00:00:00
Yazar
Admin User
20.04.2023 14:49 392 4 dəq oxuma
Sosial

Kəmalə Pənahova: "Teleefir, radio, mətbuat güclü təsir mexanizminə malikdir"

Kəmalə Pənahova: "Teleefir, radio, mətbuat güclü təsir mexanizminə malikdir"

Yeniyetmə və gənclərin maariflənməsində həm media, həm də müasir təhsil sistemi əsas rol oynayır. Onların təlim, təhsil proseslərində yeni, əlavə məlumatlar almalarına, bunu daha asan üsulla qavramalarına yardım edən vasitə onlayn mediadır. Gənclər hər cür media vasitəsilə müxtəlif məlumatlara və digər informasiya formalarına çox asan bir şəkildə müraciət edə bilirlər. Bu səbəblə media gənclərin maariflənməsində və sosializasiya proseslərində mühüm rol oynayır. Media yeni nəsil üçün məlumatları bir çox fərqli formada təqdim edir. Bu, ən son xəbərlər, videolar, animasiyalar, infoqrafikalardır. Bu fərqli formatlar, gənclərə mövzuların daha çox anlaşılmasına və zənginləşməsinə imkan verir.

 

Mövzu ilə bağlı Bakı Dövlət Universitetinin Fəlsəfə kafedrasının müdiri, dosent Kəmalə Pənahovaya müraciət etdik.

 

Yeniyetmə və uşaqların maariflənməsində medianın rolu nə dərəcədədir?

Yeniyetmələrin, uşaqların dünyagörüşünün inkişafında maarifləndirici, tədris proseslərinə kömək göstərən verilişlərin və yaxud da mətbuatda gedən məqalələrin müsbət təsiri var. Çünki uşaqların formalaşmasında ailə, məktəb ilə bərabər kütləvi informasiya vasitələrinin də rolu böyükdür. Kütləvi informasiya vasitələri məsuliyyətli olmalıdır. Çünki bu verilişlərdən, məqalələrdən hər bir yaş dövründə olan insanlar yararlanırlar. Bəs bu, onların dünyagörüşünə hansı istiqamətdə təsir göstərir? Bax, bu məsuliyyət demək olar ki, media işçilərinin üzərinə düşür və bunu nəzərə almaq lazımdır. Bizim mediada, xüsusən də televiziyamızda son dövrlərdə yeniyetmə və uşaqların maariflənməsinə kömək edən verilişlər olduğunu müşahidə edirik. Medianın yeniyetmə və uşaqların maariflənməsində rolu hədsizdir.

 

Mediadan istifadənin yeniyetmə və gənclərin inkişafında hansı müsbət və mənfi tərəfləri var?

Bəzən gənclərin şüuruna mənəviyyatsızlıq, aqressivlik, dözümsüzlük yeridilir. Teleefir, radio, mətbuat güclü təsir mexanizminə malikdir. Yeniyetmələrin şüurunun formalaşmasına bu cür neqativ faktorların təsirinin qarşısı alınmalıdır. Televiziya kanallarında,  internet resurslarında bayağı, mənfi təsirli verilişlər də ola bilər və bu təsirlərin qarşısını almaq üçün gənclərin özünün dünyagörüşünü inkişaf etdirmək lazımdır. Yəni ictimai şüur səviyyəsi özü inkişaf etməlidir ki, hər bir yeniyetmə özü bu prosesləri qiymətləndirə bilsin. Onun üçün nə maraqlıdır?

 

Mediada gedən hansı informasiyalar onun inkişafına pozitiv təsir göstərir?

Birmənalı olaraq bayağı, tərbiyəyə mənfi təsir göstərən, bəzən də yanlışlığa aparan verilişlərdən, informasiyalardan uzaq olmaq lazımdır. Bir sözlə, media gənclərin nəzəri şüur səviyyəsinin inkişafına kömək etməlidir. Xüsusilə, ədəbiyyatımızın, tariximizin, fəlsəfi fikrimizin təbliğinə həsr olunmuş verilişlərin sayının artırılması milli mənlik şüurunu formalaşdırır.

 

Gənclər mediadan necə faydalanmalıdır?

