00:00:00
Yazar
Admin User
24.08.2023 13:13 394 4 dəq oxuma
Sosial

Klaviatura canavarlarının PSİXOLOGİYASI VƏ HÜQUQİ TƏRƏFLƏR

Klaviatura canavarlarının PSİXOLOGİYASI VƏ HÜQUQİ TƏRƏFLƏR

Sosial media platformalarında, saytlarda, qısacası, internetdə xoş olmayan ifadələrlə qarşılaşa bilirik. Bəs bu problemin qaynağı, kökü, səbəbi nədir?

 

İnformator.az saytının qonaqları psixoloq Gülnar Orucova və hüquqşünas, vəkil Fariz Namazlı bu mövzu haqqında danışıblar. Psixoloq Gülnar Orucova deyir ki, bəzən xoş olmayan sözlər, təhqiramiz ifadələrlə qarşılaşırıq. Məsələn, hər hansı saytda, yaxud sosial mediada bildirilən fikir olarsa, bu, tənqid edilə bilər, lakin təhqir edilməməlidir: "Biz psixoloq olduğumuz üçün bunu o qədər də önəmsəmirik. Lakin bəzi insanlar əsəbləşir, məhz bu ifadələrə görə gərginlik keçirirlər, onlar da izləyicilərə qarşı artıq-əskik sözlərdən istifadə edirlər. Daha sonra görürük ki, artıq bunu sosiallaşdırıblar".

 

Psixoloqun sözlərinə görə, bunun səbəbi insanın daxili aləmi, qəzəbi, kini, aqressiyası ilə bağlıdır. İstədiklərini əldə edə bilməyən insanların bir qismi özünü yaxşı hiss etmək istədiyi üçün daxili aləmindəki aqressiyanı mövzu ilə əlaqəsi olmayan insanlara yönəldə bilir. Bu insanlar psixoloji problemli insanlardır:

 

"Ümumiyyətlə, özgüvənsiz, öz bacarıqları ilə önə çıxa bilməyən, keçmişdə, yaxud indidə hər hansı bir psixoloji travması olan, depressiyada olan insan hər zaman başqalarına qibtə edir deyə bunu sosial media ya da hər hansı başqa bir mediada klaviatura arxasından kinini tökərək göstərir, nifrətini bildirir. Əgər bir insanın daxili kin və nifrətlə doludursa, onda aqressiya formalaşacaq. Nəticədə, həmin duyğular, aqressiya da bəzən mövzu ilə əlaqəsi olmayan insana, məsələn, sosial şəbəkədə hər hansı birinin geyindiyi paltara, oxuduğu mahnıya, yaxud da haqqında yazılmış xoş sözə yönəlir. Bu cür insanlar qəzəblərini təhqir edərək, xoş olmayan sözlər işlədərək keçirməyə çalışırlar. Qısacası, həyatda uğur qazanmayan, həyatından məmnun olmayan insanlar çox paxıl olurlar və media platformaları üzərindən insanları təhqir edərək yaxşı hiss etməyə çalışırlar. Həmin şəxsləri isə psixoloji problemli insanlar adlandırmaq olar və bu, belədir".

 

Müsahibim Gülnar Orucovanın sözlərinə görə, paxıllıq xəstəlikdir və daha çox qadınlarda qadınlara qarşı olur. Lakin bu, o demək deyil ki, kişilərdə yoxdur:

 

"Paxıllıq, ümumiyyətlə, xəstəlikdir, amma bunun psixologiyada tam olaraq hər hansı bir adı yoxdur. Kişilərə nisbətən qadınlarda daha çox rast gəlinir. Rəy yazanlara baxsaq, görərik ki, daha çox qadınlar üstünlük təşkil edirlər. Lakin bu, o demək deyil ki, kişilərdə də yoxdur. Qadınlarda paxıllıq daha çoxdur və bu paxıllıq qadınlardan qadınlaradır, nəinki kişilərə".

 

Müsahibim Fariz Namazlı isə məsələnin hüquqi cəhətdən izahını verib:

 

"Əgər hər hansı bir şəxsi sosial şəbəkələrdə təhqir edən, onun şərəf və ləyaqətini alçaldan şəxs məlumdursa, yəni anket məlumatları məlumdursa, zərərçəkmiş şəxs həmin şəxsə qarşı xüsusi ittiham qaydasında məhkəməyə şikayət edərək onun Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cəzalandırılmasını xahiş edə bilər.

 

Cinayət Məcəlləsinin 148-ci maddəsinə görə, təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma cinayət əməli hesab edilir və bu əməl min manatdan 1500 manatadək miqdarda cərimə və ya 240 saatdan 480 saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Əgər təhqir edən şəxsin şəxsiyyəti məlum deyilsə, yəni anonim təxəllüsdən, hesabdan, saxta adlardan istifadə edilməklə bu əməl törədilibsə, bu halda zərərçəkmiş şəxs prokurorluğa müraciət edib Cinayət Məcəlləsinin 148-1-ci maddəsi ilə cinayət işinin başlanmasını xahiş edə bilər. Bu halda həmin maddəyə görə, internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək kütləvi nümayiş etdirməklə böhtan atma və ya təhqir etmə - min manatdan 2 min manatadək cərimə və ya 360 saatdan 480 saatadək müddətə ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Burada “saxta istifadəçi adlar, profil və ya hesablar” dedikdə internet informasiya ehtiyatlarında, o cümlədən sosial şəbəkələrdə istifadəçinin şəxsiyyətini eyniləşdirməyə imkan verməyən, yəni ad, soyad və ya ata adına dair yalan məlumat yerləşdirilmiş və ya belə məlumatlar gizlədilmiş, habelə digər şəxsə aid məlumatlardan onun razılığı olmadan istifadə edilməklə yaradılmış istifadəçi adlar, profil və ya hesablar başa düşülür".

 

Aydan Qasımova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər