İrana zərbə Rusiyanın sərt reaksiyasına səbəb ola bilər
“ABŞ hərbi gəmiləri İrana doğru irəliləyib. İranı izləyirik. ABŞ-nin ehtiyat məqsədilə bu istiqamətdə hərəkət edən çox sayda gəmisi var”, - bunu ABŞ Prezidenti Donald Tramp Davosda keçirilən Dünya İqtisadi Forumundan qayıdarkən deyib.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında “Bakı Xəbər” qəzetinin baş redaktoru, siyasi şərhçi Aydın Quliyev bildirib ki, son bir neçə ildə, xüsusilə Trampın hakimiyyətə gəlişindən sonra İran ətrafında ABŞ-nin hərbi eskalasiyası davamlı şəkildə artmaqdadır:
“Trampın ABŞ donanmasının İrana doğru hərəkəti ilə bağlı məlumatı yeni hadisə kimi təqdim etməsi müəyyən siyasi məqsədlərlə əlaqədar görünür. Amerika donanması uzun müddətdir İran ətrafında hərbi potensialını gücləndirməyə çalışır və bu siyasət bu gün də davam edir. Bu vəziyyət Yaxın Şərqdə hərbi-siyasi gərginliyi artırır və İranın durumunu daha da çətinləşdirir. ABŞ-nin İran ətrafında hərbi güc toplaması indiki dövr üçün qeyri-adi hal deyil. Bu, əvvəldən seçilmiş siyasətin davamıdır. Tramp isə bu prosesi yeni mərhələ kimi təqdim edərək İrana əlavə psixoloji-siyasi təzyiq göstərməyə çalışır. O, eskalasiyanı hər gün yeni hadisə kimi təqdim etməklə təzyiq alətini daim gündəmdə saxlayır”.
Müsahib qeyd edib ki, hazırkı mərhələdə vəziyyət elə həddə çatıb ki, Tramp nə hərbi eskalasiyanı dayandıra bilir, nə də İrana birbaşa zərbə endirə bilir:
“Bunun səbəbi İran məsələsinə Rusiya və Avropa Birliyi ilə münasibətlər kontekstində yanaşmasıdır. Tramp anlayır ki, Avropa ilə münasibətlərin gərginləşdiyi bir vaxtda Rusiyanı açıq düşmən mövqeyinə çəkmək onun maraqlarına uyğun deyil. İrana zərbə vurmaq Rusiya ilə münasibətlərin pozulmasına səbəb ola bilər. Keçən ilin yayında İran ətrafında baş verən hadisələr Rusiyanı aktiv addımlar atmağa sövq etmədi. Çünki həmin dövrdə Ukrayna ilə bağlı danışıqlar davam edirdi və müəyyən yaxınlaşma mövcud idi. Bu gün isə ABŞ və Rusiya arasında Ukrayna mövzusunda ciddi gərginlik yoxdur. Tramp yaxşı bilir ki, Avropa ilə münasibətlər artıq gərgin olduğu halda, Rusiyanın müttəfiqi olan İrana zərbə endirilməsi Moskvanı daha sərt əks addımlara yönəldə bilər. Bu isə Avropa Birliyi ilə Rusiyanın bir-birinə yaxınlaşması ehtimalını artırır və ABŞ-nin beynəlxalq arenada təklənmə riskini gücləndirir”.
Qəmər Kazımzadə