Gənclər təhsillə bərabər, öz sərbəst vaxtlarında dünyagörüşlərinin artırılmasına çalışmalıdırlar. Mediada gedən maarifləndirici, cəmiyyətin iqtisadi həyatının, siyasi proseslərin təhlilini verən verilişlərdən faydalanmalıdırlar. Məsələn, Arb24-də "Gələcəyin peşəsi" verilişini nümunə kimi göstərmək olar. Burada müxtəlif ölkələrin reytinqli universitetlərində yüksək təhsil almış və hazırda ölkəmizdə müxtəlif sahələrdə çalışan gənclərin iş təcrübələri barədə məlumat verilir. Gənclər öz ixtisaslarından, yiyələndikləri peşənin ölkəmizdə müxtəlif sahələrdə gedən quruculuq işlərində, sənaye, tikinti kimi sahələrdə tətbiq edilməsindən danışırlar.

 

Öz gələcəklərini qurmaq, inkişaf etmək üçün media gənclərə necə yardım edə bilər?

Media gənclərə yardım etmək üçün mətbuat orqanlarında pedaqoqların, filosofların, iqtisadçıların, ictimai humanitar elm sahəsində olan mütəxəssislərin, alimlərin fikirləri işıqlandırılmalıdır. Gənclərin tərbiyəsinə aid, onları düzgün şəkildə istiqamətləndirən, peşə seçiminin inkişaf etdirilməsinə, dünyagörüşünün artırılmasına yönələn verilişlərin sayını artırmaq lazımdır. Bayağı musiqi, əyləncə verilişlərindən daha çox, təhsil və maarifləndirmə verilişlərinə yer ayrılmalıdır. Əlbəttə, əyləncə verilişləri də olmalıdır, çünki  bəzi insanlar  əylənmək istəyir. Demək olmaz ki, insanlar ancaq bütün günü elmi, maarifləndirici verilişlərə baxmalıdır. Hesab edirəm ki, son illərdə mediada, xüsusən də televiziyada bu istiqamətdə işlər görülür. Həm elmi, həm də publisist bir dildə gəncləri istiqamətləndirən məqalələr nəşr olunmalıdır ki, onların dünyagörüşünü artırsın. Əsas məqsədimiz ondan ibarətdir ki, gənclər həyatda öz yerini tapa, müstəqil addımlarını ata,  öz seçimlərini müstəqil edə bilsinlər.

 

Sosial media gənclərin təhsilinə və ixtisas seçiminə necə təsir göstərir?

Gənclər daha çox diskussiyalara cəlb olunsalar, mediada hazırlanan müxtəlif verilişlərin iştirakçısı olsalar və müxtəlif sualları cavablandırsalar bu, onların dünyagörüşünə də, gələcək fəaliyyətlərinin istiqamətlənməsinə də çox müsbət təsir göstərə bilər. Ona görə də maarifləndirici verilişlər çox olmalıdır. Məsələn, viktorina xarakterli "Əlaçı", "Milyonçu", "Xəmsə" kimi maarifləndirici verilişlərin gənclərin maariflənməsində rolu danılmazdır. Fikrimcə, bu tip verilişlərin sayını daha da artırmaq lazımdır. Önəmli deyil ki, gənclər ancaq ali təhsil alsınlar. İbn Sinanın bir fikri var: "Vacib deyil ki, hamı nüfuzlu bir ixtisasa yiyələnsin. Əsas odur ki, insan öz sevdiyi, yiyələndiyi peşə ilə öz həyatını təmin edə bilsin". Bizdə bəzən ailə tərəfindən yeniyetmələr maraqları olmadıqları halda ali təhsil almağa yönləndirilirlər. Bəzən valideynlər övladlarının doktoranturaya qəbul olunmasını, müdafiə etmələrini arzulayırlar. Bu, valideynlərin arzusu olur, gənclər isə həyatlarını tamamilə başqa bir istiqamətdə qurmaq istəyirlər. Gənclərin müstəqil bir şəxsiyyət kimi yetişdirilməsində ailə, məktəblə yanaşı, medianın da üzərinə böyük yük düşür. Mediada gənclərin yetkin şəxsiyyət kimi formalaşmasına istiqamət verən verilişlər hazırlanmalı, məqalələr yazılmalıdır ki, gənclər həyat yolunun, ixtisasın seçimində sərbəst ola bilsinlər.

 

Pərvin Piriyev

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər