Masallıda maskalı şəxslər evə basqın ediblər
Hadisə gecə saat 04:00 radələrində rayonun Ərkivan qəsəbəsində baş verib.
Üç nəfər maskalı şəxs qəsəbə sakini, 44 yaşlı İlqar Məmmədovun evinin yataq otağına daxil olaraq, ona və həyat yoldaşı, 36 yaşlı Qərənfil Tofiq qızı Məmmədovaya küt alətlə müxtəlif dərəcəli bədən xəsarətləri yetirməklə onlardan pul tələb ediblər.
Maskalı şəxslər ev sahibəsinin qızıl boyunbağısını, üzüyünü, 2 mobil telefonunu və daha bir neçə qiymətli əşyanı qarət edərək, aradan çıxıblar. Hadisə barədə xəbər tutan qonşular dərhal təcili yardım stansiyasına və polisə məlumat veriblər.
İlqar Məmmədov və həyat yoldaşı Qərənfil Məmmədova Masallı Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar. Reanimasiya şöbəsinə yerləşdirilmiş xəstələrin vəziyyəti hazırda ağır qiymətləndirilir.
Faktla bağlı Masallı Rayon Polis Şöbəsində araşdırmalara başlanıb. Hadisəni törədənlərin yaxalanması istiqamətində zəruri istintaq-axtarış tədbirləri görülürür.
