00:00:00
Yazar
Zəri Bayramlı
01.04.2026 22:06 25 2 dəq oxuma
Hadisə

Minatəmizləyənlərin ailələrinə dövlət dəstəyi: Prezident təqaüd təsis edib

Minatəmizləyənlərin ailələrinə dövlət dəstəyi: Prezident təqaüd təsis edib

İlham Əliyev martın 31-də imzaladığı fərmana əsasən, minatəmizləmə fəaliyyəti zamanı partlayıcı sursatların işə düşməsi nəticəsində həlak olan və ya aldığı xəsarətdən vəfat edən minatəmizləyənlərin ailə üzvləri üçün xüsusi prezident təqaüdü təsis edib. Qərara görə, bu təqaüdün aylıq məbləği 700 manat müəyyən olunub. Yeni sosial təminat mexanizmi minatəmizləmə sahəsində çalışan şəxslərin ailələrinin rifahının qorunmasına və dövlətin bu sahədə çalışanlara verdiyi dəyərin göstərilməsinə yönəlib.

 

Mövzu ilə bağlı sosioloq Elçin Bayramlı “İnformator.az”a açıqlamasında bildirib ki, Prezidentin imzaladığı fərman mühüm sosial əhəmiyyət daşıyır:

 

“Bu məqam çox həssasdır və dövlət dəstəyi son dərəcə vacibdir. Azərbaycan böyük ərazilərin minalardan təmizlənməsi kimi ciddi problemlə üz-üzədir və bu işlə məşğul olan insanlar həyatlarını riskə atırlar. Mina təmizləyənlər ən təhlükəli peşə sahiblərindən biridir. Ona görə də belə hallarda dövlətin onların ailələrinə dəstək göstərməsi zəruridir. Müəyyən olunan məbləğ ailələrin sosial vəziyyətinə müsbət təsir göstərəcək. 700 manat hazırda orta aylıq gəlirlərə yaxın məbləğdir və bu, həmin ailələr üçün ciddi sosial dəstəkdir. Əlbəttə, bu, itkinin yerini doldura bilməz, lakin dövlət öz sosial siyasətini bu şəkildə göstərir”.

 

Sosioloq əlavə edib ki, bu cür qərarlar həm də riskli peşələrə marağın qorunması baxımından əhəmiyyətlidir:

 

“Əmək haqqının və sosial təminatın yüksək olması, eləcə də sığorta mexanizmləri bu sahəyə marağı artırır. Əks halda, belə təhlükəli işlərdə çalışmaq istəyənlərin sayı azalardı. Qarabağ və Şərqi Zəngəzur bölgələrində geniş ərazilərdə minatəmizləmə işləri aparılır və bu proses uzunmüddətli və risklidir. Arzu edirik ki, belə itkilər baş verməsin. Lakin belə hallar olduqda dövlətin ailələrə dəstək verməsi onun sosial borcunun yerinə yetirilməsidir”.

 

Fatimə Hüseynli

#Prezident #fərman #rifah
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər