Milli futbolumuz niyə inkişaf etmir?
Dünya, özəlliklə də Avropa futbolu qlobal azarkeş kütləsinə malikdir. Əsasən də Avropa futboluna maraq və tələbat günü-gündən artmaqdadır. Uzun illər boyu müxtəlif inkişaf mərhələlərini adlayaraq bugünkü prestijli pilləsinə qalxan Avropa futbolu hətta ölkəmizdə də böyük maraqla izlənilir.
Bəs biz qlobal futbol izləyərkən niyə milli futbolumuzu dünya miqyasında izləyən yoxdur? Niyə inkişaf prossesi ləng gedir?
Bu mövzu barədə Səbail Peşəkar Futbol Klubunun baş məşqçisi Şahin Diniyev İnformator.az-a danışıb: “Futbolçuları yetişdirmək üçün ilk növbədə uşaq futbolundan başlanılır. Uşaq futboluna çox şey lazımdır -Həm səviyyəli məşqçilər, həm infrastruktur lazımdır ki, uşaqlar süni meydançalardan yox, təbii meydançalardan istifadə etsinlər. İlk növbədə “Uşaq liqalarında” çempionatların keçirilməsindən və rəqabətin artmasından başlayır. Sonra isə təməl-təməl gəlir”.
Şahin Diniyev tək problemin “Uşaq futbolu”nda olmadığını deyir: “Lazımdır ki sistem və proqram olsun, o proqramla harasa gedək və yetişdirə bilək”.
Şahin Diniyev kompleks şəkildə yanaşmanın mühüm olduğunu, stratejik plan və hədəfin olmasının da lazım olduğunu deyir. Futbolun bir-birinə zəncirvari bağlı olduğunu və kompleks şəkildə həll edilməsinin zəruriliyini qeyd edir.
