00:00:00
Yazar
Admin User
18.11.2025 17:55 195 3 dəq oxuma
İqtisadiyyat

İqtisadçı Elçin Rəşidov: “Qeyri-neft sektorunda investisiya mühiti hələ praktikada prioritet deyil”

İqtisadçı Elçin Rəşidov: “Qeyri-neft sektorunda investisiya mühiti hələ praktikada prioritet deyil”

*Azərbaycan iqtisadiyyatında son illərdə aparılan struktur islahatlar və qeyri-neft sektoruna yönəlmiş investisiyalar ölkədə kapital büdcələşdirmə və investisiya qərarlarının effektivliyini xüsusi aktuallaşdırıb. Mövzu ilə bağlı iqtisadçı Elçin Rəşidov “İnformator.az”a açıqlamasında hazırkı vəziyyəti və perspektivləri şərh edib.*

 

– Azərbaycan iqtisadiyyatında həyata keçirilən struktur islahatlar fonunda kapital büdcələşdirmə proseslərinin səmərəliliyini müəyyən edən əsas iqtisadi amillər hansılardır və bu amillər investisiya qərarlarına necə təsir göstərir?

 

_“Son illərdə neft hasilatının azalması artıq real tendensiyadır və qeyri-neft sektorunun inkişafı kağız üzərində prioritet kimi elan olunub, amma praktiki addımlar çox vaxt bunun əksini göstərir. Makroiqtisadi sabitlik əsasən Neft Fondu hesabına qorunur, lakin inflyasiya və iqtisadi artımın zəifliyi investisiya mühitinə birbaşa təsir göstərir. Kapital büdcələşdirməyə Maliyyə Nazirliyi nəzarət edir, amma fiskal və sektoral siyasətdəki uyğunsuzluqlar, institusional boşluqlar və məhkəmə sistemində mülkiyyət hüquqlarının zəif qorunması investorlar üçün risk yaradır.”_

 

– Şirkət və dövlət qurumlarında investisiya layihələrinin qiymətləndirilməsində NPV, IRR və Payback kimi metodların tətbiqi hansı üstünlüklər yaradır və Azərbaycanda bu metodların praktik istifadəsi necədir?

 

_“NPV, IRR və Payback metodları layihələrin gəlirliliyini və riskini ölçməkdə əsas alətlərdir. Azərbaycanda tətbiqi isə zəifdir. Dövlət layihələri nəzəri olaraq bu metodlarla qiymətləndirilir, amma praktikada maraqlar və prioritetlərin fərqliliyi səbəbindən layihələr çox vaxt səmərəli olmur. Nəticədə iqtisadi artıma real təsir göstərməli olan layihələr optimallaşdırılmır və bəzən maliyyələşdirilmir.”_

 

– Qeyri-neft sektorunun inkişafı üzrə strateji hədəflər kapital qoyuluşlarını necə istiqamətləndirir və hazırda hansı sahələr daha yüksək investisiya potensialına malikdir?

 

_“Qeyri-neft sektoru ölkənin iqtisadi gələcəyi üçün prioritet olmalıdır. Strateji hədəflər kapital qoyuluşlarını yönəltməlidir, amma kənd təsərrüfatında əsas diqqət xammal istehsalına yönəlir, əlavə dəyər yaradan emal sənayesi hələ lazımi səviyyədə deyil. Hazırda yüksək investisiya potensialına malik sahələr qida sənayesi, turizm, logistika, enerji və yaşıl enerji layihələri, daxili infrastruktur və tikinti, özəl tikinti sektoru kimi sahələrdir.”_

 

 -Makroiqtisadi sabitlik və valyuta məzənnəsindəki dəyişikliklər uzunmüddətli investisiya layihələrinin risk dəyərləndirməsinə necə təsir edir və bu risklərin idarə olunması üçün hansı mexanizmlər effektivdir?

 

_“Valyuta məzənnəsindəki dəyişikliklər uzunmüddətli layihələrin risklərini artırır. Dollar və avro ilə maliyyələşdirilən layihələrdə manatın məzənnəsi dəyişdikcə xərclər də dəyişir və layihənin rentabelliyi təsirlənir. Risklərin idarə olunması üçün hedcinq alətləri, Mərkəzi Bankın valyuta stabilizasiyası, stress-testlər və diversifikasiya edilmiş investisiya portfeli effektiv mexanizmlərdir.”_

 

– Dövlətin həyata keçirdiyi infrastruktur və sosial-iqtisadi layihələr kapital büdcələşdirməyə necə təsir edir və özəl sektor üçün stimul yaradır? Qarabağ kontekstində vəziyyət necədir?

 

_“İnfrastruktur və sosial-iqtisadi layihələr kapital büdcələşdirməyə birbaşa təsir edir və özəl sektor üçün stimul yaradır. Qarabağda aparılan yenidənqurma, yol, enerji və yaşayış infrastrukturu yeni investisiya imkanları açır. Dövlət layihələri işçi qüvvəsinin keyfiyyətini artırır, investorlar üçün riskləri azaldır və bölgəyə yerli və xarici investisiyaların cəlb olunmasına xidmət edir.”_

 

_“Azərbaycanın iqtisadi siyasətində əsas hədəf yalnız qeyri-neft ixracının həcmini artırmaq deyil, həm də investisiyaların keyfiyyətini yüksəltmək, emal sənayesini gücləndirmək və yüksək əlavə dəyərli məhsulların istehsalına üstünlük verməkdir. Yeni bazarlara çıxış, beynəlxalq standartlara uyğun sertifikatlaşdırma və logistika xərclərinin azaldılması ixracın davamlı artımını təmin edə bilər.”_

 

Nahidə Əmiraslanova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər