İran ABŞ-ni anlaşma memorandumunun pozulmasının ağır nəticələri barədə xəbərdar edib
İran Yaxın Şərqdə müharibənin dayandırılmasına yönəlmiş qarşılıqlı anlaşma memorandumunun mümkün pozulmasının nəticələri barədə ABŞ-yə xəbərdarlıq edib.
"İnformator.az" "The Times of Israel"ə istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqai bildirib.
Onun sözlərinə görə, Tehran Vaşinqtonun əldə olunmuş razılaşmaların pozulması kimi qiymətləndiriləcək istənilən addımını cavabsız qoymayacaq: "Biz heç bir addımı cavabsız qoymayacağıq. İranın hədəflərinə qarşı hər hansı təcavüz aktı dərhal və qətiyyətli cavabla qarşılanacaq".
İ.Bəqai vurğulayıb ki, bu cür addımlar qarşılıqlı anlaşma memorandumunun birinci maddəsinin pozulması kimi qiymətləndiriləcək: "Əgər bu cür pozuntular təkrarlanar və davam edərsə, bu prosesin sonrakı inkişafı çətinliklərlə üzləşəcək".