Millimiz İsveçi darmadağın etdi
Futbol üzrə Azərbaycan millisi AVRO-2024-ün seçmə mərhələsində yeddinci oyununu keçirib. Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılan qarşılaşma Azərbaycan millisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Keçirilən oyunla bağlı futbol şərhçisi Ramiz Mirzəzadə İnformator.az-a açıqlamasında öz təəssüratlarını bölüşüb. Şərhçinin sözlərinə görə, Azərbaycan millisi futbol tariximizdə çox önəmli qələbələrdən birini qazandı.
"Geriyə dönüb baxanda bu səviyyəli rəqibi belə hesabla məğlub etdiyimiz oyun demək olar ki, xatırlamıram. Doğma arenadan oyunda hətta 10 nəfər var idi, təxmini 35 dəqiqə mübarizə aparıb 3-cü qolu vuran, özü də necə bir qolu vuraraq qalib gədiyimiz oyun xatırlamıram. Təəsüf ki, bu cür gözəl oyunu biz seçim mərhələsinin sonuna yaxın göstərdik. Xallarımızı 7-yə çatdırdıq, İsveçlə bərabərləşdirdik”.
Ramiz Mirzəzadə qeyd edir ki, son oyun Belçika səfərində baş tutacaq.
"Onlar da doğma meydanda qələbə qazanmaq üçün mübarizə aparacaqlar. Üstəlik biz Bəhlul Mustafazadə və Ramin Şeydayevin xidmətini istifadə edə bilməyəcəyik. Bu mənada millimizin işinin kifayət qədər çətin olacağını indidən söyləmək olar”.
Şərhçinin sözlərinə görə, gələcək böyük turnirlərdəki milli komandamızın yerinin olması üçün yeni sistem və bu futbolçularla daha yaxşı daha ümidverən oyun üslubuna keçməliyik.
"Canni De Byazi ilə seçim mərhələlərinin əvvəlindən etibarən komandamız uğursuz çıxışlarla başladı. Bəlkə də, bəzi qarşılaşmalarda düzgün seçim etmədi. Oyunçu seçimində bir sıra xətalara yol verdi. Heyəti müəyyənləşdirərkən, xüsusilə taktiki gedişlərdəki öz istədiyi ancaq heç cür komandada oturda bilmədiyi sistemdən əl çəkməməyə çalışdı. O da ki biz xeyli uğursuz nəticələrlə yadda qaldıq”.
Müsahib güman edir ki, Canne De Byazi ilə millimizin bundan sonra bir işi olmayacaq.
"Yəqin ki, yeni məşqçi və yeni sistemlə komandamız növbəti seçim mərhələyə və millətlər liqasına hazırlaşacaq. Biz də arzulayırıq, biz də çox böyük həsrətlə gözləyirik ki, komandamız Avropada dünya çempionatı seçim yarışlarında liderlik uğrunda mübarizə aparsın, qrupdan çıxmaq şanslarını son tura saxlasın. O həyəcanı biz də yaşamaq istəyirik”.
Ramiz Mirzəzadə ümid edir ki, Azərbaycan milli komandasında belə uğurlu nəticələrini biz yaxın gələcəkdə görə biləcəyik.
"Mən kifayət qədər optimist düşünürəm, ola bilsin bəzi insanlar bunu qəbul etmir, ancaq mən inanıram ki, bu mütləq olacaq. Çünki hazırda dünya futbolunda biz bir zamanlar zəif təsir bağışlayan komandaların daha yaxşı nəticə göstərməsini görməyə başlamışıq və inanıram ki, bu gözəl reallıq bizim millimizdən də yan keçməyəcək”.
Aynur Babayeva
