Məhsulların son istifadə tarixi əslində nəyi göstərir?
İnsanlar çox vaxt avtomatik davranırlar: qablaşdırmanın üzərindəki son istifadə tarixi keçibsə, məhsul dərhal zibilliyə atılır.
Mövzu ilə bağlı “İnformator.az” a Zümrüd Hətəmova bildirib ki, təsadüfən, şokolad qutusu gətiriblər, bahalı olub, açıb yedikdən sonra üstünə baxmışıq ki, vaxtı 2 ay əvvəl bitib:
"Şükür ki, bizə heç nə olmadı. Qida israfının qarşısını almaq üçün qidaların vaxtına 2 ay qalmış endirimə qoymaq lazımdır. Amma istehlakçılar 15 gün qalmış məhsulu endirimə qoyurlar, onu da alan olmur. Qorxuram, allergiya xəstəsiyəm, bu mənə pis təsir göstərir".
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında qida eksperti Tutu Zeynalova bildirib ki, qablaşdırma üzərindəki terminologiyaya diqqət yetirmək vacibdir:
“Beynəlxalq standartlarda, o cümlədən FDA və EFSA qaydalarında iki əsas anlayış fərqləndirilir: “Best Before” və “Use By”. “Best Before” (məsləhətli istifadə tarixi) məhsulun təhlükəsizliyindən daha çox keyfiyyəti ilə bağlıdır. Bu tarixdən sonra qidanın dadı, rəngi və ya qoxusunda müəyyən dəyişikliklər ola bilər, lakin qablaşdırma zədələnməyibsə və məhsul düzgün saxlanılıbsa, onu istehlak etmək adətən təhlükəsiz sayılır. Bu kateqoriyaya quru paxlalılar, makaron, konserv məhsulları, şokolad və taxıl məhsulları daxildir. “Use By” (son istehlak tarixi) isə birbaşa qida təhlükəsizliyi ilə əlaqədardır. Ət, balıq, toyuq və bəzi süd məhsulları kimi tez xarab olan qidalarda istifadə olunur. Bu tarix keçdikdən sonra məhsul normal görünsə belə, Listeria və Salmonella kimi təhlükəli bakteriyaların çoxalma riski artır və məhsulun istehlakı tövsiyə edilmir. Qidaların düzgün temperaturda saxlanması onların təhlükəsiz istifadə müddətini əhəmiyyətli dərəcədə uzadır. Dondurucuda (-18°C və daha aşağı) saxlanılan məhsullarda mikroorqanizmlərin fəaliyyəti dayanır. Buna görə də dondurulmuş ət və tərəvəzlər bir müddət sonra keyfiyyətini itirsə də, mikrobioloji baxımdan təhlükəsiz qala bilir. Soyuducuda isə temperaturun +4°C və ya daha aşağı olması bakteriyaların çoxalmasını zəiflədir. Məhsullar hermetik qablarda və düzgün rəflərdə saxlanıldıqda onların istifadə müddəti bir neçə gündən iki həftəyədək uzana bilər. Məsələn, çiy ət alt rəfdə, hazır yeməklər isə üst rəfdə saxlanmalıdır. Yumurta, süd və ət məhsulları daha riskli qida kateqoriyasına aid olduğu üçün xüsusi diqqət tələb edir. Yumurtalar soyuducuda saxlanıldıqda üzərində göstərilən tarixdən sonra belə 3–5 həftə təhlükəsiz qala bilər. Yumurtanın xarab olub-olmadığını yoxlamaq üçün “üzmə testi” tətbiq edilir: yumurta suyun dibinə batıb üfüqi qalırsa təzədir, şaquli dayanırsa köhnəlməyə başlayıb, amma istifadə oluna bilər, suyun üzərinə çıxırsa xarab olub və atılmalıdır. Yumurtaları soyuducunun qapısında deyil, temperaturun daha stabil olduğu orta rəfdə və öz qutusunda saxlamaq tövsiyə olunur”.
Qida ekspertinin sözlərinə görə, süd məhsullarında da saxlanma qaydaları vacibdir:
“UHT (ultra-pasterizə olunmuş) qapalı südlər aylarla qala bilir, lakin adi pasterizə olunmuş süd açıldıqdan sonra 5–7 gün ərzində istifadə edilməlidir. Südün xarab olması qoxusundan, turş dadından və ya qaynayan zaman kəsilməsindən asanlıqla müəyyən edilir. Kəsilmiş süd istehlak edilməməlidir. Bərk pendirlərdə yaranan kif hissəsi kəsilib atıldıqdan sonra qalan hissə istifadə oluna bilər, çünki kif pendirin içinə dərin nüfuz etmir. Çiy ət və toyuq məhsulları soyuducuda ən həssas qidalar hesab olunur. Çiy qiymə və toyuq əti yalnız 1–2 gün, parça qırmızı ət isə 3–5 gün saxlanmalıdır. Bu müddətdə istifadə olunmayacaqsa, mütləq dondurucuya yerləşdirilməlidir. Ətin rənginin bir qədər tündləşməsi hər zaman xarab olma əlaməti deyil, lakin turş və ya ammonyak qoxusu gəlirsə, həmçinin səthində yapışqan və selikli qat yaranıbsa, məhsul dərhal atılmalıdır. Çünki bişirmə bəzi bakteriyaları öldürsə də, onların yaratdığı toksinləri aradan qaldırmaya bilər. Qida israfının qarşısını almaq üçün “Look, Smell, Taste” yəni “Bax, Qoxla, Dadına bax” qaydasından istifadə etmək faydalıdır. Məhsulun qablaşdırması şişməyibsə, üzərində kif yoxdursa və qoxusu normaldırsa, çox vaxt həmin qida hələ də istifadə üçün yararlı olur”.
Selcan Xudiyeva