İnsan bəzən nəyə görə özünü xoşbəxt hiss etməyə imkan vermir?
Həyatımızın bir çox anında xoşbəxtlik üçün səbəblərimiz olsa da, bəzən daxili bir sədd bizə bunu hiss etməyə mane olur. Bu vəziyyətin psixoloji səbəbləri nə ola bilər? İnsan özünü niyə və necə xoşbəxtlikdən uzaq tuta bilər?
Mövzu ilə bağlı "İnformator.az"a verdiyi açıqlamada psixoloq Nabat Mirzəyeva bildirib ki, yaşadığımız bütün hekayələrimizin hər biri uşaqlıq travmalarımıza əsaslanır:
"Biz onun fərqinə varmadığımız müddətcə o yaşanan hekayə bizimlə bərabər yaşamağa, yoğrulmağa və böyüməyə davam edir. Bizim uşaqlıq vaxtlarımızda yaşadığımız, xoşbəxt olduğumuz anda anidən olaraq valideynlərimizin və ya yanımızda olan başqa birinin bizə qışqırması, tənqid etməsi bizim həmin vaxta, xoşbəxt olduğumuz ana uyğun mütləq bir hadisə baş verir düşüncəsi yaranmağa başlayır. Bu böyüdüyümüz zamanlarda, çox gülən ağlayar və ya bu gün özümü çox xoşbəxt hiss edirəm, deməli, nəsə hadisə baş verəcək. Hər xoşbəxtliyin arxasında bir hekayənin olacağını, acı bir hadisənin olacağını düşündüyümüz üçün, özümüzü xoşbəxt olmamaq üçün saxlayır. Biz düşünürük ki, xoşbəxt olmaq üçün onu qazanmalıyıq, yəni xoşbəxtliyi nələrsə edərək əldə etməliyik. Həyatda xoşbəxt olmağımız üçün mütləq nəyisə etməliyik ki, onun qarşılığını xoşbəxtlik olaraq almalıyıq düşüncəsi ilə uşaqlığımızda yorulmuşuq. Böyüdüyümüz zaman da mən buna layiq deyiləm axı, buna layiq olmaq üçün heç nə etməmişəm ,yəni nəsə etməmişəm axı qarşılığında xoşbəxtlik görüm düşüncəsi ilə yaşayırıq".
Həmçinin psixoloq bildirib ki, uşaqlıq zamanı həddən artıq məsuliyyət götürən insanlar da artıq böyüdükləri vaxt ərzində o məsuliyyətdən qaynaqlannaraq, başqalarının xoşbəxtliklərini öz xoşbəxtliklərindən üstün tutduqlarına görə, həyatlarını xoşbəxtliklərə qarşı məhdudlaşdırırlar:
"Yəni çiyinlərinə maddi və ya mənəvi olaraq o qədər yük alırlar ki, özlərinə zamanın çatmayacağını, onsuzda mənə zaman gəlib çatmayacaq, mənim xoşbəxt olmağımın mənası yoxdur deyə düşünərək monoton bir həyat yaşamağa davam edirlər. Sözsüz ki, əgər uşaqlıq vaxtımızda mübarizəli, mücadilə dolu həyat yaşamışıqsa və ya qazanılan uğurun, xoşbəxtliyin bir mücadilə və ya mübarizə yolu ilə olacağını biliriksə, həyat bizə hər bir çətinlikdə, maddi və mənəvi olaraq yoğrulmağı öyrədibsə, həyatımız normal olan zaman biz düşünürük ki, nəsə boşluq var, nəyə görə sakitçilikdir? Çünki, beynimiz o sakitçiliyə, hüzura öyrəşməyib, artıq baş verən ani rahatçılıq bizdə narahatlıq doğurur və həyatda bir etap axtarırıq ki, orda narahatlıq yaransın, məsələn hər hansı bir problemimizi düşünməyə başlayırıq artıq bu zaman özümüzü komfort alanında hiss edirik. Xoşbəxt olduğumuz zaman narahatlıq və ya hüzursuzluq yaranırsa, özümüzə zaman ayırmalıyıq. Bir müddət öz-özümə düşünməliyik. Baş verən narahatlıq mənim uşaqlığımla qaynaqlanır, mən artıq yetkin bir şəxsəm və yaşadığım xoşbəxtliyə layiqəm. Özümüzlə ünsiyyətə keçərək, bu xoşbəxtliyə layiq olduğumuzu özümüzə xatırlatmalıyıq. İnsan böyüdüyü müddətcə, sevmədiyi hər bir xarakterini formalaşdırıb özünün istədiyi halını hər bir zaman yarada bilər".
Aysun Vəliyeva
