Kaya Kallas: Putinin qarşısı alınmasa, dayanmayacaq
Avropa Birliyinin (AB) Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas Rusiyanın Avropadakı hibrid hücumlarının artdığını bildirib.
Teleqraf xəbər verir ki, K.Kallas Rusiya Prezidenti Vladimir Putinin qarşısı alınmayacağı təqdirdə, dayanmayacağını deyib: "Rusiya daha böyük risklərə getməyə hazırdır. Avropa Moskvanı daha böyük bədəl ödəməyə məcbur etməlidir. Rusiyanın 2022-ci ildə Ukraynaya genişmiqyaslı hücuma başlayandan bəri Avropanı hədəf alan hibrid hücumlarda davamlı artım müşahidə olunur və Rusiya hədəf aldığı ölkədən asılı olaraq fərqli metodlardan istifadə edir".
Kallas bəzi ölkələrdə informasiya sahəsinin manipulyasiya edildiyini, sosial bölünmələrdən sui-istifadə edildiyini və seçkilərə müdaxilə edildiyini, digər ölkələrdə isə hərbi infrastrukturun, ictimai nəqliyyatın və vacib infrastrukturun hədəf alındığını bildirib: "Birgə kəşfiyyatımız Rusiyanın bütün hibrid nəqliyyat vasitələrini əhatə etməlidir. Kəşfiyyatı paylaşmaq çox vacibdir".