İsrail Prezidenti: HƏMAS tam tərksilah edilməlidir
“Qəzza zolağı ilə bağlı Sülh Şurasının planı müsbət addımdır, amma HƏMAS tam tərksilah edilməlidir”. “Qəzza zolağı ilə bağlı Sülh Şurasının planı müsbət addımdır, amma HƏMAS tam tərksilah edilməlidir”.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında politoloq Rəşad Bayramov bildirib ki, İsrail Prezidentinin Qəzza zolağı ilə bağlı Sülh Şurasının planını müsbət addım kimi qiymətləndirməsi, lakin eyni zamanda HƏMAS-ın tam tərksilah edilməsinin vacibliyini vurğulaması İsrailin münaqişənin həllinə dair əsas prioritetlərini əks etdirir:
"Bu yanaşma göstərir ki, İsrail tərəfi diplomatik təşəbbüsləri rədd etməsə də əsas şərt kimi təhlükəsizlik təminatlarını ön plana çıxarır.
Ümumiyyətlə isə bu planın əsas üstünlüklərindən biri ondan ibarətdir ki, Qəzza böhranının yalnız hərbi vasitələrlə həll edilə bilməyəcəyi nəzərə alınır. Müharibənin yaratdığı humanitar fəsadlar, mülki əhalinin vəziyyəti və bölgənin gələcək idarəçiliyi məsələsi beynəlxalq səviyyədə siyasi mexanizmlərin vacibliyini artırır. Sülh Şurasının planı bu baxımdan atəşkəs, humanitar yardımın təşkili, bərpa prosesinin başlanması və təhlükəsizlik arxitekturasının formalaşdırılması üçün çərçivə yaratmaq cəhdi kimi qiymətləndirilə bilər.
İsrail Prezidentinin vurğuladığı HƏMAS-ın tam tərksilah edilməsi məsələsi isə İsrailin əsas təhlükəsizlik dilemmasını əks etdirir. İsrailin mövqeyinə görə, 2023-cü il oktyabr hadisələrindən sonra Qəzzada HƏMAS-ın yenidən hərbi güc qazanması qəbuledilməzdir. Rəsmi Tel-Əviv hesab edir ki, silahlı struktur saxlanıldığı halda hər hansı siyasi razılaşma müvəqqəti xarakter daşıya bilər və gələcəkdə yeni qarşıdurma ehtimalı qalacaq.
Məhz bu məsələ planın ən mürəkkəb tərəflərindən biridir deyə bilərik. Çünki HƏMAS-ın tərksilah edilməsi yalnız hərbi məsələ deyil, həm də siyasi və sosial problemdir. Təşkilatın Qəzzadakı təsiri, yerli strukturları və tərəfdar bazası nəzərə alınarsa, onun tamamilə aradan qaldırılması çox çətin proses ola bilər. Bunun üçün hərbi təzyiq nəticə verməyəcək, alternativ siyasi idarəçilik modelinin yaradılması da tələb olunur.
Region ölkələrinin mövqeyi isə İsrailin yanaşması ilə müəyyən məsələlərdə üst-üstə düşsə də, tam eynilik təşkil etmir. Misir, İordaniya, Qətər və digər ərəb dövlətləri təhlükəsizliyin təmin olunmasının vacibliyini qəbul edirlər. Onlar da Qəzzada silahlı qarşıdurmanın davam etməsinin bölgə üçün təhlükə yaratdığını anlayırlar. Lakin bu ölkələr hesab edirlər ki, yalnız HƏMAS məsələsinə fokuslanmaq problemin köklü həllini təmin etməyəcək. Onların əsas vurğusu siyasi prosesin bərpası, Fələstin əhalisinin legitim idarəetmə mexanizmlərinin yaradılması və gələcəkdə iki dövlətli həll perspektivinin qorunması üzərindədir.
İsrail isə daha çox təhlükəsizlik baxımından çıxış edir və hesab edir ki, siyasi prosesdən əvvəl Qəzzadan İsrailə qarşı hərbi təhdidlərin aradan qaldırılması vacibdir. Bu fərq region ölkələri ilə İsrail arasında əsas fikir ayrılığını təşkil edir.
Ümumilikdə isə Sülh Şurasının planının real nəticə verməsi üçün isə yalnız İsrailin təhlükəsizlik tələbləri deyil, həm də Fələstin tərəfinin siyasi gələcəyi və region ölkələrinin narahatlıqları nəzərə alınmalıdır. Əks halda, hər hansı razılaşma qısa müddətli atəşkəsdən o tərəfə keçməyəcək".
Səadət Əlizadə