00:00:00
Yazar
Nərmin Həşimova
05.11.2026 21:18 13 2 dəq oxuma
Siyasət

İran-ABŞ qarşıdurması: Sərt bəyanatlar diplomatik danışıqlara necə təsir edir?

İran-ABŞ qarşıdurması: Sərt bəyanatlar diplomatik danışıqlara necə təsir edir?

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayinin ABŞ Prezidenti Donald Trampın siyasətini tənqid etməsi və Vaşinqtonun məğlubiyyətə uğradığını bildirməsi iki ölkə arasındakı gərginliyi yenidən gündəmə gətirib. Bu açıqlamalar diplomatik münasibətlərin gələcəyi və Hörmüz boğazı ətrafında yaranan vəziyyət baxımından diqqət çəkir.


Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında siyasi şərhçi Rəşad Bayramov bildirib ki, Rzayinin bəyanatları Tehranın ABŞ qarşısında geri çəkilmədiyini nümayiş etdirmək və daxili ictimaiyyətə müqavimət mesajı vermək məqsədi daşıyır:

 

"İran bu ritorika ilə həm danışıqlarda mövqeyini gücləndirməyə, həm də region ölkələrinə siyasi mesaj göndərməyə çalışır. Bununla belə, Vaşinqtonun məğlubiyyətə uğradığını bəyan etmək diplomatik kompromisi çətinləşdirə bilər. Çünki tərəflər ictimaiyyət qarşısında geri addım atmaq istəmədikdə razılığa gəlmək imkanları da məhdudlaşır. Qarşıdurmanın digər mühüm tərəfi Hörmüz boğazı ilə bağlıdır. Bu marşrut dünya enerji təchizatında xüsusi əhəmiyyət daşıyır. Boğazda gəmiçiliyin məhdudlaşdırılması neft və qaz qiymətlərinin yüksəlməsinə, daşınma və sığorta xərclərinin artmasına, eləcə də qlobal inflyasiyanın güclənməsinə səbəb ola bilər. Xüsusilə enerji idxalından asılı olan Asiya ölkələri belə bir vəziyyətdən ciddi təsirlənə bilər. Rəşad Bayramov qeyd edib ki, qarşılıqlı təhdidlər diplomatik prosesə mane olsa da, ABŞ vitse-prezidenti Cey Di Vensin danışıqlarla bağlı müraciəti və Qətərin vasitəçilik cəhdləri təmasların davam etdiyini göstərir. Lakin tərəflərin şərtləri arasındakı fikir ayrılıqları razılaşmanın əldə olunmasını çətinləşdirir. Bu baxımdan, hazırkı bəyanatlar həm İranın siyasi mövqeyini nümayiş etdirməsi, həm də danışıqlarda üstünlük qazanmaq cəhdi kimi qiymətləndirilə bilər".

 

Güllüzar Nəbili

#gündəm #edir? #diplomatik #azərbaycan #baki
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər