İlham Əliyevin Münhendən mesajı: "Ermənistan konstitusiyası dəyişməlidir"
Prezident İlham Əliyevin Münhen Təhlükəsizlik Konfransı çərçivəsində verdiyi bəyanatlar regionda sülh gündəminin əsas şərtini bir daha diqqət mərkəzinə gətirib. Dövlət başçısı Ermənistanla yekun sülh sazişinin imzalanması üçün rəsmi İrəvanın qarşısında konkret tələb qoyub: Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarına son qoyulmalı və hüquqi sistem yenilənməlidir.
Mövzu ilə bağlı “İnformator.az”a müsahibəsində siyasi şərhçi Oqtay Qasımov bildirib ki, Azərbaycanın Ermənistanla sülh müqaviləsi imzalaması üçün irəli sürdüyü tək şərt Ermənistan konstitusiyasında dəyişikliklərin edilməsidir. Çünki orada Azərbaycana, o cümlədən Türkiyəyə qarşı ərazi iddiaları yer alır:
"Azərbaycan Prezidenti də məhz son müsahibəsində bunu xüsusi olaraq qeyd edib. Azərbaycan hesab edir ki, Ermənistanla sülh müqaviləsi yalnız Ermənistan hakimiyyəti ilə deyil, cəmiyyəti, xalqı ilə imzalanmalıdır. Yəni referendum keçirilərək cəmiyyətin Azərbaycanla normallaşma prosesinə münasibəti öyrənilməlidir. Əgər erməni cəmiyyəti konstitusiya dəyişikliyinə, Azərbaycana qarşı ərazi iddialarının ləğvinə səs verəcəksə, bu o deməkdir ki, erməni cəmiyyəti Azərbaycanla sülh şəraitində yaşamağa hazırdır. Fərqli nəticə çıxacaqsa, bu isə göstərir ki, Ermənistan cəmiyyəti Azərbaycanla münasibətlərin normallaşmasına hazır deyil. Fransa və digər dövlətlərin Ermənistana dəstəyi hər zaman olub. Bu dəstək işğal dövründə işğalın əbədiləşdirilməsi və legitimləşdirilməsi üzərində qurulub. Hazırkı dövrdə isə 44 günlük savaş və antiterror əməliyyatlarından sonra Ermənistanın müqavimət gücünün artırılması və ölkədə gərginliyin saxlanılması sülh prosesinə əngəl törədib. Bununla onlar Qafqaza yerləşmək və maraqlarını təmin etmək siyasətini həyata keçirmək istəyiblər. Lakin Azərbaycanın apardığı optimal siyasət nəticəsində sülh müqaviləsi ilə bağlı məsələ öz həllini tapıb. Əgər Ermənistan hakimiyyəti konstitusiya dəyişikliklərini həyata keçirməyəcəksə və konstitusiyada Azərbaycana qarşı ərazi iddiaları qalacaqsa, bu, göstərici olacaq ki, Ermənistan cəmiyyəti Azərbaycanla sülh şəraitində yaşamağa hazır deyil. Bu da gələcəkdə gərginlik üçün müəyyən faktorların qalması deməkdir. Şübhəsiz ki, bu gərginliyin qalması Ermənistanın öz himayədarlarından daha çox dəstək almaq, onların bölgədə rolunu artırmaq imkanını da genişləndirə bilər. Lakin belə bir siyasət Ermənistan üçün normal gələcək vəd edirmi? Əsas sual budur: əgər Ermənistan Qafqazda müstəqil dövlət kimi mövcud olmaq istəyirsə, bütün qonşuları ilə, xüsusilə Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmalıdır".
Ədilə Hüseynzadə
