İranda idxal olunan premium benzin bazar qiyməti ilə satışa çıxarılıb
İran daxili neft məhsulları istehlakı ilə bağlı yaranan kəsiri aradan qaldırmaq məqsədilə Tehranda idxal olunan premium (yüksək oktanlı) benzinin bazar qiyməti ilə sınaq satışına başlayıb. Yaxın Şərq ölkəsində bu yanacaq hökumətin yeni elan etdiyi üçpilləli subsidiyalı qiymət sistemindən xeyli baha təklif olunur.
İranın neft naziri Möhsün Paknejad cümə axşamı dövlət televiziyasına açıqlamasında bildirib ki, özəl şirkətlər “super benzin”i yanacaqdoldurma məntəqələrindən kənarda, mobil yanacaq maşınları vasitəsilə və bazar qiyməti ilə satacaqlar. Nazir qeyd edib ki, bu pilot layihənin məqsədi istehlakçıların tələbatını və qiymətə reaksiyasını öyrənməkdir.
Məlumata görə, idxal olunan super benzinin bir litri 800 min rialdır. Bu isə cümə axşamı üçün bazar məzənnəsi ilə (1 dollar = 1 milyon 350 min rial) təxminən 0,59 ABŞ dollarına bərabərdir.
Nazirin sözlərinə görə, ilkin mərhələdə pilot satış Tehranda beş yanacaq maşını vasitəsilə həyata keçirilib və 17 şirkətə super benzinin idxalı üçün icazə verilib. Şirkətlərin bazara tam daxil olması sınaq mərhələsinin nəticələrindən və istehlakçıların yekun qiyməti qəbul etməsindən asılı olacaq.
Paknejad əlavə edib ki, idxal olunan premium benzinin qiyməti alış dəyəri və logistika xərclərinə əsasən müəyyənləşir və qiymətlərin süni şəkildə artırılmasının qarşısını almaq üçün Neft Nazirliyi tərəfindən ciddi nəzarətdə saxlanılacaq.
Qeyd edək ki, İran bu ay subsidiyalı benzin üçün yeni üçpilləli qiymət sistemini tətbiq edib. Bu, ölkədə 2019-cu ildən bəri yanacaq qiymətləri ilə bağlı ilk ciddi dəyişiklikdir.
ANEWZ
Güllər Gülhüseynova
