00:00:00
Yazar
Admin User
22.01.2026 17:48 73 3 dəq oxuma
Siyasət

NATO Rusiya ilə Çinin Qrenlandiyaya çıxışının qarşısını alacaq

NATO Rusiya ilə Çinin Qrenlandiyaya çıxışının qarşısını alacaq

“Bu, Qrenlandiya və ya Arktika ilə bağlı deyil. Bu bizim özümüzü düşmənlərimizə qarşı necə qoruyacağımızla bağlıdır. Bizim əsas rəqibimiz Rusiyadır. Əlbəttə ki, Çin də hərbi cəhətdən fəaliyyətini artırır, gəlin, saf olmayaq. Amma bizim əsas rəqibimiz Rusiyadır”, - Mark Rutte qeyd edib.

 

Mövzu ilə bağlı siyasi şərhçi Aydın Quliyev "İnformator.az"a açıqlamasında bildirib ki, NATO bu addımları təkbaşına atmır. Tək olsaydı, atılan addımların qarşılığı olmazdı və heç bir gərginlik yaranmazdı.

 

"Rusiya uzun müddətdir NATO-nun əsas rəqibi kimi qiymətləndirilir. Lakin NATO-Rusiya münasibətlərinin mahiyyətini “rəqib” anlayışı tam ifadə etmir, bu münasibətlər daha çox düşmənçilik xarakteri daşıyır. Rusiyaya yanaşma NATO üçün yeni strategiya deyil. Eyni zamanda, mövcud şəraitdə Rusiyanın NATO-ya münasibətdə strategiyasının dəyişməsi mümkündür. Rusiya artıq ABŞ-ni NATO-nun tərkibində birbaşa düşmən kimi görməyə bilər və öz strategiyasını müəyyənləşdirərkən NATO-nu ABŞ-siz təsəvvür edərək ifadə edə bilər. Arktika bölgəsində yaxın illərdə böyük qarşıdurmaların baş verəcəyi real görünür. İlk növbədə, Arktika ilə bağlı beynəlxalq qanunvericiliyin, yenidən işlənməsinə ehtiyac olacaq. Əvvəllər Arktika məsələsində NATO-nun vahid mövqeyi var idisə, bu gün Avropa Birliyinin, ABŞ-nin, Rusiyanın və Çinin burada öz maraqları mövcuddur. Avroatlantik məkanın maraqları Avropa Birliyi və ABŞ timsalında sürətlə iki yerə bölünməkdədir. Buna görə də Arktika ilə bağlı gələcəkdə oyunçuların və iddiaçıların sayı artacaq. Bu da Arktika uğrunda mübarizənin kəskinləşəcəyini deməyə əsas verir. Nəticədə, Arktika ilə bağlı yeni qanunvericilik bazasının yaradılmasına ehtiyac yaranacaq".

 

Müsahib bildirib ki, 1960-cı illərdə Arktika ilə bağlı beynəlxalq müqavilə imzalanıb və müqavilənin, yeni şəraitə uyğunlaşdırılmasına ehtiyac yaranacaq:

 

"Artıq Avropa Birliyi ABŞ-dən fərqli olaraq Arktika ilə bağlı öz təhlükəsizlik strategiyasını hazırlamağa başlayıb və rəsmi şəkildə bəyan edilib. Əvvəllər Avropa və ABŞ-nin Arktikaya yönəlik təhlükəsizlik strategiyası eyni idisə, bu gün Avropa artıq özü üçün Arktikaya yönəlik yeni təhlükəsizlik strategiyası üzərində düşünür. Çinin Arktikada fəallaşması təsadüfi deyil. Çin beynəlxalq miqyasda özünün iddialı iştirakçı kimi mövqeyini gücləndirməkdədir. Latın Amerikası sahillərindəki strateji mövqelərinin müəyyən qədər zəiflədiyi nəzərə alınsa, Çin bu itkini Arktika bölgəsində fəallığını artırmaqla kompensasiya etməyə çalışa bilər. Eyni zamanda, Yaxın Şərqdə davam edən müharibələr fonunda Çinin Qərb yarımkürəsi ilə əsas ticarət yollarının Şimal yolu və Arktika üzərindən keçəcəyi nəzərə alınarsa, Çinin Arktika bölgəsinə marağı və fəaliyyəti artacaq. NATO-nun bölgədəki fəaliyyətinin gərginliyi artırdığı barədə mülahizə düzgün deyil. Çünki NATO bu addımları təkbaşına atmır. Tək olsaydı, atılan addımların qarşılığı olmazdı və heç bir gərginlik yaranmazdı. Rusiyanın, ABŞ-nin, Çinin, Avropa Birliyinin, eləcə də Böyük Britaniyanın atdığı addımlar bu və ya digər dərəcədə Arktikada təhlükəsizliyi risk altına salır. Arktika beynəlxalq qanunvericiliyə görə sülh və əməkdaşlıq məkanı kimi dəyərləndirildiyi halda, bu gün onun uğrunda bir sıra qütblərin və geosiyasi mərkəzlərin açıq mübarizəsi gedir. Bu bölgədə riskləri daha da artırır".

 

Səmayə Səftərova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər