Müasir dövrdə gənclərdə artan stress və psixoloji gərginlik
Son illərdə gənclər arasında stress, narahatlıq və psixoloji gərginlik halları ciddi şəkildə artmaqdadır.
Mövzu ilə bağlı psixoloq Elnur Rüstəmov “İnformator.az”a bildirib ki, müasir dövrdə gənclərdə stressin artmasının kökündə sosial, texnoloji, iqtisadi və psixoloji amillərin mürəkkəb qarşılıqlı təsiri dayanır:
“İlk növbədə rəqabət mühiti və gözləntilərin çoxalması gənclərdə ciddi təzyiq yaradır. Təhsil sistemində uğur, karyera qurmaq, sosial nüfuz qazanmaq, həmyaşıdlarla müqayisə olunmaq kimi faktorlar gənclərin psixikasını yükləyir. İkinci mühüm amil rəqəmsal həyat tərzinin yaratdığı təzyiqlərdir. Sosial mediada “ideal həyat” obrazlarının təbliği, onlayn tanınma uğrunda yarış, informasiya bolluğu və süni emosional fon real həyatda narazılıq və özünə inamsızlıq yaradır. Üçüncü səbəb isə emosional dəstək sistemlərinin zəifləməsidir. Ailədaxili ünsiyyətin azalması, dost münasibətlərində səthi əlaqələrin artması, empatiya və dinləmə bacarıqlarının zəifləməsi gənclərin stressə qarşı dayanıqlığını azaldır. Bütün bunlarla yanaşı, iqtisadi qeyri-sabitlik, işsizlik qorxusu, gələcək planlaşdırmada qeyri-müəyyənlik və qəbul olunmaq ehtiyacı da psixoloji gərginliyin artmasına səbəb olur. Davamlı stressin ən ciddi fəsadı kognitiv və emosional funksiyalara mənfi təsirdir. Uzunmüddətli gərginlik zamanı diqqət və yaddaş zəifləyir, qərarvermə prosesləri ləngiyir, motivasiya azalır. Bu, birbaşa şəkildə gənclərin akademik göstəricilərini aşağı salır. Stress hormonlarının (xüsusən kortizolun) uzunmüddətli artımı nəticəsində emosional tükənmə və zehni yorğunluq yaranır. Bu vəziyyət də gəncin dərslərə, ictimai fəaliyyətə və şəxsi inkişafına marağını azaldır.
Psixoloji baxımdan gənclərdə özünəinamın aşağı olması, təşviş, yuxu pozuntuları, somatik şikayətlər (baş ağrısı, ürəkdöyünmə və s.), həmçinin sosial təcrid müşahidə olunur. Bu da bir çox hallarda akademik uğursuzluq, təcrid olunma və motivasiya çatışmazlığı ilə nəticələnir. Belə vəziyyətdə gənclər qısa müddətli rahatlıq gətirən, lakin uzunmüddətli zərərli davranışlara, sosial mediaya həddən artıq bağlılıq, nikotin, enerji içkiləri və ya digər vərdişlərə yönələ bilirlər. Stresslə mübarizədə əsas məqsəd onu tam aradan qaldırmaq deyil, idarəetmə və uyğunlaşma bacarığı formalaşdırmaqdır. Bu baxımdan bir neçə effektiv psixoloji yanaşma önə çıxır. Ən vacibi emosional tənzimləmə və özünüdərketmədir. Gənclər hisslərini tanımağı və ifadə etməyi öyrənməlidirlər. Öz emosiyalarını tanıyan fərd onların təsiri altına düşmür, əksinə onu idarə edə bilir. Eləcə də koqnitiv yenidənqurma bu prosesdə mühüm rol oynayır. “Mən bacarmayacam” kimi neqativ düşüncələri “Səylə öyrənirəm və inkişaf edirəm” kimi realist baxışla əvəzləmək gərginliyi azalda bilər. Həmçinin fiziki aktivlik və tənəffüs texnikaları burada mühüm rol oynayır. Mütəmadi idman, gəzinti, yoga və diafraqmatik nəfəs məşqləri stress hormonlarını azaldır və psixoloji balansı bərpa edir. Eləcə də zamanın düzgün idarə olunması diqqətə alınmalıdır. Planlaşdırma bacarıqları stressin əsas qaynaqlarından biri olan “vaxt çatışmazlığı hissini” azaldır. Ən vacib məqamlardan biri sosial dəstək və ünsiyyətdir. Ailə üzvləri, dostlar və cəmiyyətlə açıq ünsiyyət emosional yükü paylaşmağa və problemləri daha real görməyə kömək edir. Rəqəmsal detoksdan istifadə etmək olar. Sosial media istifadəsini məhdudlaşdırmaq, offline fəaliyyətlərə (oxumaq, hobbilərlə məşğul olmaq) üstünlük vermək zehni yüklənməni azaldır. Şübbəsiz ki,peşəkar psixoloji yardım bu prosesdə mühüm rol oynayır. Belə ki, davamlı stress və təşviş hallarında psixoloqa müraciət etmək zəiflik deyil, əksinə, şüurlu və məsuliyyətli davranış nümunəsidir”.
Fatimə Hüseynli
