Konformizm və insan davranışına təsiri
Konformizm insanın sosial qrupların təzyiqi və gözləntiləri qarşısında öz davranışını dəyişməsi ilə bağlı olan psixoloji haldır.
Mövzu ilə bağlı psixoloq Zeynəb Əyyubova "İnformator.az"a açıqlamasında bildirib ki, konformizmin mənfi təsirlərini azaltmaq üçün media savadlılığı və fərdi şüurun artırılması vacibdir:
"Konformizm insanın sosial mühitdə başqalarının davranışlarına, fikirlərinə və dəyərlərinə uyğunlaşmaq meylidir. Bu, fərdin qrupun gözləntilərinə, qaydalarına və davranış normalarına uyğun şəkildə hərəkət etməsi deməkdir. Psixologiyada konformizm fərdin müstəqil düşüncə və qərarvermə qabiliyyətinə sosial təsirin necə yön verdiyini araşdırmaq üçün əsas anlayışlardan biridir. Bu hal adətən sosial qruplarda, kollektiv qərarların qəbulunda, təhsil mühitində, iş yerlərində və gündəlik sosial qarşılıqlı əlaqələrdə müşahidə olunur. İnsan sosial varlıq olduğu üçün başqaları ilə əlaqə qurmaq, qəbul olunmaq və mənsubiyyət hissi yaşamaq onun psixoloji ehtiyaclarından biridir. Buna görə də, fərd çox zaman öz fikrini müdafiə etməkdənsə, ətrafdakıların fikrinə uyğun davranmağa üstünlük verir. İnsanların qrup təzyiqinə tabe olmasının bir neçə əsas səbəbi var. Əvvəla, sosial qəbul olunma ehtiyacı insanın davranışında mühüm rol oynayır. Fərd çoxluğun fikrinə qarşı çıxmaqdan çəkinir, çünki rədd edilmək, tənqid olunmaq və ya sosial təcridə məruz qalmaq qorxusu yaşayır. Bundan başqa, insanlar bəzən özlərinin yanıldığını, çoxluğun isə daha doğru düşündüyünü zənn edirlər. Bu, informativ təsir adlanır, yəni fərd qərar verməkdə çətinlik çəkəndə çoxluğun fikrini daha etibarlı hesab edir. Digər tərəfdən, normativ təsir də mövcuddur, yəni fərd sosial qaydalara riayət etməklə qrup vasitəsilə qəbul olunmağa çalışır. Konformist davranışın güclənməsinə müxtəlif amillər təsir göstərir. Əgər qrupun üzvləri arasında güclü həmrəylik və birlik hissi varsa, fərdlər daha asan şəkildə qrupun fikrinə uyğunlaşırlar. Qrupun böyüklüyü də mühüm rol oynayır, çoxluq nə qədər böyükdürsə, fərdin ona qarşı çıxması bir o qədər çətinləşir. Eyni zamanda, fərdin özünəinam səviyyəsi də konformizmi müəyyən edir. Özünə inamı zəif olan insanlar başqalarının təsirinə daha çox düşürlər. Mədəniyyət amili də önəmlidir, fərdiyyətçi mədəniyyətlərdə müstəqil düşüncə və fərqli fikir ifadəsi təşviq olunur, kollektivist mədəniyyətlərdə isə harmoniya və birgəlik əsas dəyər sayılır. Buna görə, kollektivist cəmiyyətlərdə konformizm daha çox müşahidə olunur. Konformizmin qarşısını almaq üçün müəyyən psixoloji bacarıqların inkişaf etdirilməsi vacibdir. Ən əsası, tənqidi düşünmə qabiliyyətidir. İnsan əldə etdiyi məlumatı kor-koranə qəbul etməməli, onu analiz etməli, mənbənin etibarlılığını dəyərləndirməlidir. Özünəinam da bu prosesdə mühüm rol oynayır, güclü özünəinam fərdi başqalarının fikrindən asılı olmadan qərar verməyə təşviq edir. Emosional dayanıqlıq da konformizmlə mübarizədə önəmlidir, çünki sosial təzyiq qarşısında sakit qalmaq və öz mövqeyini qorumaq bacarığı asan deyil. Bundan əlavə, empatiya və açıqfikirli olmaq da vacibdir, fərd başqalarını dinləyə, amma eyni zamanda öz fikrini də müdafiə edə bilməlidir. Müasir dövrdə sosial media və informasiya bolluğu konformizmi daha da gücləndirib. İnternet və sosial platformalar insanların düşüncələrini və davranışlarını formalaşdıran güclü sosial mühitə çevrilib. Sosial mediada paylaşılan fikirlər, “trend”lər, populyar baxışlar çox zaman fərdin öz fikrini müəyyənləşdirir. İnsanlar çoxluğun fikrini “doğru” kimi qəbul edir və ona uyğun davranmağa meyl göstərirlər. Sosial təsdiq mexanizmi, bəyənmələr, paylaşımlar və izləyicilərin reaksiyası, bunlar hamısı fərdin davranışını dolayı yolla formalaşdırır. Beləliklə, fərdlər tədricən öz orijinal fikirlərini itirərək kütləvi düşüncəyə uyğunlaşmağa başlayırlar. Bu vəziyyətdə konformizmin mənfi təsirlərini azaltmaq üçün media savadlılığı və fərdi şüurun artırılması vacibdir. İnsanlar sosial mediada qarşılaşdıqları məlumatları tənqidi şəkildə qiymətləndirməyi öyrənməlidirlər. Fərdlərin öz dəyərlərinə, prinsiplərinə və şəxsiyyətlərinə sadiq qalması onları sosial təsirlərdən qoruyur. Cəmiyyət səviyyəsində isə təhsil sistemində tənqidi düşünmə, müstəqil qərarvermə və sosial psixologiya biliklərinin inkişafı konformizmin mənfi nəticələrini azalda bilər".
Səmayə Səftərova
