ING Azərbaycanda 2026-cı il üçün inflyasiya proqnozunu aşağı salıb
Beynəlxalq maliyyə qurumu ING Azərbaycanda 2026-cı il üçün inflyasiya ilə bağlı əvvəlki gözləntilərini yeniləyərək aşağı istiqamətdə korrektə edib. Bankın açıqlamasında qeyd olunur ki, qiymət artım tempinin zəifləməsi makroiqtisadi sabitliyin güclənməsi, Mərkəzi Bankın pul siyasəti və hökumətin inflyasiya gözləntilərini aşağı çəkməyə yönəlmiş addımları ilə əlaqəlidir.
Mövzu ilə bağlı iqtisadçı ekspert Natiq Cəfərli “İnformator.az”a açıqlamasınsa bildirib ki, isə bu tip proqnozlara daha ehtiyatla yanaşmağın vacib olduğunu bildirir:
“Xarici banklar və maliyyə qurumları Azərbaycanda inflyasiya ilə bağlı ayrıca ölçmə mexanizmlərinə malik deyillər və əsasən rəsmi statistika ilə hökumətin açıqladığı gözləntilərə istinad edirlər. Yəni ING kimi qurumlar Mərkəzi Bankın və hökumətin inflyasiya proqnozlarını aşağı salmasını əsas götürərək öz hesabatlarını tərtib edirlər və bu, daha çox mövcud rəsmi mövqenin təkrarı kimi çıxış edir. Əvvəlki illərin təcrübəsi bu cür proqnozların reallıqdan tez-tez geri qaldığını göstərib. Məsələn, 2025-ci il üçün də inflyasiya ilə bağlı rəsmi və beynəlxalq proqnozlar kifayət qədər aşağı idi, amma nəticədə xüsusilə ərzaq qiymətlərində artım 6–8 faiz intervalında qeydə alınıb. Bu isə onu göstərir ki, kağız üzərindəki proqnozlarla bazardakı real qiymət dinamikası arasında ciddi fərqlər yarana bilir. İnflyasiyanın azalacağı ilə bağlı açıqlamalar daha çox gözlənti formalaşdırmaq məqsədi daşıyır, amma bu, avtomatik olaraq insanların gündəlik xərclərinin azalacağı anlamına gəlmir. Çünki Azərbaycanda inflyasiyanın strukturu əsasən ərzaq və gündəlik tələbat mallarının qiymətləri ilə bağlıdır və məhz bu sahədəki artımlar əhalinin real alıcılıq qabiliyyətinə birbaşa təsir edir. Hətta ümumi inflyasiya göstəricisi aşağı düşsə belə, əgər əsas istehlak səbətində bahalaşma davam edərsə, vətəndaşlar bunu gündəlik həyatda hiss etməyə davam edəcəklər”.
Ekspertin fikrincə, beynəlxalq bankların verdiyi proqnozlar analitik baxımdan maraqlı ola bilər, amma onlar etibarlı istinad mənbəyi kimi qəbul edilməməlidir:
“Çünki indiyə qədər rəsmi və beynəlxalq qurumların açıqladığı inflyasiya gözləntiləri ilə faktiki göstəricilər arasında fərq daim mövcud olub və əksər hallarda real inflyasiya proqnozlardan daha yüksək çıxıb. Bu baxımdan ING-in 2026-cı il üçün inflyasiya proqnozunu aşağı salması bazarlarda müəyyən nikbinlik yaratsa da, Azərbaycanın daxili qiymət dinamikası, xüsusilə ərzaq və kommunal xərclər sahəsindəki vəziyyət hələ də əsas risk faktoru olaraq qalır. Ona görə də yaxın illərdə inflyasiyanın həqiqətən nə qədər zəifləyəcəyini müəyyən edən əsas göstərici beynəlxalq hesabatlar deyil, ölkə daxilində qiymətlərin real davranışı olacaq”.
Ayşə Müzəfərli
