İran-ABŞ qarşıdurması qlobal neft bazarında bahalaşmanı sürətləndirir-ŞƏRH
İran ilə ABŞ arasında başlayan hərbi toqquşma, Hömüz boğazının bağlanması və Yaxın Şərq ölkələrindən dünya bazarına neft ixracın dayanması neftin qiymətlərinin yüksəlməsinə səbəb olub. Bu barədə Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 5,09 dollar artaraq 77,96 dollar olduğunu bildirib.
Mövzu ilə bağlı iqtisadçı Elçin Rəşidov “İnformator.az”a açıqlamasında bildirib ki, qarşıdurma nəticəsində enerji qiymətlərinin artması qısamüddətli dövrdə Azərbaycanın ixrac gəlirlərini artmasına təsir göstərə bilər:
“İran-ABŞ arşıdurması, Hörmüz boğazının bağlanılması enerji bazarında qiymətlərin yüksəlməsinə səbəb ola bilər. Bu isə qısamüddətli dövrdə Azərbaycanın ixrac gəlirlərinin artmasına şərait yarada bilər. Dövlət Neft Fondu daha çox gəlir əldə edə, büdcəyə daxilolmalar arta və bu da Azərbaycanın ticarət balansını müsbət istiqamətdə dəyişə bilər.Neft sektoruna mənfi, qeyri-neft sektoruna isə müsbət təsir göstərdiyi kimi, eyni zamanda qeyri-neft sektoruna müəyyən mənfi təsirləri də ola bilər. Bu proses islahatların bir qədər gecikməsinə səbəb ola, hökuməti isə nisbətən daha arxayın mövqeyə gətirə bilər.Digər tərəfdən, ən azı manat üzərində devalvasiya ilə bağlı qorxu müəyyən qədər azalacaq, risk zəifləyəcək. Tamamilə aradan qalxmayacaq, lakin əvvəlki səviyyə ilə müqayisədə azalması mümkündür”.
İqtisadçının sözlərinə görə, prosesin uzunmüddətli xarakter alması dünyada alternativ enerjiyə keçid sürətlənəcək:
“Xüsusilə, bu proses uzunmüddətli xarakter alarsa və təsiri ən azı ortamüddətli dövrdə davam edərsə, alternativ enerji mənbələrinə keçidin nəzərəçarpacaq dərəcədə artdığını müşahidə edə bilərik. Əgər neft və qaz qiymətləri yüksək səviyyədə sabitləşərsə, bu da alternativ enerjiyə tələbatı daha da gücləndirəcək. Azərbaycanda təəssüf ki, alternativ enerji sahəsinin idarə olunması kifayət qədər şəffaf deyil və bu da iqtisadi baxımdan itkilərə, səmərəsizliyə gətirib çıxarır. Qlobal olaraq bərpa olunan enerjiyə investisiyalar artacaq, çünki neft qiymətləri yüksəldikcə onun alternativlərinə maraq da güclənir. Bu da enerji bazarının diversifikasiyasını artırır. Keçid struktur xarakterlidir, investisiyalar tələb edir, investisiyalar da dərhal enerji vermir, müəyyən vaxt tələb edir. Ona görə dəorta müddətli periodda bu qiymətin stabilləşməsi təbii ki, yüksək səviyyədə əhəmiyyətlidir. Dünya iqtisadi artımına təsir qarşıdurmanın uzanmasından çox asılıdır”.
Müsahibin sözlərinə görə, qarşıdurma uzanarsa, dünyada inflyasiya və qiymətlər artacaq:
“Enerji qiymətlərinin artması digər qiymətlərə də təsir göstərir. Enerji qiymətlərinin yüksəlməsi özü inflyasiya yaradır və ondan asılı olan məhsulların və xidmətlərin qiymətləri də artır. Nəticədə əlavə inflyasiya təzyiqi formalaşır və ikinci inflyasiya dalğası meydana çıxır. Bu proses Mərkəzi Bankların faiz endirimlərini gecikdirməsinə səbəb ola bilər ki, inflyasiyanın qarşısını alsınlar. Nəticə olaraq qlobal iqtisadiyyat yavaşlaya bilər. Yəni inflyasiyanın qarşısını almağa çalışan Mərkəzi Banklar faiz dərəcələrini ya artırar, ya da azaltmaz, planlaşdırılan endirimləri gecikdirərlər. Nəticədə qlobal iqtisadiyyat yavaşlaya, işsizlik arta və ölkələr üzrə ÜDM azala bilər. Enerji ixracatçısı olan, lakin enerjini Hörmüz körfəzi marşrutu ilə nəql etməyən ölkələr müəyyən mənada daha çox fayda görə bilər. Lakin ümumilikdə qlobal iqtisadiyyat uduzacaq təbii ki.Enerjidən çox istifadə edən sənaye sahələri də mənfi təsirə məruz qalacaq, çünki onların maya dəyəri artacaq. Xüsusilə, logistika, daşımalar və nəqliyyat sektorları daha çox əziyyət çəkəcək. Nəqliyyat və logistika demək olar ki, bütün məhsulların istehsal və xidmət zəncirində iştirak etdiyinə görə, bu sahələrdə qiymət artımı digər məhsulların da qiymətlərinə təsir edəcəkdir”.
Zəri Bayramlı
