Məktəblərdə fond pulu:
Son illər valideynlər arasında ən çox müzakirə olunan mövzulardan biri məktəblərdə “fond pulu”nun yığılmasıdır. Rəsmi olaraq könüllü dəstək kimi təqdim olunsa da, bir çox ailələr bu prosesin təzyiq və məcburiyyətə çevrildiyini iddia edir. Məktəblərin maddi ehtiyacları ilə valideynlərin narazılığı arasında yaranan bu ziddiyyət maarif sistemində şəffaflıq və etimad məsələlərini ön plana çıxarır.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında "Master of Sciance" Təhsil Mərkəzinin direktoru, təhsil eksperti Rizvan Fikrətoğlu bildirib ki, bu mövzu valideynlər, müəllimlər və təhsil ictimaiyyəti arasında ən çox mübahisə doğuran məsələlərdən biridir:
“Səbəb isə çox sadədir. Rəsmi qaydalarla real praktik arasında ciddi uyğunsuzluq var. Fond pulu rəsmi olaraq nədir? Rəsmi mövqeyə görə fond pulu məktəblərdə qətiyyən məcburi deyil. Könüllü yardım kimi qəbul edilə bilər, fond pulu yığılmalıdır deyə bir şey yoxdur. Sadəcə kimsə könüllü ianə etmək istəyirsə, bu başqa məsələdir. Məktəblərin maliyyələşdirilməsi dövlət büdccəsi hesabına təmin olunduğundan valideynlərin pul yığması bu nöqteyi-nəzərdən qanunsuz sayılır. Çox vaxt reallıq rəsmi mövqedən fərqlənir. Valideynlərdə məcburiyyət hissi yaranır. Bir sıra valideynlər bildirir ki, könüllü sözü formal səslənir. Yəni pul verilmədiyi halda uşağa münasibətə təsiri olacağı ilə bağlı dolayı mesajlar verilir. Sinif rəhbərləri, valideyn komitələri bir növ psixoloji təziq yaradır. Məbləğ bəzən konkret rəqəmlərlə deyil, “hamı verir,siz də verməlisiniz” mesajı ilə deyilir. Şəffaflıq yoxdur. Valideynlərin narazılığı odur ki, pulun hara getdiyi bilinmir. Ümumiyyətlə, məktəblərdə fond puluna niyə ehtiyac duyulur? Müəyyən xərcləri ödəmək üçün ehtiyac yaranır. Valideynlər var, imkanı zəifdir. Amma Azərbaycan valideyni istəyir ki, uşağı hər bir halda, digər uşaqların ayrılmasın. Bizim Azərbaycan valideyninin cibində 10 manat da olsa, onu da uşağının təhsilinə xərcləyən valideyndir. Hamının maddi durumu eyni deyil, ona görə də məcburi xarakter alan könüllü yardım sosial gərginlik yarada bilər. Bu da istər-istəməz valideyn-məktəb münasibətlərinin pozulmasına da gətirib çıxara bilər, etimad hissi azala bilər. Valideynlər özlərini narahat və yaxud da borclu hiss edir və bu təhsil sisteminə kölgə salır. Yəni ictimaiyyət arasında “məktəbdə pul yığılır” imici formalaşır. Çıxış yolu odur ki, şəffaf fond sistemi qurulsun. Məktəbdə rəsmi onlayn hesabatlı fond yaradıla bilər. Əgər məktəbin buna ehtiyacı varsa, ianə edə bilər. Komitələrin pul toplama səlahiyyəti ləğv olunmalıdır, fəaliyyət yalnız təşkilati yardım və kommunikasiya funksiyası ilə məhdudlaşdırılmalıdır və nazirliyin şikayət mexanizmləri aktivləşməlidir, valideynlər anonim müraciət edə bilməlidir. Pul yığılması faktı təsdiqlənərsə, məktəb rəhbərliyi bununla bağlı məsuliyyət daşımalıdır. Ümumiyyətlə, fond pulu rəsmi qaydada könüllü dəstək kimi nəzərdə tutulsa da, real həyatda çox vaxt məcburi xarakter alır. Təbii ki, bu da həm valideyn narazılığı, həm də təhsil sisteminə olan etimadın azalması ilə nəticələnir”.
Müsahibimiz həmçinin bildirib ki, məsələnin kökündə həm maliyyələşmə problemləri, həm də şəffaf mexanizmlərin olmaması dayanır:
“Problem yalnız qadağa ilə deyil. Şəffaf və müasir idarəetmə modeli ilə həll oluna bilər. Əgər bu həyata keçirilərsə, müəyyən qədər tədbirlər olarsa, düşünürəm ki, bu sahəyə ciddi nəzarət həyata keçirilə bilər. Dövlət büdcəsi məktəblərin əsas fəaliyyət xərcini qarşılayır, lakin real ehtiyacların hamısını tam ödəməyə çox vaxt kifayət etmir. Çünki normalda deyirlər edirik. Amma bir məktəbə bir pul ayrılırsa, o çox dolayı yoldan gəlib illər sonra çatır. Buna görə də məktəbə əlavə vəsait axtarışına çıxır. Fond pulu burdan da qaynaqlana bilər. Mən demirəm, bütün yığılan qanunsuz fond pulları məktəbə xərclənir. Onlar şəxsi ciblərə axışır. Amma həqiqətən də bir qismi məktəbin xərcinə sərf edilir.
