmən işğalından azad olduğu günü xatırlayın. Hadrutu itirmisiniz. Bu zaman yalnız bir neçə saat yalan danışa bilərsiniz. Bundan sonra, əlbəttə, reallıq öz yerini alacaq.

İkinci üstünlüyə gəlincə, Türkiyədən aldığımız kütləvi media dəstəyini qeyd edərdim. Türk mediası, xüsusən də beynəlxalq media o dövrlərdə bizim üçün xarici dünyaya açılan pəncərə rolunu oynayırdı.

 

Ermənistan tərəfindən daha çox hansı növ saxta xəbərlər yayılıb?

Əsasən bu və ya digər coğrafi məntəqənin ordumuz tərəfindən azad edilməsi faktlarının inkar edilməsi, ordumuzun verdiyi itkilərin miqyası və xarakteri ilə bağlı saxta məlumatlar, Ermənistan tərəfində mülki itkilər barədə saxta məlumatlar və üçüncü tərəflərin müharibədə bizim tərəfimizdə iştirakı ilə bağlı yalanlar yayılırdı.

 

Azərbaycana qarşı saxta xəbərlərin ən yadda qalan nümunəsi sizcə hansı idi?

Hər hansı bir misal çəkmək çətindir, amma mən üçüncü tərəflərin bizim tərəfimizdə müharibədə iştirakı ilə bağlı saxta xəbərlərə daha çox diqqət yetirərdim.

 

Azərbaycana qarşı saxta xəbərlərin əsas məqsədi nə idi?

Belə deyək, hər birinin öz məqsədi var idi. Bəziləri bizim daxili auditoriyanı hədəf alır və psixoloji zərər vurma məqsədi daşıyırdı. Digərləri isə beynəlxalq auditoriyanı hədəfə alaraq bizi dünya ictimaiyyətinə barbar kimi göstərməyi hədəfləyirdi. Belə məqamlarda fərqli auditoriyalar fərqli hədəfləri və fərqli metodları şərtləndirirlər.

 

İkinci Qarabağ müharibəsi zamanı hökumətin internetə çıxışı məhdudlaşdırmaq qərarı barədə nə düşünürsünüz?

Bu, müasir müharibədə hibrid elementin mürəkkəbliklərini və 2020-ci ilin iyulunda Tovuzda olduğu kimi Ermənistanla əvvəlki toqquşmalar zamanı təcrübələri nəzərə alaraq vaxtında verilmiş qərar idi.

 

Ümumiyyətlə, Azərbaycan mediası Ermənistanın yaydığı saxta xəbərlərlə mübarizədə hansı strategiyalardan istifadə edir?

Qarabağda 44 günlük müharibədən əvvəl və müharibə zamanı həyata keçirilən strategiyalarımızla indi, yəni müharibədən sonrakı strategiyalarımız xeyli fərqlənir. Bunun əsas səbəbi 2020-ci ildən indiyədək danışıqlar prosesində baş verən proseslərlə bağlıdır. Eyni zamanda Ukrayna müharibəsi ilə bağlı dünyada dəyişən geosiyasi kontekst də buna təsir edən amillərdən biridir. Ən əsası isə Qarabağ müstəvisində kontekstin dəyişməsidir. İranla artan gərginlik də xəbər gündəmində getdikcə daha çox yer alır. Deməli, hazırda diqqətimiz təkcə Ermənistan deyil. Mənim bildiyimə görə, bizim media strategiyamız hazırda bir sıra transformasiyalardan keçir və əsas məqsəd yeni çağırışlara uyğunlaşmaqdır.

 

Səfiyə Xudakişiyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər