Məktəblərdə şagirdlər arasında zorakılıq niyə artır?
Son illərdə məktəblərdə şagirdlərin bir-birinə zərər verməsi halları artmaqdadır. Bu zorakılıq həm fiziki, həm də psixoloji formada özünü göstərir və bəzən ciddi nəticələrə səbəb olur. Bu vəziyyət cəmiyyət üçün narahatedici siqnaldır. Problemin kökündə ailə mühiti, sosial şəbəkələrin təsiri, diqqətsizlik və maarifləndirmənin zəif olması kimi amillər dayanır. Məktəblərdə sağlam münasibətlərin qurulması, qarşılıqlı hörmətin aşılanması və vaxtında müdaxilə bu problemin həllində mühüm rol oynayır.
Mövzu ilə bağlı Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli “İnformator.az”a açıqlamasında bildirib ki, məktəblərdə şagirdlər arasında zorakılığın artması təsadüfi məsələ deyil:
“Bu, cəmiyyətin ümumi psixoloji vəziyyətinin məktəbə yansımasıdır. Bu gün uşaqlar əvvəlki dövrlə müqayisədə daha aqressiv informasiya mühitində böyüyürlər. Sosial şəbəkələrdə zorakılığın adi hala çevrilməsi, təhqirin “trend” kimi təqdim olunması, bəzi hallarda ailədaxili münasibətlərdə ünsiyyət çatışmazlığı uşaqların davranışına birbaşa təsir edir. Uşaq evdə əsəbi, diqqətsiz və ya sevgidən uzaq mühit görürsə, məktəbdə bunu davranışı ilə göstərir. Bəzən valideyn elə düşünür ki, övladının yaxşı geyinməsi və dərsə getməsi kifayətdir. Halbuki uşağın psixoloji vəziyyəti ilə maraqlanmaq, onun kimlə ünsiyyət qurduğunu bilmək, emosional dəyişikliklərini hiss etmək daha vacibdir. Digər məsələ odur ki, bəzi məktəblərdə problem yalnız hadisə baş verəndən sonra müzakirə olunur. Halbuki zorakılıq bir anda yaranmır. Ondan əvvəl uşağın davranışında siqnallar olur. Təcrid olunma, aqressiya, kobud danışıq, sinif yoldaşına qarşı alçaldıcı münasibət artıq xəbərdarlıqdır. Təəssüf ki, bəzən bu hallar “uşaqdır da” deyib keçilir və nəticədə daha ciddi problemlər ortaya çıxır. Zorakılığa məruz qalan şagirdə “səbrli ol” demək çıxış yolu deyil. O uşağın ilk növbədə təhlükəsizlik hissi bərpa olunmalıdır. Məktəb psixoloqu, sinif rəhbəri və valideyn birlikdə işləməlidir. Uşaq hiss etməlidir ki, o tək deyil və onu müdafiə edən bir sistem var. Əks halda həmin travma uzun illər uşağın özünəinamına, sosial münasibətlərinə və hətta gələcək həyatına təsir edir. Bəzən bir məktəb zorakılığı uşağın bütün təhsil həyatını dəyişə bilir. Bu cür halların qarşısını almaq üçün məktəblərdə sadəcə qaydaları sərtləşdirmək kifayət etmir. Məktəbdə sağlam psixoloji mühit formalaşdırılmalıdır. Şagirdə empatiya, ünsiyyət mədəniyyəti, emosional idarəetmə öyrədilməlidir. Müəllimlər də bu məsələdə xüsusi hazırlıq keçməlidir. Çünki bəzi hallarda müəllim problemi dərhal hiss edir, bəzi hallarda isə proses gözdən qaçır. Məktəblərdə anonim müraciət mexanizmlərinin yaradılması, psixoloji dəstəyin gücləndirilməsi və valideynlərlə davamlı maarifləndirici görüşlərin keçirilməsi artıq zərurətə çevrilib. Valideynlər isə övladlarını yalnız “dərs oxu” prinsipi ilə böyütməməlidir. Uşağa qarşı hörmətli davranmaq, onu dinləmək, aqressiyanı normallaşdırmamaq vacibdir. Ən böyük yanlışlardan biri də budur ki, bəzi valideynlər övladının kobud davranışını “güclü uşaqdır” kimi təqdim edir. Halbuki qarşı tərəfi alçaltmaq güc deyil, tərbiyə problemidir. Uşaq ilk davranış modelini ailədə görür. Evdə sevgi, anlayış və hörmət görən uşaq məktəbdə də bunu əks etdirməyə çalışır. Bu məsələdə məktəb də, valideyn də, cəmiyyət də məsuliyyəti bir-birinin üzərinə atmamalıdır. Çünki məktəbdə zorakılıq təkcə təhsil problemi deyil, gələcəyin insan münasibətləri problemidir”.
Psixoloq Nabat Mirzəyeva qeyd edib ki, məktəblərdə şagirdlər arasında zorakılığın artması bu gün cəmiyyətin ən həssas problemlərindən biridir:
“Bu halı yalnız davranış problemi kimi qiymətləndirmək düzgün deyil. Burada emosional, ailədaxili və sosial faktorlar mühüm rol oynayır. Aqressiya çox vaxt səbəb yox, nəticə kimi qəbul olunmalıdır. Yəni bir uşağın davamlı aqressiv davranış sərgiləməsi onun daxili dünyasında baş verən problemlərin göstəricisidir. Uşaqlar böyüklər kimi hisslərini idarə etməyi bacarmadıqları üçün daxili gərginliklərini, qəzəblərini və gücsüzlük hisslərini müxtəlif formalarda ifadə edirlər. Bu ifadə formaları bəzən ağlama, qışqırıq, bəzən isə fiziki və ya psixoloji zorakılıq şəklində özünü göstərir. Xüsusilə, uşaqlıq və yeniyetməlik dövründə bu hallar daha qabarıq müşahidə olunur. Məktəblərdə zorakılığın əsas səbəblərindən biri emosional tərbiyənin yetərincə formalaşdırılmamasıdır. Uşaqlar akademik biliklər əldə etsələr də, hisslərini necə idarə etməli olduqları, qarşı tərəfə öz fikirlərini düzgün şəkildə necə çatdırmalı olduqları onlara kifayət qədər öyrədilmir. Halbuki sağlam emosional inkişaf akademik inkişaf qədər vacibdir. Digər mühüm amillərdən biri də ailə mühitidir. Əgər uşaq ailədə aqressiya, diqqətsizlik, alçaldılma və ya emosional soyuqluq görürsə, bu davranışları normal qəbul etməyə başlayır. Uşaqlar gördüklərini mənimsəyir və sonradan eyni davranışları ətraf mühitdə təkrar edirlər. Eyni zamanda, sərhədsiz böyüdülən uşaqlarda empatiya və məsuliyyət hissi zəif inkişaf edir, bu da zorakılığa meyli artırır. Bəzi hallarda isə diqqət çatışmazlığı yaşayan uşaqlar görünmək və diqqət qazanmaq üçün aqressiv davranışlara əl atırlar. Onlar üçün neqativ diqqət belə heç diqqət görməməkdən daha üstün görünür. Müasir dövrdə sosial şəbəkələrin təsiri də danılmazdır. Aqressiv davranışların, zorakılığı normallaşdıran məzmunların geniş yayılması uşaqlarda bu hallara qarşı həssaslığı azaldır. Nəticədə zorakılıq bəzən “güc” və ya “populyarlıq” vasitəsi kimi qəbul edilir. Zorakılığın növlərinə gəldikdə isə, fiziki və psixoloji zorakılıq arasında mühüm fərqlər var. Fiziki zorakılıq bədənə yönələn zərərdir - vurmaq, itələmək, xəsarət yetirmək kimi. Psixoloji zorakılıq isə daha gizli və səssiz olur. Bu, alçaltmaq, lağa qoymaq, qorxutmaq, təcrid etmək kimi davranışlarla özünü göstərir. Görünmədiyi üçün çox vaxt diqqətdən kənarda qalsa da, psixoloji zorakılığın təsiri daha uzunmüddətli və dərin olur. Qeyd etmək lazımdır ki, zorakılığın qarşısını yalnız cəza ilə almaq mümkün deyil. Uşaqlara empatiya, sağlam ünsiyyət bacarıqları və emosional özünüidarəetmə öyrədilməlidir. Çünki qorxu üzərində qurulan nizam müvəqqəti olur, anlayış və psixoloji sağlamlıq üzərində qurulan mühit isə davamlı və sağlam nəticələr verir”.
Cavahir Əsgərbəyli