Azərbaycan qanunvericiliyinə xüsusən də təhsil haqqında qanuna maliyyə nəzarəti qaydalarına və Elm Təhsil Nazirliyinin rəsmi mövqeyinə əsasən dəqiq və sistemli müəyyən izahlar vermək olar. Qanunvericiliyə əsasən məktəblərdə ianələrin yığılması çox aydın şəkildə tənzimlənir. Burada əsas prinsip könüllülük, şəffaflıq, rəsmi prosedurdur. Faktiki praktikada tez-tez pozulsa da, hüquqi çərçivə kifayət qədər konkretdir. Amma faktiki, biz bunun pozulduğunu görə bilirik. Nazirlik dəfələrlə bəyan edir ki, məktəblərdə fond pulu, siyahı üzrə pul yığımı, şagird başına məbləğ müəyyən edilməsi tamamilə qanunsuzdur. Valideyn komitələrinin pul toplaması səlahiyyəti yoxdur, ianələr yalnız şəffaf mexanizmi vasitəsilə qəbul oluna bilər”.
Fikrətoğlunun sözlərinə görə, ianə könüllü olmalıdır:
“Heç bir müəllim, direktor və yaxud da valideyn komitəsi şəxsi şəkildə pul tələb edə bilməz. Pul şəxsən müəllimə və yaxud da valideynə verilməməlidir. Yeganə leqal kanal olmalıdır. Məktəbin bank hesabı ola bilər, dəstək və yaxud da məktəb fondu varsa, onların rəsmi hesabına köçürülə bilər. Məktəb hesabat dərc etməlidir. İanələr maliyyə kitabında qeyd olunmalıdır. İlin sonunda məktəb ictimaiyyətə hesabat verməlidir. Hər qəpik belə izah olunmalıdır ki, hara xərcləndi? Ümumiyyətlə, qanunsuz ianələrin toplanması çox sərt tənzimlənir və yalnız rəsmi, könüllü, şəffaf formada icra edilir. Məktəblərdə müəllimlər və yaxud komitələr tərəfindən aparılan qeyri-rəsmi pul yığımı tam şəkildə qanunsuzdur. Bununla da yanaşı inzibati məsuliyyət yaradır. Burada dövlət səviyyəsində alternativlər düşünülməlidir. Yəni məktəblərin maliyyələşməsinə şagird başına vəsait modeli çox önəmlidir. Bu model bir çox ölkələrdə var. Yəni məktəblərdə şagird sayından əlavə büdcə ayrılır. Məktəb öz ehtiyacına uyğun bunu xərcləyir və xərclər tam şəffaf sistemdə görünür. Bu məktəblərin xırda, amma davamlı xərcləri sabit şəkildə qarşılayır”.
O vurğulayıb ki, məktəblərin maddi-texniki bazası üçün qrant müsabiqələr olmalıdır:
“Nazirlik və yaxud dövlət qurumları steam layihələri, kitabxana yenilənməsi, laboratoriya avadanlığı kimi işlər üçün ayrıca, məktəb arasında qrant müsabiqə keçirə bilər. Beynəlxalq təşkilatlardan gələn qrantlar burada çox effektiv ola bilər. Fond dövlət qeydiyyatından keçir, bank hesabı açılır. İanələr yalnız bu hesaba köçürülə bilər. Bələdiyyələrin məktəblərə dəstək olmalıdır. Azərbaycanda bələdiyyələrin fəaliyyəti çox passivdir. Amma məsələn, beynəlxalq təcrübədə bu var. Yəni dünyada bələdiyyələr məktəblərin həyətini abadlaşdırır, uşaq meydançasını qurur, kiçik təmir işləri aparır. Azərbaycanda bu model hüquqi cəhətdən mümkündür. Sadəcə, aktiv deyil. Bələdiyyələr çox passiv fəaliyyət göstərir, tətbiq yoxdur. Müəllimlərin və məktəblərin layihə yazma bacarığı artırıla bilər. Məktəblər çox asanlıqla beynəlxalq fondlara, səfirlik proqramlarına, yerli QHT-lərə kiçik layihələr yaza bilərlər. Ümumiyyətlə, fond pulu probleminin kökündə alternativlərin olmaması deyil, alternativlərin tətbiq edilməməsi dayanır. Məktəblərin ehtiyaclarını qarşılamaq üçün çoxlu qanuni, şəffaf, valideynləri məcbur etməyən yollar var. Dövlət büdcəsinim təkmilləşdirilməsi, rəsmi fond hesablarının olması, sponsorluq, qrantlar, könüllü tədbirlər, layihə əsaslı maliyyələşmələr var ki, belə xırda problemləri aradan qaldıra bilər”.
Banu Məmmədova
