Koreya yarımadasında gərginlik artır: Şimali Koreya Yapon dənizinə raket atıb
Koreya yarımadasında gərginlik yenidən pik həddə çatıb. Şimali Koreya növbəti dəfə bölgədə təhlükəsizlik və sabitliyi hədəf alan addım ataraq Yapon dənizinə doğru bir neçə raket buraxıb.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında siyasətçi Tənzilə Rüstəmxanlı bildirib ki, Şimali Koreyanın raket buraxılışları yalnız Yaponiya və Cənubi Koreyanın deyil, bütövlükdə regionun təhlükəsizliyini təhdid edir:
“Bu addımlar qarşılıqlı etimadsızlığı, silahlanma yarışını və hərbi qarşıdurma riskini artırır. Unutmamalıyıq ki, dünyanın harasında baş verməsindən asılı olmayaraq, hər bir münaqişə bəşəriyyətin gələcəyi və dünya sülhü üçün təhlükədir. Burada həm Şimali Koreyanın güc nümayişi, həm də böyük dövlətlərin regiondakı geosiyasi maraqlarının toqquşması rol oynayır. Qarşı-qarşıya duran dövlətlər və onların müttəfiqləri arasındakı siyasi-hərbi rəqabət gərginliyi dərinləşdirir. Təəssüf ki, diplomatiyanın yerini getdikcə hərbi təhdidlər tutur. Xüsusilə, nüvə silahı ilə hədələmə bütün bəşəriyyət üçün ciddi təhlükədir".
Siyasətçi qeyd edir ki, ilk növbədə BMT-nin vasitəçiliyi ilə ABŞ, Çin, Rusiya, Yaponiya və hər iki Koreyanın iştirakı ilə danışıqlar bərpa olunmalıdır:
“Raket sınaqlarının dayandırılması, qarşılıqlı təhlükəsizlik təminatları, hərbi insidentlərin qarşısını alan birbaşa əlaqə xətləri və nüvə proqramına beynəlxalq nəzarət əsas müzakirə mövzuları olmalıdır. Yoxlanıla bilən razılaşmalar müqabilində mərhələli sanksiya güzəştləri də nəzərdən keçirilə bilər. BMT-nin belə təhlükəli proseslərə təsir imkanlarının zəifliyi ciddi narahatlıq doğurur. Beynəlxalq təşkilatlar yalnız bəyanatlarla kifayətlənməməli, real diplomatik təşəbbüslər göstərməlidirlər. Dünya güc nümayişi meydanı deyil. Heç bir dövlət siyasi narazılığını raketlərlə və hərbi təhdidlərlə ifadə etməməlidir. Onsuz da milyonlarla insan müharibələrin yaratdığı qorxu və qeyri-müəyyənlik içərisində yaşayır. Dövlətlərin əsl gücü silahlarında deyil, sülhü qorumaq bacarığında və insan həyatına verdiyi dəyərdədir. Dünyanı gələcək nəsillər üçün yaşanmaz hala gətirməmək naminə qarşıdurmalara deyil, dialoqa və sülhə üstünlük verilməlidir".
Xədicə İsmayılova