Jeffrey Epstein qalmaqalı
Dünyanı sarsıdan Jeffrey Epstein qalmaqalı yenidən diqqət mərkəzindədir. Zengin iş adamı və milyarder Jeffrey Epstein uzun illər uşaq zorakılığı və insan alveri ilə bağlı ittihamlar altında olub.
Mövzu ilə bağlı politoloq Abutalıb Səmədov “İnformator.az”a bildirib ki, Jeffrey Epstein ABŞ-də ciddi cinayətlərə görə məhkum olunmuş mənfi imicə malik bir şəxsdir:
“Ona yaxın olan bir xanım Epsteinin bir kitabını dərc edib və orada Trump’ında təbriki mövcuddur. Tramp isə bu təbrikin ona məxsus olduğunu təkzib edib və bunu xəbər kimi yayan insanı məhkəməyə verib. Böyük xadimlərin adlarının bu qalmaqalda çəkilməsi ABŞ-də ciddi ictimai rezonans doğurub. Bu, sadəcə hüquqi məsələ deyil, həm də siyasi əlaqələrin şəffaflığı və etimad məsələsini gündəmə gətirir. Belə qalmaqallar seçkiqabağı dövrdə xüsusilə önəmli olur, çünki ictimaiyyətin siyasi liderlərə və dövlət institutlarına etimadını azalda, seçki nəticələrinə birbaşa və ya dolayı təsir göstərə bilər. Eyni zamanda bu qalmaqal ABŞ-də güclü hüquqi və media nəzarətinin vacibliyini ortaya qoyur. İnsanlar görür ki, yüksək nüfuzlu şəxslərin fəaliyyəti də qanun qarşısında yoxlanmalıdır, əks halda etimad böhranı yaranır. Bu qalmaqal həm də beynəlxalq səviyyədə təsir göstərir. ABŞ-nin siyasi və hüquqi sisteminin şəffaflığı dünya ictimaiyyəti tərəfindən izlənilir, belə hadisələr isə ölkənin qlobal imicinə mənfi təsir göstərə bilər. Hüquqi nəticələr yalnız Epstein və ona yaxın olan şəxslərlə məhdudlaşmır, həm də gələcəkdə uşaq hüquqları və insan alveri ilə bağlı siyasətlərin gücləndirilməsinə təkan verir”.
Fatimə Hüseynli
