NATO niyə Rusiya və Çini hədəfə alır?
NATO-nun Arktika və Qrenlandiya ilə bağlı siyasəti qlobal güclər arasında rəqabətin yeni mərhələyə keçdiyini göstərir. Alyansın baş katibi Mark Rutte ABŞ Prezidenti Donald Trampın Qrenlandiya ilə bağlı təşəbbüslərini şərh edərkən əsas təhlükəsizlik risklərinin Rusiya və Çinlə bağlı olduğunu vurğulayıb.
Mövzu ilə bağlı politoloq Dmitri Solonnikov “İnformator.az”a açıqlamasında bildirib ki, NATO-nun Arktika gündəmini “yeni təhlükəsizlik çağırışları” kimi təqdim etməsi əslində uzunmüddətli geosiyasi strategiyanın tərkib hissəsidir:
“Mark Ruttenin Rusiyanı əsas təhlükə kimi təqdim etməsi yeni yanaşma deyil. Son bir neçə ildir ki, Qərbi Avropa faktiki olaraq Rusiya ilə mümkün qarşıdurmaya hazırlaşır. Arktika və Qrenlandiya mövzusu siyasətin növbəti mərhələsidir. NATO-nun Qrenlandiya məsələsini ön plana çıxarması Rusiyanın Arktikadakı mövqelərini zəiflətmək cəhdi kimi dəyərləndirilə bilər. Arktika Rusiya üçün strateji əhəmiyyətə malik bölgədir. Burada həm hərbi infrastruktur, həm də enerji və nəqliyyat marşrutları mövcuddur. NATO-nun ‘təhlükəsizlik’ adı altında regionda fəallaşması Moskvanın mövqelərini məhdudlaşdırmağa yönəlib. Mark Ruttenin Rusiyanı “əsas düşmən” kimi təqdim etməsi Qərbin Moskva ilə uzunmüddətli qarşıdurmaya gizlətmədən hazırlaşdığını göstərir. Bu cür ritorika Qərbin Rusiya ilə münasibətləri normallaşdırmaq niyyətində olmadığını ortaya qoyur. Söhbət qısamüddətli gərginlikdən yox, illərlə davam edə biləcək sistemli qarşıdurmadan gedir”.
Ekspertin fikrincə, ABŞ-nin Qrenlandiya üzərindən Arktikaya nəzarəti gücləndirmək cəhdləri Rusiyanı cavab addımları atmağa vadar edə bilər:
“Rusiya Arktikada kifayət qədər geniş əraziyə və imkanlara malikdir. ABŞ-nin bu bölgədə mövqelərini gücləndirməsi Moskvanın həm hərbi, həm də iqtisadi fəaliyyətini sürətləndirməsinə səbəb ola bilər. Bu, təkcə Rusiya üçün deyil, Çin və digər böyük "oyunçular" üçün də narahatlıq doğurur. Çin də Arktikanı enerji resursları və yeni nəqliyyat marşrutları baxımından strateji zona kimi qiymətləndirir. Arktika artıq yalnız regional məsələ deyil. Burada ABŞ, Rusiya, Çin və NATO-nun maraqları toqquşur. Bu qarşıdurma qlobal təhlükəsizlik balansına birbaşa təsir göstərir”.
Fatimə Hüseynli
