İnsan davranışının görünməyən təhlükəsi
Psixologiyada aqressiya insanın digər şəxslərə, əşyalara və ya özünə yönəlmiş düşmənçilik, zərərvermə və ya dağıdıcılıq məqsədi daşıyan davranış forması kimi qiymətləndirilir.
Mövzu ilə bağlı psixoloq Mirsadiq Muxtarov “İnformator.az”a bildirib ki, aqressiya yalnız fiziki zorakılıq və ya yüksək tonla danışmaqdan ibarət deyil, daha gizli və dolayı formaları da mövcuddur:
“Cəmiyyətdə aqressiya adətən qışqırmaq, vurmaq və təhqir kimi açıq davranışlarla əlaqələndirilir. Lakin manipulyasiya, susqunluq, passiv müqavimət kimi dolayı formalar da aqressiv davranışın tərkib hissəsidir. İnsanlar çox zaman ‘əsəb’i aqressiya ilə səhv salırlar. Əsəb emosiyadır, aqressiya isə həmin emosiyanın davranış formasında ifadəsidir. Aqressiv davranışların yaranmasında bir çox faktorlar rol oynayır. Uzunmüddətli stress, emosional yüklənmə, nəzarət hissinin itməsi beyində müdafiə mexanizmlərini aktivləşdirərək impulsiv reaksiyaları gücləndirir. Hormonal dəyişikliklər, nevrotransmitter pozuntuları və genetik meyllilik də aqressiv davranışa təsir edən bioloji səbəblər sırasındadır. Sosial mühit aqressiyanın formalaşmasında həlledici rol oynayır. Zorakılığın adi qarşılandığı ailə modelləri, uşaqlıq travmaları, sərt ünsiyyət formaları aqressiyanın sonrakı dövrlərdə artmasına səbəb olur. Xüsusilə sosial şəbəkələrdə anonimlik insanların aqressiv ifadələrdən daha rahat istifadə etməsinə şərait yaradır və bu, aqressiyanın gündəlik ünsiyyətdə ‘normallaşmasına’ gətirib çıxarır”.
Muxtarov vurğulayır ki, iqtisadi çətinliklər, qeyri-müəyyən gələcək və iş yükünün artması da insanlarda xroniki stress yaradır. Bu hallarda emosiyaları tənzimləməyə cavabdeh beyin strukturlarının fəaliyyəti zəifləyir və insanlar daha impulsiv davranmağa başlayır:
“Emosiyaların tanınması və düzgün ifadə olunması əsas önəm daşıyır. İnsanlar emosiyanı qəbul etmədikdə və ya inkar etdikdə, həmin emosiyalar daha sərt və nəzarətsiz davranış kimi üzə çıxır. Ona görə də emosiyanı vaxtında tanımaq və adlandırmaq aqressiyanın gücünü əhəmiyyətli dərəcədə azaldır. Aqressiyanı azaltmağın ilk addımı onu boğmaq yox, hissi qəbul etməkdir. Əsas məsələ uşağın şəxsiyyətini deyil, davranışın arxasında duran səbəbi anlamaqdır. Valideynin emosiyalarını idarə etmə bacarığı uşağın davranış modelini birbaşa formalaşdırır. Uşaq valideynin sakitliyini gördükcə, öz reaksiyalarını tənzimləməyi də öyrənir”.
Psixoloqun sözlərinə görə, aqressiyanın qarşısını almaq üçün tətbiq edilə biləcək sadə üsullar arasında qısa fasilə vermək, vəziyyəti analiz etmək, sosial media istifadəsini nəzarətdə saxlamaq və uzunmüddətli stress zamanı psixoloji dəstək almaq yer alır. Koqnitiv-davranış terapiyası, dialektik-davranış terapiyası, eləcə də oyun və art-terapiya aqressiv davranışların azaldılmasında effektiv nəticə verir.
Fatimə Hüseynli
