İstehsal və ixracın artırılması üçün süni intellektdən istifadə vacibdir
Hazırda kənd təsərrüfatında 1 milyon 782 min işçi çalışır. İşçi sayına görə kənd təsərrüfatı ən çox məşğulluq yaradan sektor hesab olunur. Sektoral say baxımdan ikinci ən çox işçi qüvvəsinin çalışdığı ticarət, nəqliyyat vasitələrinin təmiri ilə cəmi 715 min vətəndaşımız məşğuldur. Məşğul əhalinin 35.4 faizinin kənd təsərrüfatında çalışmasına baxmayaraq, bu sektorun ÜDM-də cəmi 5.9 faizdir.
Mövzu ilə əlaqədar “İnformator.az”a açıqlamasında süni intellekt üzrə mütəxəsis Abdulla Abdullayev bildirib ki, ən vacib mexanizm dəqiq kənd təsərrüfatı yanaşmasıdır:
“Süni intellekt peyk görüntüləri, dronlar və torpaq sensorlarından gələn məlumatları analiz edərək torpağın vəziyyəti, rütubət səviyyəsi, xəstəlik riskləri və gübrə ehtiyacını müəyyən etmək mümkündür. Bu texnologiyalar fermerə konkret sahədə hansı məhsulun daha səmərəli olacağını və nə qədər resurs istifadə etməli olduğunu göstərə bilər. Nəticədə, həm məhsuldarlıq artar, həm də resursların israfı azalar.
Digər istiqamət xəstəlik erkən aşkarlanmasıdır. Süni intellektlə işləyən görüntü tanıma sistemləri bitkilərdə xəstəlik əlamətlərini erkən mərhələdə müəyyən edə bilir.
Digər məqam proqnozlaşdırma və planlama sistemləridir. Süni intellekt hava şəraiti, torpaq məlumatları və əvvəlki məhsuldarlıq statistikası əsasında məhsul istehsalını proqnozlaşdıra bilir. Bu da aqrar şirkətlərin əkin planlamasını daha düzgün qurmasına, riskləri azaltmasına və məhsul həcmini artırmasına kömək edə bilər.
Həmçinin avtomatlaşdırılan təsərrüfat sistemləri qurula bilər. Temperatur, rütubət, işıq və qidalanma parametrlərini süni intellekt vasitəsilə avtomatik idarə edən istixanalar qurulması mümkündür.
Düşünürəm ki, kənd təsərrufatında süni intellekt istifadəsi mövzusu bu sahədə çalışan insanlarla birlikdə araşdırılarsa qeyd olunanlardan başqa çox sayda yeni tətbiq sahələri ortaya çıxacaqdır”.
Səadət Əlizadə