Mədəniyyət təbliğinin önəmi
Fransanın paytaxtı Parisdə fəaliyyət göstərən Xurşidbanu Natəvan adına həftəsonu Azərbaycan dili məktəbində Yeni il bayramı münasibətilə tədbir təşkil olunub. Bayram proqramı Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra şagirdlər ana dilində şeirlər söyləyib, milli mahnılar ifa edərək Yeni il ovqatını iştirakçılara çatdırıblar.
Mövzu ilə bağlı mədəniyyət eksperti Beynəlxalq “ALAŞ” Ədəbiyyat mükafatı laureatı Əkbər Qoşalı “İnformator.az”a açıqlamasında bildirib ki, təzyiqlərinə qarşı mədəni müqavimət mexanizmi kimi çıxış edir və gələcək nəsillərə “haradan gəldiyini unutma” ismarıcını ötürür:
“Xaricdə fəaliyyət göstərən Azərbaycan dili məktəbləri təkcə tədris məkanları deyil, milli yaddaşın canlı dayaq nöqtələridir. Məsələn, Paris kimi çoxmədəniyyətli bir məkanda fəaliyyət göstərən bu məktəblər uşağın mənəvi kimliyini qoruyan dil qalası rolunu oynayır.
Ana dili burada yalnız ünsiyyət vasitəsi kimi qəbul edilməməli - o, necə deyərlər, tarix, ruh və tale kimi dəyərləndirilməyi haqq edir. Uşaq Azərbaycan dilində düşünməyi öyrəndikcə, öz kökünü, kimliyini, hansı mədəniyyətin daşıyıcısı olduğunu dərk edir. Bu məktəblər assimilyasiyanın səssiz təzyiqlərinə qarşı mədəni müqavimət mexanizmi kimi çıxış edir və gələcək nəsillərə “haradan gəldiyini unutma” ismarıcını ötürür.
Özəlliklə belə məktəblərin Xurşidbanu Natəvan adını daşıması, uşaqlar üçün simvolik və ideoloji baxımdan ayrıca önəm daşıyır - bax, bu ad artıq özü bir mədəni dərsdir”.
Həmçinin o, belə tədbirlər uşaqların ana dilinə və milli dəyərlərə bağlılığını necə gücləndirdiyi sözlərində qeyd edib:
“Bayramlar - özəlliklə də Yeni il kimi ümumbəşəri sevinci olan günlər - uşaqların yaddaşında emosional bağlar yaradır. Uşaq ana dilində şeir dedikdə, Azərbaycan mahnısı oxuduqda, milli obrazlarla - Şaxta Baba, səhnəciklər, bayram ritualları ilə qarşılaşdıqda, dil onun üçün dərsdən ötə, sevincə çevrilir.
Bu cür tədbirlər dilin formal öyrənilməsindən çıxıb, yaşanan dəyərə çevrilməsinə xidmət edir. Uşaq anlayır ki, Azərbaycan dilini yalnız evdə danışılan bir dil sanmır, onu sevincinin, bayramının, alqışının və xatirələrinin dili olaraq qəbul edir. Bu isə milli kimliyin möhkəm sütunu kimi dəyər görməyə layiqdir. Belə tədbirlər “yumşaq güc” diplomatiyasının ən təmiz formasıdır. Bayramlar siyasət aparmır, amma mədəniyyət tanıdır; iddia etmir, amma heyranlıq yaradır. Xarici cəmiyyət Azərbaycanı bu proqramlar vasitəsilə rəsmi sənədlərlə yanaşı, uşaqların səsi, musiqinin ahəngi, dilin gözəlliyi ilə tanıyır.
Bu, Azərbaycan mədəniyyətinin, belə deyək, “özünü izah etmədən izah olunmasıdır”. Bayram və mədəni proqramlar həm diaspor içində birliyi möhkəmləndirir, həm də evsahibi cəmiyyətə Azərbaycanı qədim, zəngin və humanist bir mədəniyyətə malik ölkə kimi tanıdır.
Nəticə etibarilə, bu cür tədbirlər yeni nəslin qəlbində Azərbaycanı uzaq bir ölkə yox, yaxın, doğma kimlik kimi, ruhi-mənəvi güc kimi yaşadır - və bu, milli varlığın güvənli təminatı sayıla bilər”.
Aydan Əsgərxanlı
